AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Gəncliyin savadlı, dünya görüşlü, vətənpərvər ruhda olması hər bir dövlət üçün vacibdir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdən ibarətdir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərə qayğı göstərir. Azərbaycanın inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Dövlətimizin tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Ordu quruculuğunda da gənclərin rolu əvəzsizdir. Onlar Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə orduda xidmət edir, hərbi sirlərə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.
Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Gənclərin yüksək bilik və savadlı, sağlam ruhlu olması üçün lazımi tədbirləri görən, bu istiqamətdə ilk addımlar atan dahi şəxsiyyət Heydər Əliyev olub. Xalqımız dünəni və sabahı üçün Ulu Öndər Heydər Əliyevə borcludur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Gənclər günündən danışarkən dahi şəxsiyyət Heydər Əliyevin gənclər haqqında nitqlərindən sitatlar gətirməmək, onun ibrətamiz sözlərini xatırlamamaq mümkün deyil.
"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir". Bu ifadələrdən xalqının gənclərinə inanan, onları daima fəal görmək istəyən Ulu Öndərin gənclərə olan diqqət və qayğısı aydın görünür.
Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ümummilli Lider bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi önəm verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edilməsi ilə bağlı konkret göstərişlər verirdi. Ulu Öndər Heydər Əliyev nitqlərinin birində demişdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik". Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verən dahi rəhbərin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməsi idi. O, hər zaman Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırırdı.
Ulu Öndərin prezidentliyi dövründə gənclər onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1997-ci ildən Ulu Öndərin Sərəncamı ilə 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Dövlətin gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən, intellektual səviyyəsi yüksək, geniş dünyagörüşlü yeni gənc nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il "Gənclər ili" elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Gənclər Forumu zamanı Ali Baş Komandanın qeyd etdiyi fikirlər dövlət başçısının gənclərə olan inamını bir daha əks etdirdi: "Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi. Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz".
Bu gün gənclərimizin böyük bir qismi ordu sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir. Onlar təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənir, bir sözlə, torpaqlarımızın müdafiəsi naminə səy və qüvvələrini əsirgəmirlər. Gənclərimizin dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Vətən müharibəsində, ondan əvvəl və sonra olan döyüş əməliyyatlarında Azərbaycan əsgərinin mübarizliyi, cəsarəti, igidliyi onların döyüş meydanında son damla qanına kimi döyüşməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-dək davam edən Vətən müharibəsi oldu. Ordu sıralarında Vətən torpaqlarının azadlığı uğrunda döyüşən mətin gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz ilə yaxın həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu olsun. Azərbaycanın güclü orduya malik olması 44 günlük Vətən müharibəsində bir daha nümayiş edildi. Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdilər, üçrəngli bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırdılar. Vətən müharibəsindən sonrakı dövrdə Ali Baş Komandanın gənclərlə görüşlərinin birində qeyd etdiyi "...Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik" fikri dövlət başçısının gənclərə olan inamının təzahürüdür.
Torpaqlarımızın işğalçılardan azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti müstəqillik dövründə doğulan uşaqlardır. Onlar vətənpərvərlik ruhunda böyüdülər, fədakarlıq, şücaət göstərdilər və tarixi ədalət bərpa olundu. Gənclər mənfur düşmənin saxta mifini heç etdilər. Belə vətənpərvər, igid gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq.
Hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial, iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görülür. Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha təsdiq edir ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.
Bu gün qətiyyətlə deyə bilərik ki, ölkədə gənclər Prezident İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar. Beləliklə, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, onlara arxalanan Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin qayğılarının həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"