Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2026 15:10

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Xocalı soyqırımı - yaddaşlardan silinməyən əsrin faciəsi.

Suallar:

1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.

2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.

3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması.

Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət


Bəşəriyyət tarixinə nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin sayının heyrətamiz dərəcədə az olduğunu görürük. Beynəlxalq Millətlər Təşkilatının statistikasına görə, yalnız XX əsrdə baş vermiş müharibələrdə 100 milyondan artıq insan həlak olub. Elə yaşadığımız XXI əsrin də bircə günü belə savaşsız ötüşməyib. Bu müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları var ki, onlara heç vaxt haqq qazandırmaq mümkün deyil. Ermənistan silahlı qüvvələri və o zaman imperiya (SSRİ) qoşunlarının Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımı aktı ümumən bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunmuşdur. 
Sovet dövrünün son 10 illiyində, ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər çökməkdə olan imperiya mərkəzinin köməyi ilə yenidən Ermənistanda etnik təmizləmə siyasəti aparmaqla özlərinin "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək fikrinə düşmüşdülər. 1988-ci ildə Ermənistan ərazisində yaşayan 300 mindən çox azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün əraziləri etnik təmizləməyə məruz qoyduqdan sonra daha da həvəslənən ermənilər Azərbaycanın keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar. Həmin dövrdə Qafqazın mədəni beşiyi sayılan Qarabağın həyatında ciddi dəyişikliklər müşahidə olunurdu. Artıq burada qatı erməni millətçiləri olan və türklərə - azərbaycanlılara dərin nifrəti ilə fərqlənən bir sıra erməni yazıçı, şair və ziyalılarına yubileylər keçirilir, tez-tez onlarla görüşlər təşkil edilirdi. Bundan başqa erməni daşnakçı "Hnçak" və "Daşnaksütyun" cəmiyyətləri Qarabağda açıq-aşkar anti-Azərbaycan fəaliyyətinə başladı. 1989-cu ildə Ermənistan SSRİ-nin ali sovetinin Qarabağın birləşdirilməsi haqqında qərarı vəziyyəti daha da gərginləşdirdi. Artıq tez-tez silah səsləri eşidilir, öldürülən dinc azərbaycanlı sakinlərin sayı artırdı. Mərkəzi hakimiyyətin zəifliyi, hadisələrə müdaxilə etməməsi bu işin nəticələrini daha da ağırlaşdırırdı. Artıq ermənilər mitinqlərlə, bəyanatlarla kifayətlənmir və silahlı mübarizəyə başlayırdılar. Onları bu işdə ruhlandıran isə Qorbaçov hakimiyyəti (SSRİ) və onun yürütdüyü siyasət idi.
1991-ci ilin 18 oktyabrında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul etməklə 70 illik sovet əsarətinə son qoydu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal dünyanın mütərəqqi ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Baş verənlər əslində imperiya mərkəzi üçün bütün Qafqazın itirilməsi demək idi. Buna yol verməməkdə israrlı olan imperiya mərkəzi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dəstək vermək yolunu tutdu.
Xocalının işğalına gedən yol Tuğ və Səlakətin kəndlərinin işğalından başladı. Azərbaycan Müstəqillik Aktını qəbul etdikdən az müddət sonra bu kəndlər 1991-ci il oktyabrın 30-da, Xocavənd rayonu isə noyabrın 19-da erməni silahlı qüvvələri tərəfindən işğal edildi. 1992-ci il yanvarın 10-da Axullu kəndi və onun ardından fevralın 11-dən 12-nə keçən gecə isə Quşçular və Malıbəyli kəndləri işğal edildi. Bir neçə gün sonra isə (17 fevralda) Qaradağlı kəndi ermənilər tərəfindən zəbt edildi. 1991-ci il hadisələri Qarabağ ətrafında gedən proseslərin mahiyyətini açdı. Azərbaycan Ermənistan tərəfindən gizlədilməyən təcavüz faktı qarşısında qaldı.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Ordusu tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DİN, MTN, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən (ümumi sayı cəmi 2000 nəfərə qədər) ibarət idi. Bu şəraitdə erməni silahlı dəstələrinin şəxsi heyəti sayca azərbaycanlılardan çox olmasa da, havadarları tərəfindən daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdi. Bununla yanaşı, keçmiş imperiyanın (SSRİ) silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının 129 zabit və gizirinin 49-u milliyyətcə erməni idi. Həmin alayın 2-ci taboruna isə milliyyətcə erməni olan mayor Seyran Ohanyan rəhbərlik edirdi.
Artıq 1992-ci ilin fevralında Qarabağda Rusiyanın köməyi ilə silahlandırılmış, təlim keçmiş, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Qarabağda və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri Qarabağda tələsik yeni helikopter meydançaları hazırlayır, Gorus-Xankəndi və Gorus-Hadrut reysləri təşkil edirdilər. Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün Xankəndi ilə Əsgəran arasında yerləşən, azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ermənilər ələ keçirməli idilər.

26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis-Ayrım kəndinin, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalmışdı.
Xocalı Qarabağ hadisələri başlanmazdan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən, Qarabağda yeganə təyyarə meydanı olan bir qəsəbə idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada yeddi minə yaxın insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Faciəli fevral hadisələri ərəfəsində şəhərdə üç mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı şəhərinin avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Xocalıya son dəfə fevralın 13-də hərbi helikopterlə ərzaq və yanacaq gətirildi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi vətənini tərk etmək istəmirdi.
Xocalını aeroportun komendantı, Azərbaycanın Milli Qəhrəmanı, milis kapitanı Əlif Hacıyevin rəhbərliyi ilə sərəncamında olan 1 "Alazan" tipli artilleriya qurğusu, 3 zirehli transportyor, yalnız atıcı silahlarla silahlanmış milli ordunun, Xüsusi Təyinatlı Milis Dəstəsinin və yerli özünümüdafiə dəstəsinin döyüşçülərindən ibarət 160 nəfərlik qüvvə qoruyurdu. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş imperiyanın (SSRİ) 366-cı alayının köməyi ilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüşdülər, qeyri-bərabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər və səhərə qədər gedən döyüşdə onlarla döyüşçümüz qəhrəmancasına həlak oldu. Təəssüf ki, döyüşçülərimizin qanı bahasına şəhərdən çıxmağa müvəffəq olan dinc əhalinin çox az hissəsi xilas ola bildi. Soyuq fevral gecəsində 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salındı. Xocalının mühasirəyə alınaraq mülki əhalinin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin soyqırımı törətdiyini sübut edir. Bu soyqırımı aktı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsi yalnız Azərbaycanı yox, dünyanın bütün ölkələrində bu faciədən xəbər tutan bütün insanları sarsıtmışdı.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəni məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması

Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən başlanılıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra onun təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edilmişdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevralın 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Xocalı faciəsinin qurbanlarını yad edərkən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu hadisəni belə səciyyələndirmişdi: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir".
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətin alması istiqamətində fəaliyyət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində çox ciddi uğurlar əldə olunub.
Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasəti haqqında əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Bu günədək 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib, sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıtmaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Hazırda 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı, insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri törədənlərin davranışını "müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər" kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.
Azərbaycan xalqı nəyin bahasına olursa-olsun, Xocalı qatillərini cəzalandırmaq və işğala son qoymaq məqsədi ətrafında bir yumruq kimi birləşdi. Beynəlxalq təşkilatların, Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən bir sıra dövlətlərin təzyiqlərinə və təhdidlərinə baxmayaraq, “Dəmir yumruq” Qarabağımızda kök salmış şər yuvasının başına endirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Ermənistanın işğalına birdəfəlik son qoydu. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi  antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün işğaldan azad edilən bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.


İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi