AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fərman bəy Alıyev (Firudin bəy Daryal) 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyyəsinin (Laçın rayonu) Təzəkənd kəndində anadan olub. Kiçik yaşlarından cəsarəti və qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib. At minməyə böyük həvəsi olub, atın üstündə müxtəlif akrobatik hərəkətlər etməyi bacarıb.
O, Kazandakı hərbi məktəbdə təhsil alıb.
1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad olunduqdan sonra həmin il sentyabrın 23-də Qarabağ hərəkatı başlayıb. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1-ci Azərbaycan diviziyası daxil idi. Fərman bəy bu döyüşlərə süvari alayının tərkibində qatılıb. Qafqaz İslam Ordusu oktyabrın 4-də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçib, 8 oktyabr 1918-ci ildə Şuşa şəhəri bütünlüklə erməni-daşnak silahlı qüvvələrindən təmizlənib.
1918-ci il noyabrın 18-də "podpraporşik" rütbəsində Gəncə Podpraporşiklər Məktəbini bitirib və hərbi xidmətini davam etdirmək üçün 1-ci Piyada Diviziyasının 3-cü Gəncə piyada alayı komandirinin sərəncamına göndərilib. 1919-cu ilin yanvarında keçirilən baxış yoxlaması zamanı Fərman bəyin xidmət etdiyi süvari alayı göstərdikləri igidliyə görə Hərb nazirinin şəxsi təşəkkürünü alıb. Nazirin 31 mart 1919-cu il tarixli 169 nömrəli əmri ilə növbəti "praporşik" hərbi rütbəsi verilib. 18 noyabr 1919-cu il tarixdə Hərb nazirinin 535 nömrəli əmri ilə 08 noyabr 1919-cu il tarixdən Qarabağ general-qubernatorunun sərəncamına ezam edilib. Nümunəvi hərbi xidmətlərinə görə Nazirlər Şurası sədrinin 21 mart 1920-ci il tarixli və Hərb nazirinin 24 mart 1920-ci il tarixli 167 nömrəli əmri ilə "podporuçik" hərbi rütbəsinə layiq görülüb. Azərbaycan Cümhuriyyət Ordusunun gənc zabiti Fərman bəy Alıyev Sultan bəy Sultanovun başçılıq etdiyi yerli özünümüdafiə dəstələri ilə birgə Zabux dərəsi adlı ərazidə erməni generalı Andranik Ozanyanın ordusunun məhv edilməsi əməliyyatında iştirak edib.
1920-ci ilin martında Qarabağ və Zəngəzurda düşmənin hücum təhlükəsi yenidən artır. Silahlı erməni-daşnak qüvvələri martın 21-dən 22-nə keçən gecə Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil basqın edib, Əsgəran keçidini ələ keçirib və Əsgəran yolunu bağlayıblar. 22 mart tarixindən etibarən Xosrov bəy Sultanovun başçılığı ilə erməni generalı Dronun qoşunlarına qarşı şiddətli döyüşlər baş verib. Əsgəranda başlayan şiddətli döyüşlər aprelin ortalarına qədər davam edib və düşmən qüvvələri bütünlüklə məhv edilib. Fərman bəy həmin döyüşlərdə də şücaət və igidliklə vuruşub.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşeviklərə qarşı 1920-ci ilin mayında baş verən Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyununda Qarabağ üsyanında da iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət Ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək Qaryagin (Füzuli şəhəri) və Cəbrayıl istiqamətində geri çəkilib, Araz çayını keçərək İran ərazisinə daxil olublar.
Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyət Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə gediblər. Onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə azərbaycanlılardan ibarət 1200 nəfərlik birlik Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunub. Fərman bəy Alıyev 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.
Fərman bəy 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə sona çatan Şərq hərəkatında XV süvari alayın komandiri kimi igidliklə vuruşub. Sarıqamışın, Qarsın, İğdırın, Kağızmanın, Gümrünün geri alınması uğrunda döyüşlərə qatılıb və bu döyüşlərdə yaralanıb.
Sağaldıqdan sonra 1922-ci il avqustun 26-dan Türkiyənin qərb bölgəsinin yunanların işğalından azad edilməsi üçün başladılan "Böyük hücum" əməliyyatlarında iştirak edib. 1922-ci il sentyabrın 9-da İzmirə girən ilk süvarilərdən olub.
Qurtuluş savaşından sonra Fərman bəy 1923-cü ildə Türkiyə İstiqlaliyyət savaşında göstərdiyi xidmətlərə görə Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif olunmaqla bərabər, həm də İstanbulda ali hərbi təhsil alıb. Azərbaycan Cümhuriyyət Ordusunda birgə xidmət etdikləri bir neçə zabitlə orduda qalaraq hərbi xidmətlərini davam etdiriblər. Sonralar həmin zabitlərdən Səməd bəy Sayqın “general-leytenant”, Cahangir Berker “general-mayor”, Hüseyn xan Turqut “general-mayor”, Yunis Xəzərli, Məhəmməd Ağpolad, Aslan Berkan, Baba bəy Behbud, Saleh Aksoy, Vəli bəy Yadigar, Osman Kazak “albay” (“polkovnik”) rütbəsinədək yüksəliblər.
O, həmçinin 1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı və 1937-ci ildə "Dersim üsyanı"nın yatırılmasında iştirak edib.
Sonralar ehtiyatda olan bir zabit, Əli Çaxmaq adlı yazıçı Türkiyənin cənub-şərqində baş verən üsyanlar haqqında "Cümhuriyyət" qəzetinin 10 mart 1981-ci il buraxılışında yazdığı məqalədə Fərman bəy Alıyev haqqında xatirələrini yazaraq onun qorxusuz, dəlisov, mərd bir zabit olduğunu və atın üstündə qeyri-adi hərəkətlər etdiyindən bəhs edib.
Mühacirət dövründə sovet təhlükəsizlik orqanlarının təqibindən qorunmaq üçün adını dəyişmək məcburiyyətində qalıb. Ad olaraq əmisi oğlu Firudinin adını seçib. 1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş "Soyad qanunu"ndan sonra özünə "Daryal" soyadını götürüb.
Türkiyə Silahlı Qüvvələrinin tərkibində zabit kimi müxtəlif bölgələrdə hərbi xidmətini davam etdirərək "albay" (“polkovnik”) rütbəsinədək yüksəlib. Xidməti dövründə bölük, tabor, alay komandiri, İzmir və İstanbul şəhərində isə hərbi komendant vəzifəsini icra edib. “General” rütbəsində olmamasına baxmayaraq (Türkiyədə bu vəzifəyə adətən "general" rütbəsində olan hərbçilər təyin olunurdu) 1950-ci illərdə Kağızmanda tuqay (briqada) komandiri olub. 1965-ci ildə təqaüdə çıxıb və İstanbul şəhərində yaşayıb. Burada Azərbaycandan və Şimalı Qafqazdan olan mühacirlərlə sıx əlaqələr quran Fərman bəyin xüsusilə Xosrov bəy Sultanovla daha yaxın əlaqəsi olub. O, həm də Qafqaz dərnəyinin fəaliyyətlərində yaxından iştirak edib.
1936-cı ildə "Qafqaz almanaxı", 1953-cü ildə isə "Qaf dağı" adlı əsərini yazıb.
Fərman bəy 1985-ci ildə dünyasını dəyişib. Cənazəsi xüsusi hərbi mərasimlə Qaracaəhməd məzarlığında dəfn edilib. Ölməmişdən əvvəl başdaşına İstiqlal savaşı qazisi, süvari “albay” olmasını, 1901-ci ildə Şuşa şəhərinin 25 kilometrliyində yerləşən Təzəkənd kəndində anadan olduğunu və "Arkadaş: Başın taclı, altın taxtlı dəxi olsan millətin, Vətənin olmadan bədbəxtsən!" sözlərinin yazılmasını vəsiyyət edib.
İlk dəfə İstanbulda hərbi təhsil alarkən ailə həyatı qurub. Bu nikahdan bir oğlu və bir qızı olub. Qızı Leyya Daryal Şimali Qafqaz mühacirlərindən birinin oğlu ilə ailəli olub, 1985-ci ildə vəfat edib. Oğlu Prof. Dr. Əli Murad Daryal Türkiyədə tanınmış ilahiyyatçı alimdir. Fərman bəy ikinci dəfə 1952-ci ildə ailə qurub. Bu nikahdan övladı olmayıb.
"Azərbaycan Ordusu"