AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəhid baş leytenant Nihat Quluzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun doğum günü münasibətilə Ordubad rayonunun Unus kəndində məzarı ziyarət olunaraq, üzərinə tər güllər düzüldü.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən bir sıra idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər, kənd məktəbinin kollektivi və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Çıxış edənlər şəhidin həyat yolu və döyüş fəaliyyəti barədə ətraflı məlumat verdilər, onun Vətənə sədaqəti, göstərdiyi igidlik və qəhrəmanlıq nümunələri xüsusi vurğulandı.
Bildirildi ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyimizin qorunması və suverenliyimizin tam bərpası uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim uca tutulur, şəhid ailələri və müharibə iştirakçıları dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunan vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
* * *
Şəhid leytenant Zamin Allahverdi oğlu Məmmədovun əziz xatirəsi də dərin hörmət və ehtiramla yad edildi.
Anım tədbiri çərçivəsində şəhidin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xalqımızın qüruru olduğunu vurğuladı. Bildirildi ki, şəhidlərimizin qəhrəmanlığı milli ruhumuzun ən parlaq təcəssümüdür, onlar Vətən sevgisinin, mərdliyin və fədakarlığın rəmzləridir. Gənc nəsil bu qəhrəmanların həyat yolundan nümunə götürməli, Vətənə sədaqət və məsuliyyət hissi ilə xidmət etməlidirlər.
Digər çıxış edənlər də şəhid leytenant Zamin Məmmədovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi igidlikdən və yüksək vətənpərvərlik nümunəsindən söz açdılar. Qeyd olundu ki, Zamin Allahverdi oğlu Məmmədov 5 oktyabr 1985-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub. 1992-ci ildə orta məktəbə daxil olub, 2000-2003-cü illərdə orta təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə başa vurub. Hərb sənətinə böyük maraq göstərən Zamin Məmmədov liseyi bitirdikdən sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil alıb. Ali hərbi təhsilini uğurla başa vurduqdan sonra “leytenant” rütbəsi ilə ordu sıralarında xidmətə başlayıb. Xidmət dövründə cəsarəti, peşəkarlığı və Vətənə sədaqəti ilə seçilib.
2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. Onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaqdır.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi