AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənə xidmət sözlə deyil, əməl ilə ölçülür. Torpaq təhlükə altına düşəndə, xalq ölüm-dirim qarşısında qalanda susmaq yox, ayağa qalxmaq mənəvi borca çevrilir. Tarix göstərir ki, Vətənin taleyinə biganə qalmayan insanlar adlarını zamanın yaddaşına qızıl hərflərlə yazdırırlar. Məhz belə ömür sahiblərindən biri də canını torpağına fəda edən, həyatını xalqının təhlükəsizliyinə qurban verən Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovdur.
Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci ildə Tərtər rayonunun Hüsnəli kəndində anadan olub. Erkən yaşlarında ata qayğısından məhrum qalan Füzuli 1978-ci ildən etibarən Xocalıda yaşayaraq atasının yerini tutan babası Kərim kişinin himayəsində böyüyüb. Ailənin çətin məişət şəraiti onu hələ gənc yaşlarından həyata daha möhkəm bağlanmağa vadar edib.
Orta təhsilini Xocalıda başa vuran Füzuli Rüstəmov əmək fəaliyyətinə əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda başlayıb, daha sonra toxuculuq fabrikində çalışıb. Lakin Qarabağda baş verən hadisələr onun həyat yolunu kökündən dəyişib. Ermənilərin torpaqlarımıza qarşı təcavüzü Füzulinin qəlbində dərin nifrət və müqavimət hissi yaradıb.
1989-cu ilin iyununda silaha sarılaraq bir qrup silahdaşı ilə birlikdə erməni postlarına hücum edib və düşmən qüvvələrini dəf edib. Bu hadisəyə görə ona 4 ay müddətinə həbs cəzası verilib. Lakin bu cəza onun iradəsini qıra bilməyib. 1990-cı ildə planlanan Xocalı aeroportunun partladılması əməliyyatında iştirak etmək üçün yaradılan dörd nəfərlik qrup üzvündən biri də, Füzuli Rüstəmov olub.
Xocalıda özünümüdafiə dəstələrinin formalaşmasında fəal iştirak edən Füzuli əvvəlcə bu dəstələrdə, daha sonra isə hərbi batalyonda xidmətini davam etdirib. Xocalı faciəsi zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunmasında misilsiz fədakarlıq göstərib. Həmin qanlı gecədə üç dəfə Xocalıya daxil olaraq qadınları, uşaqları və yaralıları ölüm təhlükəsindən xilas edib. O, döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin yaralı halda meydandan çıxarılmasında da mühüm rol oynayıb. Lakin sonuncu keçid zamanı düşmən gülləsinə tuş gələn Füzuli Rüstəmov boynundan ağır yara alıb. O, Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə Füzuli Salah oğlu Rüstəmova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Qəhrəman Tərtər rayonunun Hüsnəli kəndində torpağa tapşırılıb.
Füzuli Rüstəmovun ömür yolu bir insanın həyat hekayəsindən daha artıq məna daşıyır. Bu yol Vətən qarşısında məsuliyyətin, xalq qarşısında vicdanının və tarix qarşısında cavabdehliyinin yoludur. O, yaşamaqdan vaz keçmədi, sadəcə yaşamağın mənasını Vətənə xidmət etməkdə gördü. Onun göstərdiyi şücaət gənc nəsil üçün örnək, bir xalq üçün qürur mənbəyidir. Bu gün azadlıqdan danışırıqsa, bunu belə oğulların yarımçıq qalan ömürlərinə borcluyuq. Qəhrəmanlar ölmürlər, onlar xalqın yaddaşında, torpağın nəfəsində, Vətənin sabahında yaşayırlar.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"