Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2026 15:10

Nümunəvi hərbçi, peşəkar idmançı

İdman zalının foyesində üç nəfər hərbi qulluqçunun səmimi söhbəti diqqətimi çəkdi. Onlar nə ucadan danışırdılar, nə də artıq hərəkətlərə yol verirdilər. Hərbçilərin səmimi söhbəti kənardan adama xoş görünürdü. Daşqaldırma yarışının başlanmasına hələ vaxt var idi. Nəzər yetirdiyim idmançılar arasında ortaboylu, dolubədən, bir qədər də sarışın bir hərbi qulluqçu tanış gəlsə də, harada və nə vaxt gördüyümü xatırlamaq istəsəm də, xatırlaya bilmədim. Baş hakim komandaları düzüb yarışa başlamaq üçün təlimata keçdi. Səhərdən xatırlaya bilmədiyim idmançı ən yüksək çəki dərəcəsində təmsil olunurdu. Tək əllə birdən qaldırmada öz çəki dərəcəsi üzrə ən yüksək göstəricisi ilə yadda qalan bu idmançı ekranlarda gördüyüm, Azərbaycanı dünya çempionatlarında təmsil edən Sahib Nəsibov idi.
Gizir Sahib Nəsibovla yarış zamanı görüşüb söhbət etdim. İlk görünüşdən apardığım müşahidəmdə yanılmadığıma əmin oldum. İdmançının yoldaşları ilə tez-tez səmimi söhbətləri olurdu. Onlar müəllimin tövsiyələrini dinləmək istəyirdilər. Sahib də bildiklərini və bacardıqlarını silahdaşlarına öyrətməyi özünə borc bilirdi.
Sahib Cəmil oğlu Nəsibov Beyləqan rayonunda anadan olub. Orta məktəbi də burada oxuyub. Sonra Ağcabədi Pedaqoji Texnikumunu "Bədən tərbiyəsi və fiziki hazırlıq müəllimi" ixtisası üzrə bitirib. Uzun müddət Beyləqan şəhərində karate üzrə məşqçi-müəllim işləyib. Karate Federasiyasının üzvüdür. Sahib həm də Alpaqut döyüş sənəti (Ayça) üzrə Azərbaycan çempionu olub. 2023-cü il dekabrın 1-dən 4-dək Türkiyənin Bursa şəhərində 41-45 yaşlılar arasında 85+ kq çəki dərəcəsində keçirilən IV dünya çempionatında, eləcə də 2024-cü il dekabrın 5-dən 8-dək Gürcüstanın Kutaisi şəhərində keçirilən dünya çempionatında öz çəki dərəcəsində qalib olub. Ötən ilin iyul ayında Türkiyənin Bursa şəhərində keçirilən Alpaqut idman növü üzrə dünya kubokunda Azərbaycan təmsilçisi Sahib Nəsibov yenidən qalib adını qazanıb.
İdman sahəsində yüksək nailiyyətləri ilə seçilən Sahib Nəsibovu dövlət başçısı İlham Əliyev qəbul edib və onun fəaliyyətini layiqincə qiymətləndirib. Müdafiə Nazirliyinin rəhbərliyi də gizir Sahib Nəsibovun yarışlarda qazandığı nəticələrə görə onu mükafatlandırıb. Onun hərbi xidmət zamanı tabeliyində olan hərbi qulluqçuları idmanın müxtəlif növləri üzrə hazırlaması peşəkarlığının və öz işinə olan sonsuz sevgisinin nümunəsidir.
2018-ci ildə idman sahəsində yüksək nailiyyətlərinə görə Sahib Nəsibov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Əməkdar məşqçi" fəxri adına layiq görülüb. Sahib əvvəlcə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, 2018-ci ildən isə gizir kimi hərbi xidmətini davam etdirir. İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi xidmətlərə görə Sahib Nəsibov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Gizir Sahib Nəsibov deyir ki, hərbi xidmətə gec başlasa da, ordu sıralarında yetərincə güclü idmançılar var. Onlarla çalışmaq olduqca rahat və maraqlıdır. İdmançı hərbi qulluqçularla həm təlim meydanında, həm də idman zallarında, demək olar ki, hər gün qarşılaşıram. Onların idmana göstərdiyi böyük maraq məndə məşq etməyə həvəs yaradır.
Söz yox ki, bu cür peşəkar idmançı-müəllimin nəzarəti və təlimi altında güclü əsgərlərin olacağı şübhəsizdir. Yiyələndiyi idman növünün texniki imkanlarını dərindən mənimsəyən və yüksək fiziki gücə malik olan idmançı mütləq uğur qazanacaqdır. Biz də gizir Sahib Nəsibova həm hərbi xidmətində, həm də idman sahəsində daha böyük uğurlar qazanmağını arzulayırıq.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"