Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2026 15:10

Güclü ordu qələbənin və sülhün təminatçısıdır

"Ordum varsa, yurdum var" - bu deyim zamanın bütün sınaqlarında öz təsdiqini tapıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ordumuz yeni yaranmaqda idi. Azərbaycanın ərazi bütövlüyünə qarşı erməni təcavüzü günbəgün genişlənirdi. Ermənistanın məqsədi və niyyəti Azərbaycanın torpaqları sayəsində öz ərazilərini genişləndirmək idi. Bunun üçün düşmən bütün mövcud imkanlardan yararlanmaq istəyirdi. O zaman düşmən həm hərbi, həm də diplomatik baxımdan daha güclü görünürdü. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn erməni təcavüzü müharibə müstəvisində idi.
O zaman Azərbaycan Ordusu yeni yaranırdı. Peşəkar zabit çatışmazlığı vardı. Hərbi hissələr, birlik və birləşmələrin daha çoxu qeyri-peşəkar hərbçilərdən formalaşırdı. Belə bir şəraitdə ordunun döyüş qabiliyyəti də aşağı olacaqdı. Səriştəsiz, təsadüfi adamların dövlət rəhbərliyində təmsil olunması Azərbaycan-Ermənistan sərhədində baş verənlərə təsirsiz ötüşmürdü. Erməni silahlı dəstələri getdikcə artır və azərbaycanlıların yaşadıqları kəndlərə silahlı basqılar edirdi. Özünümüdafiə dəstələri əksər hallarda düşmən hücumlarının qarşısını alsa da, bəzi hallarda bu mümkün olmurdu. Xalqda o zamankı hakimiyyətə qarşı inamsızlıq formalaşırdı. Xalq istəyirdi ki, düşdüyü bu acınacaqlı vəziyyətdən xilas edə biləcək lideri hakimiyyətə gətirsin. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bundan sonra Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində, həmçinin ölkə daxilində baş qaldırmış hərc-mərcliyin qarşısını almaq məqsədilə qəti tədbirlər görüldü. Dahi Lider Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əsaslı islahatlar həyata keçirildi və həmin islahatların nəticəsində müasir Azərbaycan Ordusu formalaşdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Ordusunu güclü və yüksək döyüş hazırlığına gətirmək üçün bir sıra addımlar atdı. Müntəzəm keçirilən genişmiqyaslı döyüş atışlı təlimlər, ordu mənsublarının məişət şəraitinin yaxşılaşdırılması və müxtəlif qoşun növlərinin ən yeni silahlarla təchiz edilməsi dövlət başçısının orduya ayrılan diqqət və qayğısının nümunəsidir.
Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş erməni işğalı otuz ilə yaxın davam etsə də, nə xalqımız, nə də dövlətimiz bu işğalla heç zaman barışmadı. 1994-cü il mayın 12-də tərəflər arasında cəbhə xəttində uzunmüddətli atəşkəs razılığı əldə olunsa da, müharibənin hər an başlanması gözlənilən idi. Müharibə insan itkisi olmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına vurulan ciddi zərbədir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün Ermənistan rəhbərliyindən əsassız işğaldan əl çəkməsini tələb etsə də, qarşı tərəf buna məhəl qoymadı və əksinə, yeni əraziləri işğal etmək arzusuna düşdü.
2020-ci ilin yayında baş verən Tovuz döyüşləri bir daha göstərdi ki, Ermənistan münaqişəni sülh yolu ilə həll etmək arzusunda deyil. O, əsl mahiyyətini ortaya qoyaraq atəşkəsi pozdu və mövqelərimizə doğru hücuma keçdi. Azərbaycan Ordusunun təmas xəttində yerləşən bölmələri isə həmişə olduğu kimi sayıqlığını əldən vermədi. Hücum edən düşməni yerindəcə susdurdu və onu böyük itkilərlə geri çəkilməyə vadar etdi.
Həmin il sentyabrın 27-də düşmən cəbhənin müxtəlif istiqamətlərində yenidən fəallaşdı. Dövlətimizin başçısı düşmənin bu niyyətini qiymətləndirdi və Azərbaycan Ordusuna əks-hücum əmrini verdi. Ölkədə qismən səfərbərlik elan edildi. Cəmi 44 gün davam edən müharibə Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Azərbaycan əsgərinin döyüş ruhu ən qısa zamanda böyük ərazilərin azad edilməsinə kökləndi. Düşmənin keçilməz saydığı "Ohanyan" səddini aşdı. Şuşanın sıldırım qayalarına dırmaşaraq şəhərə daxil oldu. Düşməni daha böyük, daha ağır itkilərə düçar edərək təslim olmağa məcbur etdi.
Dövlət başçısı dəfələrlə mətbuata açıqlamalarında qeyd edib ki, biz sülh istəyirik, lakin bu Zəfərə arxayın olub oturmamalıyıq. Ordumuzun döyüş hazırlığı həmişə yüksək olmalıdır. İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub olmasına baxmayaraq hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahla dəstələri müəyyən  ərazilərimizdə qalırdı. Lakin 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı nəticəsində həmin dəstələr məhv edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Prezident İlham Əliyev qeyd edib ki, regionumuzda Azərbaycanın iştirakı ilə bir çox həyəcanlı proseslər baş verib. Diplomatik olaraq bildirmək istəyirəm ki, onlar Ermənistanla bağlı deyil və biz bütün bu ağır sınaqlardan layiqincə, vicdanla və ləyaqətlə çıxmışıq; kompromisə getmədən öz mövqeyimizi müdafiə etmişik. Hamıya sübut etdik ki, bizə hörmətlə yanaşmaq lazımdır və biz kobudluğa, həyasızlığa və diktə cəhdlərinə dözməyəcəyik. Bunun üçün döyüş qabiliyyəti olan orduya malik olmaq lazımdır. Mən Yeni il müraciətimdə bildirdim ki, biz müharibəyə hazırlaşmırıq və bu, həqiqətən də belədir. Hesab edirəm və ümidvaram ki, müharibələr arxada qalıb, amma heç kim zəmanət verə bilməz - dünyada hadisələrin necə dəyişdiyini görürük.
İkinci Qarabağ müharibəsində qazanılan Zəfər 30 ilə yaxın dövrdə həm diplomatik, həm də hərb sahəsində görülən işlərin nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Ən yaxşısı sülhdür. Amma sülh olması üçün güclü olmalısan; beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".
Bu gün Azərbaycan Ordusu döyüş qabiliyyətini daim artırmaqla, dövlətimizi hər cür baş verə biləcək təhlükələrdən qorumağa qadirdir. Güclü ordu qələbənin və sülhün təminatçısıdır.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"