AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dünya hərb tarixi yalnız strategiyalar və silahlar üzərində qurulmayıb; bu tarix, eyni zamanda, orduların təbiətin amansız qüvvələrinə qarşı apardığı çətin mübarizənin salnaməsidir. Tarixin müxtəlif mərhələlərində məhz iqlim amili, xüsusilə qış fəsli, ən güclü hesab edilən orduların belə taleyini dəyişib, müharibələrin nəticəsini öncədən müəyyənləşdirib. Hərbi dərsliklərdə qış döyüşləri ən çətin və proqnozlaşdırılması qeyri-mümkün əməliyyatlar sırasında göstərilir. Strateqlər üçün qış bəzən amansız düşmənə, bəzən isə düzgün istifadə edildikdə həlledici müttəfiqə çevrilir. Tarix sübut edir ki, bu fəsil saysız-hesabsız məğlubedilməz ordunu diz çökdürüb, imperiyaların süqutunu sürətləndirib.
İkinci Qarabağ müharibəsi: Sərt hava şəraitində müasir döyüş modeli
27 sentyabrda başlayan və noyabrın ilk günlərinə qədər davam edən İkinci Qarabağ müharibəsi hərb tarixinə "yeni nəsil müharibə" kimi düşüb. Müharibənin xüsusilə son mərhələsi - oktyabrın sonu və noyabrın əvvəli - sərt relyef və soyuq hava şəraitində aparılan əməliyyatların ən müasir nümunələrindən biri olub. Bu baxımdan Şuşa əməliyyatı xüsusilə diqqət çəkir. Noyabrın əvvəlində Şuşa istiqamətində hava kəskin soyumuş, dumanlı və yağıntılı şərait hökm sürmüşdü.
Bu vəziyyət "Bayraktar TB2" kimi yüksək texnologiyalı vasitələrin tətbiqini məhdudlaşdırsa da, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri mövcud şəraiti üstünlüyə çevirməyi bacarıb. Ağır texnikanın hərəkət edə bilmədiyi dumanlı dağ yollarında Azərbaycan əsgərləri yüngül silahlarla, əsasən fiziki güc və dözümlülüyə arxalanaraq sıldırım qayaları aşıb, düşmən tərəf isə duman səbəbindən hücumun istiqamətini müəyyənləşdirə bilməyib. Əlbəttə ki, bu müharibədə digər mühüm amil psixoloji üstünlük idi. Otuz il ərzində dağlıq relyefdə mühəndis-istehkam qurğuları yaradan Ermənistan ordusu soyuq noyabr gecələrində meşələrdən sızan Azərbaycan əsgərinin yaxın təmas döyüşünə hazır deyildi. Bu fakt bir daha göstərir ki, texnologiyanın imkanları tükəndikdə insan iradəsi və fiziki hazırlıq həlledici rol oynayır.
Qış fəsli müharibələrinin əsas xüsusiyyətləri
Qış fəslində aparılan müharibələr adi döyüşlərdən köklü şəkildə fərqlənir. Bu fərqlər həm taktiki, həm də bioloji amillərlə bağlıdır. Əvvəla, bu fəsildə logistik çətinliklər ciddi problemə çevrilir. Donmuş yollar, qarla örtülmüş cığırlar təchizat zəncirini iflic edir, yanacaq sərfi kəskin artır, texnikanın donması isə hərəkətliliyi minimuma endirir. İkincisi, bu fəsildə insan amili ön plana çıxır. Hipotermiya və donma bəzən güllələrdən daha çox itkiyə səbəb olur. Ekstremal soyuq hava şəraitində əsgərlərin mənəvi-psixoloji durumu sürətlə pisləşir. Görünüş məsafəsi kəskin şəkildə azalır. Qar fırtınaları və duman aviasiya və artilleriya bölmələrinin dəqiqliyini zəiflədir, döyüş meydanında qeyri-müəyyənliyi artırır.
Tarixdə qış fəslinin həlledici rol oynadığı müharibələr
Hərb tarixi qış fəslinin müharibələrin taleyini dəyişdiyi çoxsaylı nümunələrlə zəngindir. 1812-ci ildə Napoleon Bonapartın (Fransa imperatoru) Rusiyaya yürüşü dünya tarixinin ən məşhur qış fəlakətlərindən biri hesab olunur. 600 minlik "Böyük Ordu" qələbəyə əmin şəkildə Rusiyaya daxil olsa da, "yandırılmış torpaq" taktikası və amansız "Rusiya qışı" bu ordunu məhv etdi. Nəticədə fransız qoşunları geri çəkilərkən on minlərlə əsgər acından və soyuqdan həlak oldu. Bu hadisə Napoleon imperiyasının süqutunun başlanğıcı sayılır.
1939-1940-cı illərdə baş verən Finlandiya-SSRİ Qış müharibəsi isə qış hərbi taktikasının zirvəsi kimi qiymətləndirilir. Kiçik Finlandiya ordusu xizəklərdən istifadə edərək "Motti" taktikası ilə meşələrdə hərəkətsiz qalan sovet tanklarını sıradan çıxardı. Bu müharibə texnoloji üstünlüyün yerli coğrafiya və iqlimə uyğunlaşma qabiliyyəti qarşısında aciz qala biləcəyini nümayiş etdirdi.
1942-1943-cü illərdə Stalinqrad döyüşü İkinci Dünya müharibəsinin dönüş nöqtəsinə çevrildi. Almaniyanın 6-cı ordusu -30 oC şaxtada, yay forması ilə mühasirəyə düşdü. Logistikanın kəsilməsi və texnikanın soyuğa davam gətirməməsi Hitlerin ən böyük məğlubiyyətlərindən biri ilə nəticələndi.
1944-1945-ci illərdə keçirilən Bulge (Arden) əməliyyatı isə Almaniyanın Qərb cəbhəsindəki son böyük hücumu oldu. Çox sərt qış şəraitində baş verən bu döyüşlərdə müttəfiq qoşunları həm düşmənlə, həm də kəskin soyuqla eyni anda mübarizə aparmalı oldular.
Qış döyüşləri həm ciddi risklər, həm də strateji imkanlar yaradır. Donmuş təchizat yolları və texnikanın sıradan çıxması mənfi tərəfdirsə, eyni zamanda, donmuş çay və göllər ağır texnika üçün təbii keçidlərə çevrilə bilir. Qar səsi udduğu üçün gizli və səssiz yaxınlaşma asanlaşır. Soyuğa öyrəşmiş yerli ordular isə iqlimə uyğunlaşmamış işğalçı qüvvələr üzərində psixoloji üstünlük əldə edir.
Qış şəraitində müharibə aparmaq təkcə cəsarət deyil, həm də ciddi elmi və peşəkar hazırlıq tələb edir. Məntiqi olaraq, soyuq iqlim döyüş əməliyyatlarının taktiki planlaşdırılmasına, logistikasına və insan resurslarının idarə olunmasına dərindən təsir göstərir. Soyuq hava şəraitinin silah sistemlərinin performansına, yanacaq və texnikanın işinə, eləcə də döyüşçü sağlamlığına olan təsirləri nəzərə alınmalıdır. Məsələn, -30 oC və ondan aşağı temperaturda texniki cihazların ömrü azalır, metal komponentlər kövrək hala gəlir, silah mexanizmləri donaraq fəaliyyətini məhdudlaşdıra bilər - bu, həm qış əməliyyatlarını planlayan, həm də onların effektivliyini təmin edən komandanlıqlar üçün mühüm problemlərdir.
Tarix dəfələrlə sübut edib ki, təbiət amilini nəzərə almayan hərbi planlar uğursuzluğa məhkumdur. Məşhur Stalinqrad döyüşündə Alman ordusunun soyuq qışda logistikasının pozulması və resurs çatışmazlığı onun strategiyasını çökdürdü, bu da İkinci Dünya müharibəsinin gedişatına ciddi təsir göstərdi. Qış əməliyyatları zamanı hər iki tərəf üçün logistika və döyüşçü hazırlığı ön plana çıxır; amansız hava şəraiti və -30 oC civarındakı temperaturlar şəxsi heyətin dözümlülüyünü, qida və yanacaq təminatını ciddi şəkildə sınayır.
Müasir dövrdə də ekstremal iqlim şəraiti ordular üçün ciddi sınaq olaraq qalır. Termal geyimlər, yüksək texnologiyalarla təchiz olunmuş xüsusi geyim vasitələri və qabaqcıl logistika sistemləri soyuğun təsirini müəyyən qədər azaltsa da, qış müharibələri müasir ordular üçün xüsusi təlim və hazırlıq səyləri tələb edir. Bu baxımdan Azərbaycan Ordusunda son illər həyata keçirilən islahatlar və modernləşmə prosesi qış və dağlıq relyef şəraitində döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirildiyini göstərir. Əldə olunan döyüş təcrübəsi, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı formalaşan praktiki biliklər bu istiqamətdə mühüm dönüş nöqtəsi olub. Hər kəsə bəllidir ki, Azərbaycan Ordusunda şəxsi heyətin iqlimə uyğunlaşdırılması məqsədilə xüsusi hazırlıq proqramları tətbiq edilir. Dağlıq və soyuq ərazilərdə xidmət edən bölmələr üçün fiziki dözümlülüyü artıran təlimlər sistemli şəkildə həyata keçirilir. Bu hazırlıq yalnız fiziki deyil, psixoloji davamlılığın gücləndirilməsini də hədəfləyir.
Müasir dövrdə hərbi strateqlərə və təlimatçılara bəllidir ki, qış şəraitində müharibə yalnız silah-texnika üstünlüyünə deyil, həm də çətin iqlimlə döyüşən ordunun hazırlıq səviyyəsinə, logistika dayanıqlığına, psixoloji və fiziki dözümlülüyə əsaslanır. Belə ki, ekstremal iqlim amili nəinki döyüş planlarını dəyişir, həm də taktiki strukturları yenidən formalaşdırır - qar və buzun verdiyi maneələr, əslində, strategiya qurucuları üçün yeni imkanlar da yaradır. Qış müharibələri hələ də müasir döyüş sənətinin ayrılmaz hissəsi olaraq qalır. Bu şərait yalnız cəsarət deyil, dərin elmi-texniki hazırlıq, təcrübə və adaptasiya qabiliyyəti tələb edir. Buna görə də ordular yalnız silah və texnika ilə deyil, həm də iqlimə uyğunlaşma bilikləri ilə rəqabət aparmalıdırlar. Təbiət nəzərə alınmırsa, hərbi plan uğursuzluğa məhkumdur - bu isə həm tarixdən, həm də bu günün təcrübəsindən aydın şəkildə görünür.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"