Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Yanvar 2026 15:10

Azərbaycan Ordusu - suverenliyimizin, ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin keşiyində

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, milli maraqlara əsaslanan daxili və xarici siyasət nəticəsində ölkəmiz regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan aparıcı dövlətlərdən birinə çevrilib. Dövlətimizin başçısının rəhbərliyi ilə formalaşan bu siyasi xətt Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə, ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına və regionda sabitlik faktoruna çevrilməsinə şərait yaradıb. Bu gün Azərbaycan beynəlxalq təşkilatlarda qlobal təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərində öz prinsipial mövqeyini nümayiş etdirir.
Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun olaraq modernləşdirilməsi dövlət siyasətinin əsas prioritet məsələlərindən biri kimi müəyyən edilib. Ordu quruculuğu sahəsində həyata keçirilən irimiqyaslı islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsinə və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasına istiqamətləndirilib. Həyata keçirilən məqsədyönlü və planlı tədbirlər nəticəsində ordumuz nəinki regionun, həm də dünyanın ən güclü və müasir orduları sırasında öncül pillələrdə qərarlaşıb.
Birmənalı olaraq hər birimizə məlumdur ki, güclü ordu güclü dövlətin əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir". Ali Baş Komandanın bu fikirləri güc faktorunun həlledici rolunu açıq şəkildə göstərir və ölkəmizin müdafiə strategiyasının mahiyyətini özündə əks etdirir.
2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı Azərbaycan dövlətinin və ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini və Ali Baş Komandanın qətiyyətli liderliyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə nəticəsində illərdir düşmən işğalı altında qalmış torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə Qarabağ iqtisadi rayonunda 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı işğalın və separatizmin sonu oldu. Qazanılan zəfərlər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının bariz nümunəsi kimi tarixə yazıldı. 
Bu gün üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş, xalqımızın etimadını qazanmış Azərbaycan Ordusunun inkişafı yeni mərhələyə qədəm qoyub. Döyüş əməliyyatları zamanı qazanılan təcrübələr nəzərə alınmaqla, ordumuzda yeni hərbi yanaşmalar tətbiq olunmağa başlanıb. Azərbaycan Ordusunun arsenalına daxil edilən müasir silah və texnikalar, pilotsuz uçuş aparatları, yüksəkdəqiqlikli artilleriya qurğuları və digər texnoloji yeniliklər nəticəsində ordumuzun döyüş imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Hərbi qulluqçularımızın nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif miqyaslı və təyinatlı təlimlər keçirilir. Təsdiq olunmuş plana uyğun olaraq, hərbi qulluqçularımız həm ölkəmizdə, həm də xaricdə keçirilən təlim-məşq toplanışlarında iştirak edir, öz vərdişlərini daha da artırırlar. Real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən təlimlər isə şəxsi heyətin nəzəri biliklərinin təcrübi tətbiq olunduğu əsas mərhələdir. Başqa sözlə, təlimlər hərbi qulluqçuların onlara təhkim olunan silah və texnikadan istifadə bacarıqlarını təkmilləşdirən zəruri prosesdir.
Hərbi qulluqçularımız, eyni zamanda, ölkə hüdudlarından kənarda keçirilən beynəlxalq təlimlərdə fəal iştirak edirlər. Müxtəlif ölkələrin silahlı qüvvələri ilə keçirilən birgə təlimlər qabaqcıl təcrübənin mənimsənilməsinə, müasir döyüş üsullarının öyrənilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına şərait yaradır.
Bu günlərdə 2026-cı il üçün hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsinin şəxsi heyəti ilə keçirilən taktiki təlimi izlədik. "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşdilər. Döyüş texnikaları döyüş tətbiqinə hazırlandı. Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirildi, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənildi.
Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmişdi. Bölmələr qarşıya qoyulan tapşırıqları uğurla icra etdilər. Bu cür təlimlər Azərbaycan Ordusunun istənilən şəraitdə verilən tapşırıqları yerinə yetirməyə qadir olduğunu bir daha təsdiq edir.

Elçin İMANOV

"Azərbaycan Ordusu"