AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Modern dövrdə savaş yalnız döyüş meydanında deyil, informasiya məkanında da aparılır. Daim yenilənən və innovativ təkamül dövrü yaşayan dünyamızın son illərinə nəzər salsaq görərik ki, informasiya müharibəsi (qarşıdurması) getdikcə daha təsiredici və təhlükəli bir hal almağa başlayır. İnformasiya müharibəsinin (qarşıdurmasının) beynəlxalq səviyyədə konkret tərifinin olmaması və onunla bağlı vahid sistemin qurulmamasına baxmayaraq, dünya miqyasında ciddi təhdid vasitəsi kimi xarakterizə olunur. Dünyanın aparıcı güc sahibi ölkələri tərəfindən araşdırılan və yeni üsul-vasitələrinin öyrənildiyi informasiya müharibəsi məfhumu bu gün fiziki, hərbi, siyasi və iqtisadi güc və təzyiqdən də üstün sayılır. Böhran dövründə olmaqla yanaşı, pre və ya post-konflikt zamanı da əsas silahlardan biri sayılan informasiya texnologiyaları müasir qlobal həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Əvvəlcə informasiya müharibəsinin (qarşıdurmasının) nə olduğunu anlamağa çalışaq. İnformasiya müharibəsi - iki və ya daha çox ədavətli və ya bir-birini xoşlamayan qüvvələrin informasiya məkanında (məlumatın yaradıldığı, yayıldığı, ötürüldüyü, qəbul edildiyi mühit və ya platforma) qarşı tərəfi üstələməsi məqsədi ilə həyata keçirdiyi planlı və məqsədyönlü fəaliyyətlər toplusudur. İnformasiya müharibəsinin aparılmasının müxtəlif məqsədləri ola bilər: qarşı tərəfin mövqeyini zəiflətmək, daxili və beynəlxalq ictimai rəyə təsir etmək, öz maraqlarını düzgün kimi təqdim etmək, qarşı tərəfin təbliğatını uğursuzluğa məruz qoymaq və s. Məlumdur ki, informasiya texnologiyalarının və kommunikasiya vasitələrinin sürətli tərəqqisi cəmiyyətdə informasiyanın rolunu artırmaqla, onun effektivliyini əhəmiyyətli maddi resurslardan da vacib etdi.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı məlumatın əldə olunmasını tezləşdirməklə yanaşı, onun yayılmasını da asanlaşdırır. Belə olan halda da operativlik bu məsələdə ön plana çıxır və informasiya müharibəsinin mühüm tərkib hissəsi kimi dövlətin, qurumun və ya cəmiyyətin özünü ifadə etməsi baxımından əsas silaha çevrilir. Günümüzün əsas və həlledici aləti olan qlobal internet informasiya mühitimizin genişlənməsində və məlumat əlçatanlığının təmin edilməsində mühüm vasitədir.
İnformasiya müharibəsi (qarşıdurması) günümüzdə bu alətlərdən ibarətdir: kütləvi informasiya vasitələri - televiziya, radio, qəzet; sosial şəbəkələr - "Facebook", "X" (köhnə "Twitter"), "YouTube", "Instagram" və digərləri; beynəlxalq arenalar - dünyanın aparıcı qurumlarının iştirakı ilə keçirilən böyük tədbirlərdə verilən bəyanatlar və göstərilən rəsmi sənədlər; rəqəmsal texnologiyalar - xüsusi botlar, süni intellekt məhsulları, feyk (saxta) məlumatlar və s.; psixoloji təsir üsulları - şayiə uydurmaq, qorxutma, manipulyasiya və emosional təsir vasitələri. "İnsan ən sağalmaz xəstəliyin belə öhdəsindən psixoloji üstünlük sayəsində gəlməyə qadirdir" ifadəsi bu üsulun vacibliyini izah edir.
İnformasiya müharibəsindən danışarkən süni intellektin bu sahəyə təsirini xüsusi vurğulamaq lazımdır. Süni intellektin getdikcə daha sürətli, miqyaslı və hədəfli hal alması informasiya cəbhəsinin də yenilənməsini şərtləndirir. Süni intellekt, neyroşəbəkə gündəlik fəaliyyətimizi və iş həyatımızı asanlaşdırmaqla yanaşı, ictimai rəyə də birbaşa təsir edə biləcək elektron vasitədir. Necə deyərlər, süni intellekt günümüzdə həm silah, həm də qalxandır. Süni intellektlə yayılan dezinformasiya, “fake” foto, video və audio materiallar kütlənin yanlış istiqamətləndirilməsinə və məlumatlı olmayan şəxslərin asanlıqla aldanmasına gətirib çıxarır. “Deepfake”lər süni intellektə əsaslanan texnologiyadır; bununla real insanların görünüşü və bədən dili, səs tonu istifadə edilərək saxta video, audio və foto resurslar hazırlanır, sonra müxtəlif platformalarda paylaşılır və bunu realdan fərqləndirə bilməyən şəxslər həqiqət kimi qəbul edirlər. Bu, nəticə etibarı ilə çox təhlükəli tendensiyaya çevrilməkdədir. Real məlumatla saxta məlumatı ayırd etmək gün keçdikcə çətinləşir. Bununla mübarizə üçün cəmiyyətin maarifləndirilməsi və yalnız real faktlara və rəsmi mənbələrə istinad edilməsi mütləqdir; bu, dövlətin müdafiə və preventiv fəaliyyətlərini vaxtında və düzgün qurması nəticəsində mümkündür. Texnoloji innovasiyanın düzgün tətbiqi, şəffaf və operativ kommunikasiya sisteminin qurulması və cəmiyyətin media savadlılığının artırılması informasiya müharibəsinə qarşı ən effektiv üsul və vasitələrdir.
İnformasiya müharibəsindən danışarkən informasiya blokadasını da qeyd etmək lazımdır. İnformasiya blokadası bir mövzunun və ya problemin qəsdən görünməz edilməsi, haqq səsinin boğulması və ya həqiqətlərin gizlədilməsidir. Məlumdur ki, Azərbaycan ötən əsrin sonlarında bizi istəməyən qüvvələr tərəfindən informasiya blokadasına məruz qalmışdır. Buna misal olaraq 20 Yanvar hadisələri, Birinci Qarabağ müharibəsi və Xocalı soyqırımı göstərilə bilər; həmin hadisələr baş verərkən nəinki dünya ictimaiyyəti, hətta daxili auditoriya da baş verənlərdən ya məlumatsız, ya da az məlumatlı idi. Xalqımızın başına gətirilən müsibətlər, ona tutulan divanın gizlədilməsi və ört-basdır edilməsi xain qüvvələr tərəfindən ölkəmizə qarşı tətbiq olunmuş informasiya blokadasının bariz göstəriciləridir. Qəhrəman və qorxmaz jurnalist, fotoqraf və operatorlarımız xalqımızın başına gətirilən müsibətləri işıqlandıraraq, haqq-ədalətin güzgüsü oldular; hətta bu yolda şəhid olmağı belə özlərinə vətəndaş borcu bildilər. Dünyanın reallıqlara selektiv və ikili yanaşması düşmənin əlini açdı. Azərbaycan və Ermənistan arasında uzun illəri əhatə edən münaqişə dövrü də informasiya müharibəsi baxımından istisna deyil. Böyük maddi dəstək hesabına ayaqda duran erməni diasporu və lobbi təşkilatları əlindəki imkanlardan istifadə edərək dünya ictimaiyyətində saxta təsəvvür və yanlış düşüncələr formalaşdırmağa çalışmışlar. Azərbaycan isə düşmən qüvvələrdən fərqli olaraq beynəlxalq hüquq və norma prinsiplərinin vacibliyini diqqətə çatdıraraq reallıqları faktlar və sənədlərlə ortaya qoymuşdur.
Humanizm dəyərlərinə hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münaqişənin sülh yolu ilə həllində maraqlı idilər. Erməni tərəfinin dezinformasiya tərkibli strategiyası, ölkəmizə qarşı qarayaxma kampaniyaları, saxta xəbərlər və ziddiyyətli bəyanatlar onun beynəlxalq ictimaiyyət qarşısında nüfuzunu və etibarını zəiflədirdi. Tarixi ərazilərimizin adını dəyişdirərək və ya toponimləri saxtalaşdıraraq özlərinin guya tarixi iddialarını əsaslandırmağa çalışmaları onlar xain xislətli, qeyri-ciddi və qeyri-adekvat olmalarının göstəricisi idi. Azərbaycanın tarixi və milli-mədəni irsinin dağıdılması, dini abidələrin məhv edilməsi və toponimlərin dəyişdirilməsi ermənilərin tarixi öz xeyirlərinə dəyişdirəcəklərinə dair əsassız iddiaları onların zəifliyini və acizliyini göstərirdi. Bir sözlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi özü başladığı mənasız və əsassız informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğramışdı.
Ələlxüsus 2020-ci ilin 27 sentyabrından başlayan və ordumuzun haqq savaşı olan Vətən müharibəsi təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də qazanılan zəfərlə taclandı. Təxminən 30 ilə yaxın müddət ərzində işğal altında qalmış ərazilərimizin azadlığına qovuşduğu, haqq-ədalətin bərpa olunduğu o günlərdə informasiya müharibəsi də gedirdi. Haqq savaşımız zamanı ölkəmizin informasiya sahəsində də çevik, ardıcıl və dəqiq strategiya həyata keçirilirdi. Yalnız rəsmi məlumatların operativ şəkildə yayılması, döyüş əməliyyatlarının real kadr və hesabatlara uyğun ictimaiyyətə təqdim olunması və dezinformasiyaların operativ susdurulması ölkəmizə informasiya üstünlüyü verdi. Ölkə başçımız, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev informasiya savaşı gedən meydanlarda qətiyyətlə və inamla Azərbaycanın mənafeyini müdafiə etməklə, xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Həmin ərəfələrdə anti-Azərbaycan mövqeli və çirkin niyyətlərini nümayiş etdirən qüvvələr özünü büruzə verirdi. Lakin dövlət başçısının hər bir sualı təkzibolunmaz reallıqlarla və yüksək dəqiqliklə cavablandırması, cavabların faktlarla əsaslandırılması və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına və informasiya müharibəsində möhkəm mövqeyə malik olmasına misilsiz töhfə verirdi.
Həmin ərəfələrdə dünya "Qarabağ Azərbaycandır!" reallığını qəbul etməyə başladı, çünki Azərbaycan əsgəri xalqının misilsiz inamı və Ali Baş Komandanın dönməz qətiyyəti ilə irəli gedirdi - bu savaş onun haqq savaşı idi. Nəticə olaraq, Azərbaycan Vətən müharibəsində və informasiya cəbhəsində qazandığı böyük zəfərlə müasir dövrün müharibə prinsiplərinin dərsini keçmiş oldu. Dosta qürur, düşmənə gözdağı olan zəfərimizdən əldə etdiyimiz təcrübə bir daha göstərdi ki, informasiya müharibəsində fakt və həqiqətlər, milli birlik və təkzibolunmaz reallıq bütün döyüş meydanlarında qələbə gətirəcək.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"