AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xalqı yaşadan səmavi qüdrətdi azadlıq, heyrət yaradan dünyaya heyrətdi azadlıq!..
Şəhidlərin qanıyla tarixə müstəqilliyin rəmzi şəkli çəkildi, mücahidləri bu rəmzi gerçəkliyə çevirdi.
Həmişəlik. Aradan 70 il keçsə də, dünya Azərbaycan dövlətini yenidən tanıdı. Həm də əmin oldu ki, dövlət üçün müstəqillik nədirsə, vətəndaş üçün də azadlıq odur. Bunu Azərbaycanda milli-azadlıq hərəkatını dayandırmağa gücü çatmayan imperiya da duymuşdu. Siyasi nüfuzunu saxlamaq üçün 1990-cı ilin 19 yanvarında müstəqilliyini 70 il əvvəl əlindən aldığı Azərbaycana göndərdiyi qoşuna döyüş əmri verdi...
"N" hərbi hissəsində bu fikirlər "20 Yanvar tarixdə və yaddaşlarda" mövzusunda keçirilən disputa giriş kimi səslənir.
"Hadisələr yaddaşlarda tarixdə olduğu kimi yaşadılırmı? Hər hadisənin törədilməsinin səbəbləri, səbəblərinin mahiyyəti gerçəklik səviyyəsində bilinmirsə, hadisənin tarixiliyi ya əhəmiyyətini itirir, ya da xatırlanma tarixi gerçəkliyin təhrifi olur. Belə xatırlanmalar tarixə də xəyanətdir, bəşəriliyə də..." - disput bu tezisin işığında davam edir.
Baş leytenant Ramiz İmamquliyev düşündürücü bir fikir deyir:
- Dünyanın neçə-neçə dövlətində milli-azadlıq hərəkatı olub: kimisi genişlənməmiş dayandırılıb, kimisi qələbəylə nəticələnib. Lakin heç biri Azərbaycanda olduğu qədər kəskin və uzunmüddətli xarakter daşımayıb. Azərbaycanda milli-azadlıq hərəkatı xalqın hərəkatı idi, ruhun hərəkatı idi. Qazaxıstanda, Gürcüstanda hərəkatı xırda bir əmrlə dayandıran imperiyanı da bu qorxudurdu. İmperiya Azərbaycanda haqqın yenilməz qolunu, dönməz üzünü gördü. Bildi ki, bu hərəkatın yaşı "Gülüstan" müqaviləsinin yaşı qədərdir. Bunlar onu quduzlaşdırdı. Əfqanıstanda hakimiyyəti devirəndə nə eləmişdisə, Azərbaycanda hakimiyyətini saxlamaq üçün də onu eləməyə qərar veribmiş...
Zabitin dediklərini maraqla dinləyən əsgərlər həm də maraqla, qürurla dinlənilir:
- Tarix müəllimimiz bu faciə haqqında danışanda demişdi ki, "Alfa" qrupu yanvarın 19-da saat 20:00 radələrində Azərbaycan televiziyasının enerji blokunu partlatmışdı ki, hərəkatın iştirakçılarına da, əhaliyə də törədiləcək qırğın haqqında məlumat verilməsin, - əsgər Ələkbər Əlizadə belə deyir.
Onun fikrini əsgər İbrahim İbrahimli tamamlayır:
- Qırğının miqyasını genişləndirmək, daha çox vətəndaşı öldürmək üçün...
- Hərəkatda tələbələr də olub, fəhlələr də, alimlər də, təqaüdçülər də. Hamı göndərilmiş ordunun qarşısını sinəsiylə kəsməyə qərarlı olub: Azərbaycanın dövlət müstəqilliyi bərpa edilməlidir! Bu, müqəddəs niyyət idi, - əsgər Cəmaləddin Kərimovun fikirləri düşüncələrdə arzulanan gözəl bir tərpəniş yaradır.
Əsgər Cəmaləddin Kərimovun dediyi fikir Azərbaycan əsgərinin formalaşmış vətənsevərliyinin dönməzliyində kəlam qüdrətindədir. Belə fikirləri əsgərlərin özü deyirsə, bu qüdrət əsgəri qüdrət olur - özüllü, mətin, işıqlı.
Əsgər Ələkbər Əlizadənin dedikləri kimi:
- Birimizin atası, birimizin əmisi, birimizin müəllimi bu hərəkatın iştirakçısı olub. Onlardan eşitdiklərimiz də, televiziyada gördüklərimiz də, oxuduqlarımız da yaddaşımızdadır. Sonralar Azadlıq meydanı adlandırılacaq meydan milyonlara darlıq edirmiş.
Gözəl mükalimələşmə 36 il əvvəlin siyasi çalxantılarının siyasi mənzərəsini yaradır. Əsgər İbrahim İbrahimli milli-azadlıq hərəkatının nəticəsini - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını dövlətçilik tariximizin qələbəsi adlandırır:
- 20 Yanvar faciəsində 147 nəfər həlak olsa da, 744 nəfər yaralansa da, 841 nəfər həbs edilsə də, xalq imperiyaya qalib gəldi...
Əsgər Rüfət Abbasov hərəkatın tarixi mahiyyətindən söz açır:
- Xalq nə istəyirdi? - müstəqillik, 1920-ci ilin 28 aprelində ilhaq edilmiş müstəqilliyin bərpasını. Xalq siyasi asılılıqdan qurtarmağın mübarizəsindəydi.
- Ələkbərin dediyi hadisə - enerji blokunun partladılması saat 20:00 radələrində törədilmişdi. Küçələrdə qırğın on ikinin yarısında başlayıb.
- Küçələrdə adamları güllələyiblər, binaların artırmalarına çıxanları güllələyiblər, "Təcili yardım" maşınlarını güllələyiblər, tanklar qarşılarına çıxan maşınları əzib-keçib, - əsgər Cəmaləddin Kərimov o qanlı gecədə törədilənləri belə xatırlayır.
Səsində qəhər var... Anlar ötüşdükcə süzülən, üzülən qəhəri əsgərlərin düşüncələrini baxışlarına cəmləyən qürur üstələyir. Bu qürur dövlət müstəqilliyimizə ad olan qürurdur: 20 Yanvar faciəsini törədən imperiya çökdü! Birdəfəlik çökdü! Qəmini-qəhərini də kişi kimi yaşayan xalqın milli-azadlıq hərəkatı onu çökdürdü!
Düşüncələrim əsgərlərin düşüncələrində məmnunluq yaradır...
Əsgər İbrahim İbrahimli Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini xatırladaraq deyir ki, onlar xalqın mübarizə əzmini, xalqın ruhunu dövlət müstəqilliyimizə aparan işıq bilirdi. Bu işıq milli-azadlıq hərəkatının müqəddəslik işığıydı. Ona görə indi biz deyirik, gələcəkdə də deyiləcək ki:
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Qanlı Yanvar faciəsində imperiyanın göndərdiyi ordu hissələri Bakıda, eləcə də bir neçə şəhərdə 147 nəfəri öldürdü. Dövlət müstəqilliyimizin bərpa olunması naminə 147 ömür son nəfəsində də "Vətən!" deyərdi, ölüm imkan vermədi, - əsgər Ələkbər Əlizadənin qəhəri kəlmələrini titrədir...
Yanvarın 22-də Azadlıq meydanından sonralar Şəhidlər xiyabanı adlandırılacaq Dağüstü parka kimi çiyinlərdə gətirilib şəhidlər. Görünməmiş izdihamla. Küçələrdə azyaşlılar, qocalar, taqətsizlər. Həmin günün həmin vaxtında Bakıda Azadlıq meydanından Şəhidlər xiyabanına kimi küçələr boyunca binalarda bir kimsə olmayıb - hamı, hamı şəhidlərimizi əbədiyyətə uğurlayırmış, - əsgər İbrahim İbrahimlinin baxışları əsgər yoldaşlarından kimisə axtarır elə bil. Baxışlar baxışlara mətləb anladır.
Baş leytenant Ramiz İmamquliyevin də baxışları əsgər Rüfət Abbasova yönlənib. Rüfət zabitə baxır, yoldaşlarına baxır, göy üzünə baxır və titrək səslə deyir ki, şəhidlərə həsr olunmuş bir şeiri xatırlayıram:
O gün Vətənə sevgi,
Dağ çəkdi günahlara,
Müqəddəs bir yol oldu
O gecədən başlayan
İşıqlı sabahlara...
... Binadan görmüşük ki,
Niyyət duru deyilsə
Göz yaşı saxlayammır.
Qəhərinin yolunu
Göz yaşı saxlayammır.
Şəri şərə qatanlar,
Dərddən ocaq çatanlar,
Əli qana batanlar
Bir başı saxlayammır!
"Saxlaya bilmədi, saxlaya bilməzdi...", - pıçıldayıram. Bilmirəm, pıçıltımı eşidən oldumu...
Rəşid HÜSEYNOV
əməkdar jurnalist