Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2026 11:59

İgidliklə yazılan ömür qəhrəmanlıq dastanına çevrildi

Vətən  hər birimizin nəfəsi, yaddaşı və yoluna düşən işığıdır. Vətən insanın bütün varlığını, keçmişini, yaddaşını və gələcəyini yaşadır. Xalqın kimliyini, ən dəyərli mirasını qoruyub-yaşadan hər kəs Vətənin müqəddəsliyini yaşatmağı ömür fəlsəfəsi bilir. İnsan harada olursa-olsun, ümidini, gücünü və ruhunu məhz Vətən adlı böyük dəyərdən alır. Vətən sevgisi insanın içində közərir, zamanla alova çevrilir, ən çətin anlarda belə sahibini ayaqda saxlayan qüvvəyə dönür. Bu qüvvə insanı şəhidlik zirvəsinə ucaltmağa da qadirdir.
Vətənin bütövlüyünü qorumaq, torpağını azad etmək, xalqının sabahını təmin etmək yolunda şəhid olmaq bu sevginin zirvəsidir. Şəhidlik zamanın fövqündə dayanan, xalqın yaddaşında daim yaşayan böyük igidlikdir. Şəhidlərimizin hər biri öz həyatı ilə Vətənə sədaqətin nə demək olduğunu təsdiqləyiblər. Onlar bu torpağın azadlığı naminə son nəfəsinədək mübarizə aparıb, adlarını tarixə qızıl hərflərlə yazdırıblar.
Hər bir şəhidin ömür yolu bir roman, bir məktəb, ömürlük bir dərsdir. 
5 dekabr 1973-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun Qaraçanta kəndində dünyaya gələn Məhərrəmov Səxavət Ələmdar oğlu 1988-ci ildə baş verən məlum hadisələr nəticəsində öz doğma yurdundan didərgin düşməyə məcbur olub. Ailəsi ilə birlikdə Azərbaycana gələndə hələ doqquzuncu sinif şagirdi idi. 
Səxavət 106 saylı orta məktəbi bitirdikdən sonra 1990-cı ildən tikinti idarəsində əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, o dövrün mühüm ictimai-siyasi hadisələrində fəal iştirak edib. 
Musiqiyə və şeirə böyük sevgisi olan Səxavət həm şeir yazır, həm də musiqi bəstələyirdi.
1991-ci ilin noyabrında könüllü olaraq hərbi xidmətə yollanması onun Vətənə bağlılığının sübutu idi. Əvvəlcə Daxili Qoşunlarda, sonra isə milli ordunun tərkibində xidmət edərək düşmənə qarşı gedən döyüşlərdə böyük igidlik göstərib.
27 iyun 1992-ci il qəhrəmanın son döyüşü oldu… 
Ağdərənin strateji əhəmiyyətə malik Möhrətağ kəndi uğrunda gedən döyüşlərdə Səxavət daim düşmən mövqelərinə sarsıdıcı zərbələr endirənlərin sırasında olurdu. Düşmənin ciddi müqaviməti nəticəsində mövqeləri itirdikdən sonra Səxavətin də sırasında olduğu bölük kəndi tərk etməyə məcbur oldu. Bölük geri çəkilərkən Səxavət yaxınlıqdakı meşə zolağında mühasirəyə düşdü və düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak oldu.
Şəhidlər haqqında yazılmış şeirlərin birində deyildiyi kimi:

Namərd gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.

Səxavət Məhərrəmov subay idi. Arzuladığı həyatı yaşamaq qismət olmasa da, ən yüksək zirvəyə ucaldı. Ölümü ilə ölümsüzlük qazandı. Onun əziz xatirəsi bu gün də xalqımızın qəlbində yaşamaqdadır.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Səxavət Məhərrəmova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Qəhrəman Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəb onun adını daşıyır, məktəbin dəhlizində büstü ucaldılıb.
Vətən hər bir qəhrəmanın davam edən nəfəsidir.
Səxavət Məhərrəmov kimi igidlərin ömür yolu bir daha göstərir ki, Vətən onun uğrunda canından keçənlərin ruhu ilə müqəddəsləşən məkandır. Şəhidlərimizin ruhu Vətənimizin bütövlüyünün mühafizəkarıdır.
Bu gün azad nəfəs aldığımız, hər qarış torpağında rahat gəzdiyimiz, səmaya sərbəst ucalan bayrağımız, sabahlara ümidlə açılan hər göz… hamısı onların miras qoyduğu müqəddəs əmanətdir. Səxavət kimi qəhrəmanlarımızın adı zaman keçdikcə Vətənə böyük ehtiramın zərrəsinə çevrilir.
Biz Vətəni sevdikcə onların xatirəsi yaşayacaq, igidlikləri yolumuzu işıqlandıracaq!..

Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"