Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2026 11:59

Güclü ordu strateji planlaşdırma ilə formalaşır

Müstəqil Azərbaycanın dövlətçilik tarixində ordu quruculuğu prosesi həmişə prioritet istiqamətlərdən biri olmuşdur. Bu sahədə əldə olunan nailiyyətlərin mərkəzində isə güclü siyasi iradə, dəqiq strateji baxış və milli maraqlara əsaslanan idarəetmə prosesi dayanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu regionun ən güclü döyüş qabiliyyətli ordularından birinə çevrilib. Ordu quruculuğu hər bir dövlətin suverenliyinin və təhlükəsizliyinin əsas dayağıdır. Prezident İlham Əliyev bu reallığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirərək ordu quruculuğu prosesinə həm hərbi, həm də siyasi, iqtisadi və mənəvi baxımdan yanaşmışdır. Müdafiə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması, hərbi sənayenin inkişafı və sosial təminat tədbirləri bu siyasətin əyani göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu prosesində həyata keçirdiyi islahatlarda əsas məqsəd çevik, peşəkar, müasir silahlarla təchiz edilmiş və yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvələrin formalaşdırılması olub.
Prezident İlham Əliyevin strateji baxışında müasir müharibələrin xarakteri xüsusi yer tutur. Buna uyğun olaraq Azərbaycan Ordusunda yeni döyüş texnologiyalarının tətbiqi, yüksək dəqiqlikli silah sistemlərinin alınması və yerli hərbi sənayenin inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Belə ki, pilotsuz uçuş aparatları (PUA), müasir artilleriya və raket sistemləri, kəşfiyyat və elektron müharibə vasitələri ordunun döyüş imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bununla yanaşı, şəxsi heyətin hazırlığı və peşəkar zabit kadrlarının formalaşdırılması Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları nəticəsində başlayan Vətən müharibəsi Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi strateji düşüncəsinin və qətiyyətli liderliyinin parlaq nümunəsi oldu. Hərbi əməliyyatlar zamanı qəbul edilən qərarlar, siyasi və diplomatik müstəvidə aparılan uğurlu fəaliyyət Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Zəfərlə tamamlandı. Tarixi Zəfərin əsas memarı məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Cəmi 44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu həm texnika, həm də döyüş taktikası və mənəvi psixoloji hazırlıq səviyyəsi baxımından müasir tələblərə tam cavab verir.
Vətən müharibəsindən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradılması, müasir hərbi infrastrukturun qurulması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin strateji fəaliyyətinin davamı kimi həyata keçirilir. Dövlət başçısı Azərbaycan Ordusunun daim inkişafı və dəyişən geosiyasi reallıqlara uyğun olaraq yenilənməsi zərurətini dəfələrlə vurğulayıb. Bu yanaşma ölkəmizin uzunmüddətli təhlükəsizliyinin və silahlı müdafiəsinin təminatıdır.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti onu göstərir ki, ordunun güclü olması yalnız silah və texnika ilə deyil, eyni zamanda, milli iradə, qətiyyətli siyasət və düzgün strateji planlaşdırma ilə formalaşır. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar bu amillərin vəhdətinin nəticəsidir. Bu gün Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın təhlükəsizliyinin etibarlı təminatçısıdır. Bu ordunun dayağı isə strateji düşüncəyə malik, xalqın dəmir iradəli lideri Prezident İlham Əliyevdir.
Hazırda Qarabağ bölgəsində formalaşmış yeni reallıqlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətini və Azərbaycan Ordusunun peşəkarlığını bir daha təsdiqləyir. Ölkəmizdə təhlükəsizliyin tam təmin olunması, strateji mövqelərə nəzarətin gücləndirilməsi və hərbi infrastrukturun müasir tələblərə uyğun qurulması dövlətin əsas prioritetlərindəndir. Azərbaycan Silahlı Qüvvələri bölgədə sabitliyin və davamlı sülhün təminatçısı kimi çıxış edir; həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin və ərazilərimizin etibarlı qorunduğunu nümayiş etdirir.

Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"