Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2026 11:59

Nümunəvi xidmət və yüksək intizam

Bu gün Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısı kimi böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlib, maddi-texniki baza möhkəmləndirilib, hərbi hissələrin infrastrukturu əsaslı şəkildə yenilənib.
Azərbaycan Ordusunun inkişafı təkcə texniki təchizatla deyil, həm də şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji hazırlığının gücləndirilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə bağlıdır və bu, dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hərbi hissələrdə gündəlik xidmətin düzgün təşkili, döyüş hazırlığı məşğələlərinin yüksək səviyyədə keçirilməsi, nizamnamə tələblərinə ciddi əməl olunması ordunun gücünün əsas göstəricilərindəndir.
Hazırda Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi qəbul olunur. Müasir silah və texnika ilə təchiz edilən Azərbaycan Ordusu hərbi qulluqçuların peşə hazırlığını mütəmadi olaraq təkmilləşdirir, döyüş hazırlığı planlarını real təhdidlər nəzərə alınmaqla qurur. Bu amillərin hamısı ordunun istənilən tapşırığı yüksək səviyyədə icra etməyə hazır olduğunu göstərir.
Belə bir güclü və nizam-intizamlı ordunun sıralarında nümunəvi xidmət edən gənclər də öz davranışları və xidmətə münasibətləri ilə bu yüksək ada layiq olmağa çalışırlar. Bu baxımdan nümunəvi hərbi qulluqçuların fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Belə nümunəvi əsgərlərdən biri də Şəmkir rayonundan hərbi xidmətə çağırılan əsgər Rasim Elfaq oğlu Verdiyevdir.
Rasim Verdiyev hələ məktəb illərindən nizam-intizamı, məsuliyyəti və çalışqanlığı ilə seçilib. Dərslərə ciddi yanaşan, sinif yoldaşları arasında nümunəvi şagirdlərdən biri olub. Gənc yaşlarından öz üzərində işləməyə xüsusi önəm verib.
Asudə vaxtlarını səmərəli keçirməyə üstünlük verən Rasim Verdiyev mütaliəyə xüsusi maraq göstərib, kitab oxumağı bilik dairəsini genişləndirməyin əsas vasitələrindən biri hesab edib. Fiziki hazırlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə idmanla məşğul olub. Bu vərdişlər onun xarakterinin formalaşmasında mühüm rol oynayıb.
Rasim hərbi hissədə üzərinə düşən vəzifələri də layiqincə yerinə yetirir. O, gündəlik xidmət prosesində intizamı və məsuliyyəti ilə seçilir. Komandanlığın verdiyi tapşırıqları vaxtında və dəqiq icra etməsi onun şəxsi heyət arasında hörmət qazanmasına səbəb olub.
"Azərbaycan Ordusunda xidmət etmək mənim üçün böyük şərəf və qürurdur. Burada hər bir əsgərdən yüksək nizam-intizam, məsuliyyət və Vətənə sədaqət tələb olunur. Bizə göstərilən diqqət və qayğı daha yaxşı xidmət etməyimizə stimul verir. Komandanlığın verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək hər birimizin borcudur. Mən də üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə və Azərbaycan əsgəri adına layiq olmağa çalışıram. Qardaşımın döyüş yolu mənim üçün böyük nümunədir", - deyə Rasim bildirdi.
Onun xidmətə bu cür ciddi münasibətinin formalaşmasında ailə tərbiyəsinin xüsusi rolu var. Bu ailə Azərbaycan Ordusuna sədaqətli, Vətənə bağlı övladlar yetişdirib. Rasimin qardaşı Asim Verdiyev 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən gərgin döyüş əməliyyatlarında iştirak edib. Torpaqlarımızın işğaldan azad olunması uğrunda cəsarət və fədakarlıq nümunələri göstərib. Döyüş tapşırığını yerinə yetirərkən güllə yarası alaraq hospitala təxliyə olunub. Müalicə aldıqdan sonra Asim Verdiyev yenidən hərbi xidmətini davam etdirib. 
Azərbaycan Ordusunda xidmət edən bu cür gənclər müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı əllərdə olduğunu göstərir. Bu gün əldə olunan uğurlar sübut edir ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri bundan sonra da müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Əsgər Rasim Verdiyev kimi gənclər isə bu şərəfli yolun davamçıları olaraq ölkəmizin hərbi qüdrətinin daha da möhkəmlənməsinə öz töhfələrini verirlər.

Əli ABIYEV
"Azərbaycan Ordusu"