AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Heydər Əliyev adına Hərbi İnstitutun idman bazasında Azərbaycan Ordusunun daşqaldırma üzrə birinciliyinin ilk günündə püşkatma mərasimi keçirildi. Püşkatmanın nəticələrinə əsasən yarışa cəlb olunan 8 komandanın ardıcıl şəkildə mübarizəyə qoşulacağı məlum oldu. Ertəsi gün komandalar rəhbərlərin təşkilatçılığı ilə idman zalında tam tərkibdə düzüldülər. Yarışın baş hakimi polkovnik-leytenant Ramiz Qasımov idmançıların daşqaldırma üzrə birinciliyə düzülmələri barədə raportu qəbul etdi. İdmançılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərin xatirələrini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi.
Polkovnik-leytenant R.Qasımov bildirdi ki, Azərbaycan Ordusunda daşqaldırma üzrə yarışa cəlb olunan komandalar 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Komandaların tərkibi yoxlanıldıqdan sonra yarış iştirakçılarının çəki dərəcələri müəyyən edildi. Baş hakim idmançılara daşqaldırmanın norma və tələblərini, həmçinin təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini çatdırdı.
Yarışın ilk günündə 60 kq, 70 kq və 90+ kq çəki dərəcəsində olan idmançılar mübarizəyə başladılar. Yarışın tələblərinə əsasən idmançılar əvvəlcədən müəyyən edilmiş 24 kq çəkisi olan tək daşı sağ və sol əlləri ilə qaldırmalı idilər. Komandaların yarışa ciddi hazırlaşdıqları ilk baxışdan məlum idi. Onlar hakimin komandasından sonra növbəli şəkildə çəki daşını yerə qoymadan təkanla başı üzərinə qaldırır və qol tam açılırdı. 60 kq çəki dərəcəsində Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi (DTTBİ) komandasının üzvü kiçik çavuş Fərid Sadıqov liderliyi təmin etdi. Onun qısa, lakin fasiləsiz olaraq tək daşı bir əllə ən çox qaldırması hər kəsdə maraq doğurdu.
70 kq çəkili idmançılar arasında davam edən rəqabət də tamaşaçılar tərəfindən maraqla izlənildi. Belə ki, idmançılar ən az xal fərqi ilə mübarizəni davam etdirirdilər. Hərbi Hava Qüvvələrinin (HHQ) idmançısı kiçik çavuş Taleh Şıxəliyev mübarizəni uğurla başa vurdu. Taleh 110 xalla öz çəkisi üzrə birinci oldu. Digər komanda üzvlərinin xalları da yüksək idi; onların da yarışa ciddi hazırlaşdıqları mübarizənin gedişindən görünürdü. Quru Qoşunlarının (QQ) təmsilçisi leytenant Mehran Rüstəmov da öz çəki dərəcəsində uğurlu çıxış edənlərdəndir. O, növbəti mərhələdə təkanla qaldırmada daha yüksək xal toplayaraq rəqibi Talehi geridə qoyub ordu birinciliyini təmin etdi.
Gizir Sahib Nəsibov peşəkar idmançıdır. Dəfələrlə müxtəlif idman növləri üzrə yarışlarda uğurla çıxış edib. Daşqaldırma üzrə birincilikdə də qalib gələcəyinə heç kimin şübhəsi yox idi. S.Nəsibov ən yüksək çəki dərəcəsində gücünü sınayaraq mübarizəni uğurla başa vurdu. QQ komandasının təmsilçisi gizir S.Nəsibov həm də Qarabağ müharibəsinin iştirakçısıdır. Komandanın rəhbəri polkovnik-leytenant Elman Hadıyev bildirdi ki, Sahib komandanın ən güclü idmançılarındandır. O, idmanın digər növlərində də yüksək göstəricilər əldə edib.
Komandalar üzrə göstəricilərə görə Heydər Əliyev adına Hərbi İnstitutun və QQ-nin idmançıları yüksək nailiyyətləri ilə seçilirdilər. 65 kq çəkidə mübarizə aparan kiçik çavuş Ülfan Nəbiyev yarışın ilk mərhələsində mümkün olan göstərici ilə liderliyi təmin edə bildi. Lakin Hərbi İnstitutun kursantı Məhərrəm Mustafayev son anda qısa xal fərqi ilə təkanla qaldırmada birinciliyi əldə edə bilmədi.
Digər çəki növündə yenə QQ-nin, Hİ-nin, DTTBİ-nin, HHQ-nin və başqa komandaların idmançıları yüksək göstəricilərlə rəqibləri geridə qoydular. 90 kq çəkidə DTTBİ komandasının çavuşu Ruslan Abdullayev QQ komandasının üzvü Ramil Məmmədovun topladığı xalı keçərək üstünlüyü ələ aldı.
Yarışın 3-cü günü təkanla daşqaldırma birinciliyinin tələblərinə görə eyni çəkidə olan iki daşı eyni vaxtda təkanla başı üzərinə qaldırmaqla hər iki qol tam açılmalı idi. Əsgər Röyal Qurbanovun yarışa ciddi hazırlaşdığı göz önündə idi. O, DTTBİ-nin idmançısı çavuş Fərid Sadıqovla mübarizədə qısa xal fərqi ilə geridə qaldı. Buna baxmayaraq, əsgər ruhdan düşmədi və idmanla bağlı bundan sonra da daha ciddi məşğul olacağını bildirdi. Yarış öncəsi hazırlıq onu final mərhələsinə gətirmişdi.
Komanda təmsilçisi polkovnik-leytenant İntiqam Məmmədovun sözlərinə görə daşqaldırma yarışına komandalar yaxşı hazırlaşıblar. İdmançıların göstərdikləri nəticələr bunu deməyə əsas verirdi. Yarışın tələbləri bir qayda olaraq tətbiq olunurdu. Ancaq bəzi idmançılar tələblərdən kənara çıxaraq çalışmanı yerinə yetirirdilər. Bu da sonda xal itkisinə səbəb olurdu.
QQ-nin idmançısı gizir S.Nəsibov həm birdən qaldırmada, həm də təkanla qaldırmada öz çəkisi üzrə liderliyini sona qədər saxlaya bildi. 46 yaşlı idmançı təkcə ordu birinciliyində deyil, həm də dünya çempionatlarının da qalibi olub. İdman aləmində bu cür uğurları olan hərbçinin tabeliyində də pəhləvan əsgərləri çox olur. Sahib həmişə əsgərlərin fiziki hazırlığına ciddi önəm verib. DTTBİ komandasının kiçik çavuşu Taleh Salehli də güclü idmançılardandır. O, Sahib Nəsibovdan sonra yüksək xal toplayaraq öz çəkisi üzrə ikinci oldu.
Yarışın növbəti mərhələsi təkanla qaldırma oldu. İdmançıların əvvəlki mərhələdə topladığı xallar aşağı-yuxarı dəyişməyə məruz qaldı. Bu, daha çox az xal fərqində hiss olunurdu. HHQ-nin idmançısı Ümüd Seyidzadə birdən qaldırmada yüksək göstərici əldə etsə də, rəqibi QQ-nin təmsilçisi kiçik çavuş Natiq Məmmədov təkanla qaldırmada rəqibini üstələyərək birinciliyini təmin etdi.
Birinciliyin sonuncu günü də yaddaqalan oldu. İdmançılar hakimlərin qərarını səbirsizliklə gözləyirdilər. Ən çox da xal fərqi az olan idmançılar narahatlıq hissi keçirirdilər. Yarışı idarə edən polkovnik-leytenant Ramiz Qasımov bildirdi ki, komissiya tərəfindən hər bir idmançının göstəricisinə baxılacaq, qərar qəbul ediləcək. Hər çəki üzrə qalib yerlər müəyyən olunacaq və yüksək göstərici əldə etmiş idmançılar mükafatlandırılacaqlar.
Çox keçmədi qaliblər müəyyən edildi. Komandalar açıq səma altında idman meydançasında düzüldülər. Polkovnik Cavid Ağayev qaliblərə medalları təqdim etdi, birinci yerə layiq görülən QQ-nin komanda rəhbərinə kubok verildi. İdmançılar xatirə şəkilləri çəkdirdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"