AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İkinci Dünya müharibəsi cəbhələrində döyüşən xalqımızın qəhrəman oğullarının sırasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xüsusi adı var. Bu ad hər zaman Vətənə sədaqətli xidmət nümunəsi kimi çəkilir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyaya tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır".
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov qüdrətli sərkərdə, görkəmli hərb xadimi kimi İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin qazanılmasında misilsiz xidmətlər göstərib. Hərb tariximizin ən şanlı səhifələrini yenilməz sərkərdəmizin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar bəzəyir. Unudulmaz qəhrəmanımızın anadan olmasının 116-cı ildönümüdür. Hər il Azərbaycan Ordusunda görkəmli hərb xadiminin anım günləri ilə əlaqədar silsilə tədbirlər keçirilir, məzarı ziyarət olunur, unudulmaz xatirəsi dərin ehtiramla anılır.
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də ölkəmizin dilbər guşələrindən olan Lənkəranda anadan olub. O, ilk hərbi təhsilini Bakıda yerləşən Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində alıb. Bildiyimiz kimi, bu hərbi məktəbin tanınmış məzunları - general-mayor Akim Abbasov, Sovet İttifaqı Qəhrəmanları Aslan Vəzirov, Ziya Bünyadov və qvardiya polkovniki Yusif Abdullayev Həzi Aslanovun fitri hərbi istedadından zaman-zaman söhbət açıblar.
Hərbi bacarığı ilə seçilən və yüksək döyüş hazırlığına malik Həzi Aslanov təhsilini Leninqradda davam etdirib. 1929-cu ildə hərbi xidmətə başlayan Həzi Aslanov Sovet-Finlandiya müharibəsində iştirak edib. 1941-ci ildə müharibənin başlandığı ilk günlərdə kapitan Həzi Aslanovun komandiri olduğu avtomobil batalyonu Lvov şəhəri yaxınlığında yerləşirdi. Komandir Həzi Aslanovun hitlerçilərə qarşı ilk döyüşü Zoluçev adlı ərazidə başlayıb.
Moskva ətrafındakı döyüşlərdə hərbi təşkilatçılıq bacarığına və şəxsi igidliyinə görə ona “podpolkovnik” rütbəsi verilib. İlk cəhdləri uğurlu alınan komandir-tankçının hərbi istedadı və qələbəyə olan sarsılmaz inamı 1942-ci il 15-19 dekabr tarixlərində Stalinqrad uğrunda gedən vuruşmalarda özünü bir daha parlaq surətdə göstərib. Stalinqrad ətrafında gedən yay döyüşlərinin qızğın vaxtlarında podpolkovnik Həzi Aslanovun 55-ci tank polkuna komandir təyin edilməsi haqqında əmr imzalanıb.
4-cü mexanikləşdirilmiş korpusun tərkibinə daxil olan bu polk yeni texnika ilə təchiz edilərək hər an hücum əmri gözləyirdi. Həzi Aslanov özünəxas olan tükənməz enerji ilə şəxsi heyəti və döyüş texnikasını bu mühüm əməliyyata hazırlayırdı. Nəhayət, gözlənilən an gəlib çatdı. 1942-ci il noyabrın 19-da sovet qoşunlarının Stalinqrad ətrafında tarixi əks-hücumu başlandı.
İki gün ərzində bir neçə cəbhədən qoşunlar hərəkətə keçdi. Həzi Aslanovun polku podpolkovnik Diasamidzenin atıcılar polku ilə qarşılıqlı əlaqə şəraitində Satsa və Barmansk gölü rayonunda hücuma başladı. O, döyüşün ilk saatları ərzində düşmənin 4 tankını, 5 minaatan batareyasını, 10 əl pulemyotunu, bir ağır topunu və 10 tankvuran tüfəngini darmadağın etdi. Keçirilən əməliyyat nəticəsində yüzlərlə faşist öldürüldü, 700 əsgər və zabit əsir alındı.
Bu zaman general Volskinin rəhbərlik etdiyi korpusun hissələri Şimal-Qərb istiqamətində irəliləyərək noyabrın 21-də Abqanerova stansiyasına doğru hərəkətə başladı. İki gün sonra tanklar Sovetski qəsəbəsinə daxil oldu və noyabrın 23-də Cənub-Qərb cəbhəsinin hissələri ilə birləşdilər.
1942-ci ilin dekabr ayının ortalarında alman komandanlığı mühasirəni yarmaq məqsədilə mübarizəni davam etdirirdi. Feldmarşal Paulyusa kömək etmək üçün Kotolnikovo rayonundan feldmarşal Manşteynin tank ordusu döyüşə yeridildi. Digər hissələrlə yanaşı, Verxni Kumsk xutoru ərazisində düşmənin yolunu kəsmiş podpolkovnik Həzi Aslanovun polku da faşist qoşun dəstələrinə qarşı hücuma keçdi. Döyüşlər olduqca şiddətli xarakter aldı.
Çətin və təhlükəli ərazilərdə Həzi Aslanovun komandir tankı ön sıralarda görünürdü. Beləliklə, bu döyüşlərdə xüsusi manevr bacarığı nümayiş etdirən Həzi Aslanovun polku düşmənin 45 tankını darmadağın etdi, 13 tankını isə hərbi qənimət kimi ələ keçirdi. Düşmənin çoxlu sayda top, minaatan, avtomobil və digər döyüş texnikası məhv edildi, irəliləməsinin qarşısı alındı.
Komandanlığın döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirdiyinə, qəhrəmanlıq və şücaət göstərdiyinə, tabeliyində olan hissələrə bacarıqla rəhbərlik etdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 dekabr 1942-ci il tarixli Fərmanı ilə şöhrəti ellərdə gəzən həmyerlimiz Həzi Əhəd oğlu Aslanova "Sovet İttifaqı Qəhrəmanı" adı verilir.
1943-cü ilin payızında 35-ci qvardiya tank briqadasının şəxsi heyəti aldığı yeni texnika ilə döyüşlərə hazırlaşdığı bir vaxtda polkovnik Həzi Aslanov Moskvada Zirehli Tank və Motorlu Qoşunlar Akademiyasına təhsil almağa göndərilir. Akademiyanı bitirmək ərəfəsində olan Həzi Aslanova 1944-cü il martın 13-də "general-mayor" hərbi rütbəsi verilir.
Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov dünya hərb elmi tarixində "Cinahlardan zərbə" taktikasının mahir bilicisi kimi tanınmış sərkərdədir. O, döyüş ustalığını yorulmadan təkmilləşdirən, müxtəlif taktiki üsulları cəsarətlə tətbiq edən, dünya hərb elminə yeniliklər gətirən qəhrəman komandirlərdən biri olub. Cinahlardan qəfil zərbə endirmək ustası kimi şöhrət qazanıb. Yenilməz sərkərdə "Pravda" qəzetində dərc edilmiş "Cinahlardan zərbə" adlı məqaləsində yazırdı: "Düşmənə qarşıdan zərbə endirmək nə qədər şirnikdirici görünsə də, mən cinahlardan zərbə vuraraq düşməni məhv etməyi daha üstün tuturam. Düşmənin cinahlarını tapmaq və ona ən ağır yara ala biləcək yerindən zərbə endirmək heç də sadə iş deyildir, bu, hər bir komandirdən çoxlu zəhmət, ixtiraçılıq və dözüm tələb edir".
General-mayor Həzi Aslanov döyüşçülərə tez-tez deyirdi: "Geciksən, döyüşü uduzarsan". O, özü heç vaxt gecikmirdi, tabeliyində olanları da bu ruhda tərbiyə edirdi.
Volqa sahillərindəki istehkam qarşısında mühasirəyə alınmış faşist qoşun birləşmələri təslim olduqdan sonra Həzi Aslanovun tankçıları 416-cı Azərbaycan Atıcı Diviziyasının döyüşçüləri ilə qarşılıqlı əlaqə şəraitində Taqanroq şəhərinin azad edilməsində şücaət və igidlik nümunələri göstəriblər. Qəhrəman komandir "Mius cəbhəsi" döyüşlərindən sonra “Aleksandr Nevski” ordeninə layiq görülüb.
Həzi Aslanovun tankçıları Kiyevin cənub rayonlarının, Kursk və Belarusiya torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə də yüksək hərbi bacarıq nümayiş etdiriblər. Belarusiyanın paytaxtı Minskin azad edilməsində iştirakına görə Həzi Aslanovun briqadası Ali Baş Komandanlığın əmrlərində xüsusi qeyd olunub. Təkcə 1944-cü ildə Həzi Aslanovun adı Ali Baş Komandan İ.V.Stalinin qələbə münasibətilə verdiyi əmrlərdə 8 dəfə çəkilib.
Hərb elmlərinin mahir bilicisi olan qəhrəman həmyerlimiz Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına təqdim edilsə də, erməni fitnəkarlığı və general Baqramyanın gizli fəaliyyəti nəticəsində bu təqdimatın reallaşması illərlə əngəllənib. Yalnız ölümündən 47 il sonra - 21 iyun 1991-ci ildə Əməkdar incəsənət xadimi, professor, tədqiqatçı-jurnalist Musa Bağırovun uzun illər apardığı gərgin mübarizə, zəhmət və səylər nəticəsində tank qoşunları qvardiya general-mayoru Həzi Aslanova ikinci dəfə "Sovet İttifaqı Qəhrəmanı" adı verilib.
Musa Bağırov uzun illik axtarış və tədqiqatlarının nəticəsi olan "Sərkərdənin taleyi" sənədli əsərində yazır: "Bəli, nəhayət, 47 ildən sonra, çox çətin axtarış-tədqiqat işlərindən sonra haqq-ədalət qalib gəldi. Tarix heç vaxt məhv olub itə bilməz. O, bir güzgü kimi nə vaxtsa bütün keçmiş hadisələri - pisi də, yaxşısını da əks etdirir. Aradan on illər keçmiş olsa da, bu gün Aslanovun adı tarixin səhifələrində, daşda, mərmərdə, qranit heykəllərdə, xalqımızın ürəyində və yaddaşında yaşayır".
Stalinqraddan Baltik sahillərinədək şərəfli döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepaya rayonunda ağır yaralanır və hospitala yerləşdirilir. Hərbi hospitalda tibbi-sanitar xidməti komandiri mayor Georgi Rafailoviç Beqişvili qəhrəman həmyerlimizə öz qanından verir. Lakin bir gün sonra onun Moskvaya köçürülməsi tapşırılsa da, artıq gec olur. Tapşırıqdan üç saat sonra Azərbaycan xalqının sərkərdə oğlu yolda olarkən gözlərini əbədi həyata yumur.
Qəhrəman sərkərdəmizin cənazəsi 1945-ci il yanvarın 26-da təyyarə ilə Bakıya gətirilir. Həmin gün Bakının küçələri izdihamla dolu olur, xalq qəhrəman oğlunu son mənzilə yola salmaq üçün Dağüstü parka axışır.
Azərbaycan xalqının şanlı oğlu Həzi Aslanov İkinci Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi qəhrəmanlıq və igidliyə görə 3 “Qırmızı Bayraq” ordeni, 2-ci dərəcəli “Suvorov” ordeni, “Aleksandr Nevski” ordeni, 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni, 2 “Qırmızı Ulduz” ordeni və çoxsaylı medallarla təltif edilib.
Yorulmaz tədqiqatçı Musa Bağırov xatirələrində yazır: "Böyük Vətən müharibəsində göstərdikləri igidlik və qəhrəmanlığa görə cəmi 16 nəfər tankçı iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 17-ci isə bizim millətin nümayəndəsi Həzi Aslanov olub. Mən çox şadam ki, iyirmi illik ağır və çətin tədqiqat işlərim hədər getmədi, nəticədə haqq-ədalət öz yerini tapdı".
Həzi Aslanovun adı ölməzdir. Bu ad xalqımızın qəlbində yaşayır. Tarix bu adı Vətənə sədaqətli xidmət nümunəsi kimi əsrlər boyu yaşadacaqdır.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"