AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
20 Yanvar faciəsindən 36 il keçir. Bu illər bir həqiqəti daha da möhkəmləndirdi: Azərbaycan xalqı azadlığını göz yaşları ilə yox, iradəsi və canı bahasına qazanıb. 20 Yanvar faciə olmaqla yanaşı, xalqımızın qorxmazlığının, sınmayan ruhunun və milli qürurunun zirvəsidir.
O gecə tanklar şəhərə girəndə xalq geri çəkilmədi. Silahsız insanlar ölümün üzünə dik baxdılar. O gecə Vətən sevgisi qorxudan güclü idi. Küçələrdə təkcə insanlar yox, bir millətin ləyaqəti dayanmışdı. Qan töküldü, canlar getdi, amma xalq diz çökmədi.
20 Yanvar şəhidləri ölümə deyil, tarixə, əbədiyyətə yürüdülər. Onlar sübut etdilər ki, bu torpaq əsarətə boyun əymir. Həmin gecə axan qan müstəqil Azərbaycanın ilk qəhrəmanlıq imzası oldu. Bu, susqunluğun yox, üsyanın, təslimiyyətin yox, qəhrəmanlığın gecəsi idi.
Ümumxalq Hüzn Günü kimi hər il geniş qeyd olunan 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi, milli iradəmizin imperiya üzərində zəfər çaldığı gün kimi daxil olub. Bu tarix azərbaycançılığın qüdrətinin dünyaya bəyan edilməsinin başlanğıcı idi.
Sovet İttifaqında uzun müddət davam edən durğunluğu tədricən iqtisadi böhran əvəz etmişdi. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumətin əməli tədbirlər görməməsi və digər neqativ hallar vaxt keçdikcə haqlı narazılığı artırırdı. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyillərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Bu amillər və onlardan rişələnənlər açıq mübarizə müstəvisində Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı.
Bu zaman bir tərəfdən Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqı rəhbərliyinin hazırladığı planın həyata keçirilməsi üçün də bir “fürsət” oldu. Azərbaycana qarşı sərt tədbirlərin görülməsi üçün “şərait” yarandı.
1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, digər xüsusi təyinatlı hərbi qurumların iyirmi mindən çox əsgər və zabiti Bakıya və şəhər ətrafındakı hərbi hissələrə yerləşdirildi. Bu ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan, əsasən erməni zabit və əsgərlər, hərbi məktəblərdə təhsil alan erməni kursantlar da cəlb edilmişdi.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman qəbul etmişdi.
Yanvarın 19-da SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı ki, buna görə də Bakıda fövqəladə vəziyyətin elan edilməsi və şəhərə qoşun yeridilməsi barədə əhaliyə rəsmi məlumatı çatdırmaq mümkün olmadı, yəni qırğının miqyası bu şəkildə daha da artırıldı.
Fövqəladə vəziyyət yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməli idi, ancaq qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən əvvəlcə Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ Müdafiə naziri Dmitri Yazov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov rəhbərlik etmişdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən qoşun hissələri küçələrə çıxıb istər erməniliyin törətdiklərinə, istərsə də sovet imperiyasının bu hadisələrə biganəliyinə etirazlarını bildirən dinc əhaliyə qarşı bəşər tarixinin insanlığa sığmayan ən faciəvi hadisələrindən biri - dinc nümayişçilərin gülləbaranı baş verdi. Ağır hərbi texnika barrikadaları çox asanlıqla dağıtdı. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Əhaliyə fövqəladə vəziyyət elan edilənədək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra - yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.
İnsanlığa sığmayan qəddarlıqla milli-azadlıq hərəkatını yatırtmaq məqsədilə Azərbaycana yeridilən imperiya qoşunları Bakıda və respublikanın müxtəlif rayonlarında 146 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi. 700-dən çox adam yaralandı, 841 nəfər qanunsuz həbs olundu.
O vahiməli gecənin aydınlığa çıxması Bakının ürəkağrıdan, dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən deşik-deşik olmuş övladlarını qan gölünə dönmüş küçələrdən tapdı. Bu, azadlığa, müstəqilliyin bərpasına gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi...
Nə qədər hüznlü və acı olsa da, xalq öz mübariz, qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq qədər şərəfli idi düşmən silahının nişangahında Vətənin şəhidlərini layiqincə son mənzilə yola salmaq. Var olduğu gündən işğalçılar qarşısında baş əyməyən xalqımız sarsılmadı, əyilmədi, qorxmadı. Müqəddəs zirvənin fatehləri yüz minlərin çiynində əbədiyyətə qovuşdular.
Azərbaycan xalqı yüzilliyin sonunda böyük qurbanlar verdi, tarixinin taleyüklü günlərində milli ruhunun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə susdurmaq, mübarizədən çəkindirmək, qorxutmaq, dayandırmaq mümkünsüzdür.
Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təşkilatçıların, günahkarların cəzalandırılmasını tələb etmişdi. Ulu Öndər həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk siyasi qiymət vermişdi.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar Şəhidi" adı verilmişdir.
Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".
Bu siyasəti Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün də uğurla davam etdirir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
20 Yanvar təkcə bir faciənin deyil, Azərbaycan xalqının şəhidlik və qəhrəmanlıq yolunun başlanğıcıdır. O gecə Bakının küçələrində axan qan illər sonra Qarabağ dağlarında, Füzuli düzlərində, Şuşa qayalarında davam edən bir mübarizənin ilk harayı idi. Onlar silahsız halda tankların qarşısına çıxdılar. Azadlıq istəyinin, Vətən sevgisinin güllədən, zirehli texnikadan, zorakılıqdan üstün olduğunu sübut etdilər.
İllər sonra Vətən müharibəsində şəhid olan oğullarımız da eyni ruhla döyüşə atıldılar. Fərq yalnız silahda idi, məqsəd isə eyni qaldı - Vətənin azadlığı, torpağın şərəfi, bayrağın ucalığı. 20 Yanvarda xalqın sinəsi sipər oldu, Vətən müharibəsində isə əsgərimiz düşmənin sinəsini yarıb keçdi.
20 Yanvar şəhidləri azadlıq ideyasını miras qoydu, Vətən müharibəsi şəhidləri isə onu Zəfərlə tamamladı. O gecə xalq ayağa qalxmışdı, bu dəfə Müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli Azərbaycan Ordusu ayağa qalxdı. Biri müstəqilliyin təməlini qoydu, digəri həmin müstəqilliyi gücləndirdi, ərazi bütövlüyümüzü bərpa etdi.
Bu gün Şəhidlər xiyabanında uyuyan 20 Yanvar şəhidləri ilə Qarabağ torpağında uyuyan Vətən müharibəsi şəhidləri eyni səmanın altındadır. Onları birləşdirən bir amal var: Azərbaycanı yaşatmaq.
Bu gün biz təkcə matəm saxlamırıq, qürur duyuruq. Çünki 20 Yanvarın qürurla başlayan yolu Vətən müharibəsində Zəfərlə taclandı. 20 Yanvarda başlayan yol Qarabağda Zəfərlə tamamlandı. Şəhidlərimizin qanı bir bayraqda birləşdi.
Torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda mübarizədə qurban getmiş şəhidlər heç vaxt unudulmayacaqlar. Ucaldıqları müqəddəslik onları ölməzliyə - Əbədiyyətə, xalqımızı isə Azadlığa qovuşdurdu.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"