AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi hissələrdə əsgərlərimizlə Vətən haqqında söhbətlərimizin yekunlaşdığını xatırlaya bilmirəm - söz sözü çəkir, mətləb mətləbi, hərdən fikir fikrin başlanğıcı və davamı olur. Əsgərlərdən biri Dilsuzun "Bura Vətəndi" şeirini xatırlatmışdı, "Bura Vətəndi, Gülü bitəndi..." demişdi. Bir anlıq səssizlikdən sonra misralar əsgərlərin sayı qədər təkrarlanmışdı. "Vətən Vətəni Vətən kimi sevənlərindi" kəlamı duyğusal ovqat yaratmışdı. "Kaş Vətəni Vətən kimi sevənlərimizin sayı sayımız qədər olaydı..." - deyilmişdi. Bu əsrarəngiz niyyətin işığında yenə Vətəndən danışırıq. Göy üzü üzə gülürdü...
Akademik Xudu Məmmədovun bir kəlamına Vətənə sevginin formalaşması şərtlərindən biri deyərdim: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz uşaqlara Vətəni tanıdın, özləri sevəcəklər". Uşaq tanıya-tanıya sevdiyi Vətəni həm də sevə-sevə tanıyır, çağırışçı yaşına çatanda gördüyü, tanıdığı, könlünə köçürdüyü yerləri Vətən bilir, Vətənin nə olduğunu onda anlayır...
"N" hərbi hissəsində əsgərlərlə söhbətimiz Vətənlə başlamışdı, Vətənlə davam edirdi. Əsgər Qəzənfər Sadıqovun dedikləri düşüncələrimizdə doğma bir meh əsdirdi:
- Uşaqlığımızda biz də tanıdığımız çöldə-düzdə, dağda-daşda dava-dava oynayardıq. Onda heç kim düşmən, yəni, erməni əsgəri olmaq istəmirdi. Hərdən dilə tutanlardan olurdum, hərdən dilə tutulanlardan. Sonda dilə tutulan oyun xətrinə razılaşardı. Oyuna başlayardıq. Düşmənlərin hamısı öldürülürdü, azərbaycanlı döyüşçülər qalib gəlirdilər. Oyun bitəndə düşmənin əsgərləri də qaliblərə qoşulub sevinərdilər - azərbaycanlı döyüşçülər qalib gəldiyinə görə. İllər sonra dərk elədik ki, dava-dava oyununda azərbaycanlı döyüşçüləri "öldürmək" istəməyənlər (və "öldürməyənlər") niyə erməni "döyüşçüsü" olmaq istəmirmiş. Vətən naminə...
Bu oyunlarla böyüdük, çağırışçı olduq, hərbi xidmətə gəldik. Hər birimiz dövlət sərhədlərimizin üzərinə düşmən kimi gələnlərlə İkinci Qarabağ müharibəsinin döyüşçülərinin döyüş əzmi ilə, qələbə ruhu ilə döyüşərik. Vətən naminə!..
Göy üzündə bir qartal süzürdü. Bu uçuşun eynini 2025-ci il sentyabrın 25-də "Mübariz postu"nun yaxınlığında, noyabrın 12-də Lələtəpənin o üzündə də görmüşdüm. O uçuşların da səssizliyi mənə çox mətləblər demişdi, bu uçuşun səssizliyi də mətləblər deyirdi. Onda da mətləbləri mənə əsgər baxışları çatdırmışdı, indi də əsgər baxışları çatdırdı. Vətən naminə...
Əsgər Qəzənfər Sadıqovun könlümüzü telləndirən fikirlərini əsgər qürurla, dünənlərdən daha çox sabahlara sevgilərlə tamamladı:
Hamımız uşaqlığımızda Qəzənfərin yada saldığı dava-dava oyununu oynamışıq. Qəzənfərin sözünün qüvvəti, biz həm də bu oyunla yeniyetmələşmişdik. Bu oyunlarımızı orta məktəbdə hərbi hazırlıq dərsləri əvəzlədi, xatırlayıram ki, bu oyunlarda azərbaycanlı "döyüşçü" olan Vaqif" yaralanmışdı". Şərtlərə görə Vaqif oyunu davam etdirə bilməzdi. Ancaq davam etdirmişdi - haradansa tapdığı qol boyda parça ilə "yaralanmış" ayağının "güllə" dəymiş yerini sarımışdı. Oyunun sonunda qaydaları pozduğuna görə suçlananda suçlayanları suçladı: "Sarıdım, qan kəsdi, döyüşə qayıtdım. Axırda udan da biz olduq"...
İndi Vaqif də hərbi xidmətdədir. Onun nümunəvi əsgər olduğuna zərrəcə şübhəm yoxdur. İkinci Qarabağ müharibəsi altı il əvvəl başlasaydı, Vaqif də Vətən naminə fədakar, igid bir döyüşçü olardı...
Əsgərlər tarixi hadisələri də, olmuşları da, eşitdiklərini də xatırladılar. Deyilənlər çıxılmaz vəziyyətlərdə vətənpərvərliyin qüdrəti kimi dinlənildi. Əsgərlər bu gün də əmin oldular ki, çətin anlarda vətənpərvərlik Vətən naminə silaha dönür. Əsgər İlyaz Əsgərovun dedikləri də təsdiqlədi ki, vətənpərvərliyin formalaşmasında yaşla bağlı konkret başlanğıc, yaş həddi olmur - azərbaycanlıların vətənpərvərlik duyğuları özünü uşaqlığından büruzə verir, formalaşmağa başlayır, formalaşır və milli-mənəvi dəyərə çevrilir:
- Beşinci sinifdə oxuyanda müəllimimiz bizə Xocalı faciəsinə həsr olunmuş tədbirdə eşitdiyi bir hadisəni də danışmışdı:
Ermənilər şəhərə doluşanda camaat ölümdən, əsirlikdən qurtarmaq üçün Ağdama tərəf qaçırmış. Çətik dağının həndəvərlərinə çatanda duyurlar ki, xeyli aralıdan qarışıq səslər gəlir. Diqqətlə dinləyirlər. Səs ermənilərin səsi imiş. Heç birində silah yoxuymuş. Döyüşə bilməyəcəkdilər. Ermənilər çatsa, hamısı əsir düşəcəkdi, öldürülənlər də olacaqdı. Ağsaqqallardan biri bircə dəfə "Offf" deyib, ürəyini tutub, diz çöküb, keçinib. Ata-anasından ayrı düşmüş 12-13 yaşlı uşaq ağsaqqalın gödəkçəsinin altında görünən xəncəri götürür, səs gələn səmtə baxır, əsirlikdən, ölümdən uzaqlaşmaq istəyənlərə baxır, göy üzünə baxır. Udqunur, sonra bayaqdan bəri iz-izə, üz-üzə, nəfəs-nəfəsə qaçıb yoldaşlarına deyir ki, siz gedin, tələsin, mən gələnlərin başını qatacam, məni əsir götürmək istəyəcəklər. Çətiyə çatmağa çalışın, oradan Ağdama.
Ermənilər yaxınlaşdıqca uşaq gah sağa tərəf yüyürür, gah sola tərəf, gah geriyə, gah onlara tərəf. Gözaltı gedənlərin arxasınca baxır. Uzaqlaşıblarmış. Ermənilər çata-çatda, onların nəfəsini duyanda xəncəri ürəyinə sancır. Vətən naminə...
Xocalı faciəsində 12-13 yaşlı uşağın düşüncələri, cəsarəti, şəhidliyi ölümlərin yolunu belə kəsib - Vətən naminə...
Əsgər Nicat Əliyev oxuduğu bir yazını xatırladır:
- İkinci Qarabağ müharibəsində döyüşçülərimiz Şuşaya, dağları aşaraq yaxınlaşırdılar. Onların döyüş yolu dağların sıldırımından, soyuqdan, küləklərin içindən keçirdi. O gecə insaflı gecəydi, açılan səhərin dan yeri ən gözəl dan yeriydi...
Vaqif ayağından yaralanmışdı. Sarısa da, qan dayanmırdı. Getdikcə halsızlaşırdı. Özünü ələ alıb qanı ilə dağın sinəsinə "Qarabağ Azərbaycandır!" yazdı - Vətən naminə...
İllər Vətən üçün yaşanılanda ömürləşir - Vətən naminə...
Hərbi hissələrdə əsgərlərlə söhbətimiz Vətənlə başladı. Vətənə ad olan söhbətin sonu olmur - Vətən naminə...
Rəşid HÜSEYNOV
əməkdar jurnalist