AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu torpaq uğrunda, Ana Vətənə sevgi naminə kimlər öz canından keçmədi ki... Babalarımızdan bizə miras qalan torpaqlarımız üçün neçə nəfər öz şirin canından keçərək ali zirvəyə yüksəldi. Raquflar, Şirinlər, Pəncəlilər, Mübarizlər, Poladlar, Muradlar, Samidlər daha kimlər... Hər biri bir elin-obanın, bir ata-ananın, bir ailənin arxa-dirəyi olan qəhrəmanlar... Düşünmədən, "Təki Vətən yaşasın!" deyərək ölümün üzərinə gedən Vətən fədailəri... Şəhidlik ali bir zirvə olmaqla yanaşı, həm də hər bir vətəndaşa örnək bir məktəbdir. Hansı ki, o məktəbdən igidliyin, şücaətin, cəsurluğun nə olduğunu öyrənirik.
Həyatda hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə yüksəlmək nəsib olmur. Ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır.
Bu gün qürur mənbəyimiz olan şəhidlərimizlə bütün Azərbaycan xalqı fəxr edir. "Bu torpaq mənimdir", "İşğal altındakı torpaqlarımızı düşməndən azad edəcəyəm", "Ana Vətənimizin hər yerində üçrəngli bayrağımız dalğalanacaq" deyib canlarını torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü və suverenliyi naminə qurban verən mərd oğulları yaxından tanımaq, onların əziz xatirələrini daima yad etmək hər birimizin borcudur. Qanları-canları ilə tarix yazan şəhidlərimiz hər zaman bizim qəlbimizdə yaşayacaqdır.
2020-ci ilin 27 sentyabrından başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın işğala son qoymaqla tarixə Böyük Qələbəylə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə oğlumuz qəhrəmanlıq, igidlik nümunələri göstərdi. Belə cəsur oğullardan biri də şəhid Məhəmməd Şəbiyevdir. Vətən müharibəsində Məhəmməd kimi yüzlərlə gəncimiz ata-babalarımızın qəhrəmanlıq, döyüşkənlik ənənələrini davam etdirdi.
Məhəmməd Şəbiyev 1998-ci il avqustun 6-da Bakı şəhərində anadan olub. 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2016-2020-ci illərdə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda hərbi təhsil alıb.
Şəhid zabitimiz 2020-ci ildən Azərbaycan Ordusunun sıralarında "leytenant" hərbi rütbəsində taqım komandiri kimi xidmətə başlayıb.
Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Şəbiyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatında iştirak edib. İşğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Şəbiyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı döyüş tapşırığını yetirən zaman şəhid olub, Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Məhəmməd Şəbiyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Məhəmməd Şəbiyevin xatirəsi əbədiləşdirilib, Sabunçu rayonu Zabrat qəsəbəsində adına küçə verilib.
Zaman ötür, fəsillər dəyişir, illər keçir. Bu illər ərzində elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. 2016-cı ilin Aprel döyüşləri kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi kimi, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı kimi... Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları-canları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Məhəmməd kimi oğullarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.
Hər birimizin qəlbində ən ülvi bir hiss - Vətənə, torpağa olan məhəbbət yaşayır. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən bir ümmandır. Bu gün şəhidlərimiz bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, fəxrimizdirlər.
Əli ABIYEV
"Azərbaycan Ordusu"