Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2026 11:38

“İşğalı sonlandırdıq, Qarabağımızı işğaldan azad etdik, qara buludları yurdumuzun üzərindən dağıtdıq”

Mayor Sakin Qəhrəman oğlu Yediyarov əslən Göyçay rayonundandır. Hələ kiçik yaşlarından ailədə və məktəbdə aşılanan vətənpərvərlik hissi, Ana Vətənə olan sevgisi və torpaqlarımızın işğal altında olması onun həyat yolunu ordu sıralarına bağlayıb.
Bu səbəbdən də o, sənədlərini toplayaraq indiki Heydər Əliyev adına Hərbi İnstituta təqdim edib. Müvafiq yoxlamalardan keçdikdən və qəbul imtahanlarını uğurla verdikdən sonra hərbi təhsil müəssisəsinə qəbul olub.
Təhsil müddətində təcrübəli və peşəkar müəllimlər tərəfindən keçirilən dərslərdə hərb sənətinin sirlərinə yiyələnib. Xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə başa vuran Sakin Yediyarov "leytenant" hərbi rütbəsində Vətənimizin keşiyində dayananların sırasına qoşulub.
Ordu sıralarında xidmətə başlayan gənc zabit həm şəxsi heyətin, həm də komandir heyətinin hörmət və rəğbətini qazanıb. Müxtəlif hərbi hissə və vəzifələrdə xidmət edən həmsöhbətim hər zaman verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıb.
Mayor S.Yediyarov 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatlarında iştirak edib.
"Ana Vətənimizi qorumaq və onun uğrunda hər an canından keçməyə hazır olmaq hər birimizin övladlıq borcudur. Çünki Vətən bizim anamız və ən müqəddəs varlığımızdır. Yenicə müstəqilliyimizi əldə etdiyimiz zaman xain düşmən təpədən-dırnağadək silahlanaraq torpaqlarımızı işğal etdi. Bu işğal nəticəsində həmvətənlərimiz şəhidlik zirvəsinə yüksəldi, minlərlə soydaşımız doğma el-obasından didərgin düşdü.
İllərlə tarixi torpaqlarımız işğal altında qaldı, mənfur düşmən yurd yerlərimizi viran etdi. Ermənistanın siyasi və hərbi rəhbərliyi düşünürdü ki, Azərbaycan bu işğalla barışacaq. Yeni ərazilər işğal etməyə cəhd göstərən düşmən növbəti dəfə təxribatlara əl atdı. 2020-ci ilin 27 sentyabrında həyata keçirdiyi genişmiqyaslı təxribat isə artıq işğalın son nöqtəsi oldu.
Müzəffər Ali Baş Komandanımızın döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. İllərdir hər birimiz bu günün həsrəti ilə yaşayırdıq. Elə bu səbəbdən də hər kəs döyüşlərə sevinclə qatıldı. İlk gündən etibarən tarixi torpaqlarımızı azad etməyə başladıq. Düşmən Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilmədi və döyüş meydanında müasir silahlarla təchiz olunmuş qüdrətli ordu ilə baş edə bilməyəcəyini anladı.
Cəmi 44 gün ərzində işğala son qoyduq, Qarabağımızı azad etdik, qara buludları yurdumuzun üzərindən dağıtdıq", - deyə mayor S.Yediyarov qeyd etdi.
O, Azərbaycan Ordusunun və Azərbaycan əsgərinin əməliyyatlar zamanı döyüş meydanında yüksək peşəkarlıq və şücaət nümayiş etdirdiyini vurğuladı. Təəssüf hissi ilə bildirdi ki, 44 günlük Vətən müharibəsi döyüşlərində sonadək iştirak edə bilməyib.
Oktyabrın 6-da Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb, döyüş meydanından təxliyə edilərək hərbi tibb müəssisəsində müalicə olunub.
Zabit qeyd etdi ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.
"Bu gün mən də silahdaşlarım kimi həmin döyüşlərin iştirakçısı olmağımla və xalqımıza tarixi qələbələrin sevincini yaşatmağımla qürur duyuram. Xoşbəxt hərbçiyəm ki, xidmət müddətim məhz bu tarixi döyüşlərə təsadüf etdi.
Biz bu tarixi şəhidlərimizin canı, müharibədə sağlamlığını itirən silahdaşlarımızın qanı, igid oğullarımızın qəhrəmanlığı bahasına yazdıq. Torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qisasını döyüş meydanında düşməndən aldıq.
Bu gün də digər silahdaşlarım kimi əminliklə deyə bilərəm ki, bundan sonra da Vətənimiz üçün çalışacaq, hər an onun müdafiəsinə hazır olacağam və lazım gələrsə, bu yolda canımı belə əsirgəməyəcəyəm", - zabit bildirdi.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində göstərdiyi fədakarlıq və rəşadətə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə mayor Sakin Yediyarov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Elçin İMANOV

"Azərbaycan Ordusu"