AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dahi şairimiz Səməd Vurğun "Kitabsız bir ömrün nə mənası var?" deyirdi. Digər bir müdrik kəlamında isə deyir ki, kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. Bəli, kitablar yazılır ki, hər zamanda, hər dönəmdə oxunsun, gələcək nəsillərə tariximizi doğru-düzgün çatdıra bilsin. Yazılan qalır. Kitablar da hansı zamanda yazılırsa, həmin zamanı gələcəyə aparır. Ən güclü təbliğat vasitələrindən biri də kitabdır. Daş kitabələr, orada yazılanlar əsrlərdir qorunaraq bu günümüzədək gəlib çıxıb. Kitablar hər bir xalqın mənəvi daşıyıcısıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin nəsildən-nəslə ötürülməsində, qorunub saxlanılmasında yazılan kitablarımızın qiyməti əvəzsizdir.
Milli-mənəvi dəyərlərimizdə ata-babalarımızın qəhrəmanlıq ənənələrinin yaşadılması, Vətən, torpaq hissiyyatı əsas və güclü xətt kimi keçir. Bu xətt də ədəbiyyatımızda önəm daşıyır və hər zaman diqqətdə saxlanılır. Böyük əsərlər, maraqlı süjet xətti olan sənədli roman və povestlər müharibədən sonra yazılır. Tarixən bu, belədir. İkinci Dünya müharibəsindən sonra çox zəngin Azərbaycan müharibə ədəbiyyatı yaradıldı.
Onlardan görkəmli yazıçı Hüseyn Abbaszadənin Tank Qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun şanlı və şöhrətli döyüş, eyni zamanda ömür yoluna həsr etdiyi irihəcmli "General" sənədli romanını, tanınmış yazıçı və ssenaristlər İmran Qasımov və Həsən Seyidbəylinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr etdiyi "Uzaq sahillərdə" bədii əsərini, xalq şairimiz Süleyman Rüstəmin "Ana və poçtalyon" şeirini, "Qafurun qəlbi" poemasını, Məmməd Rahimin "Leninqrad göylərində" əsərini misal göstərmək olar.
Milli-mənəvi dəyərlərimizin təbliğatında qəhrəmanlığın, vətənsevərliyin, torpaqsevərliyin tərənnümü yazılan kitabların əsas qayəsini təşkil edir. Ermənistan Respublikasının Vətənimizə qarşı başlatdığı ərazi iddiaları, elan olunmamış müharibə tariximiz, 30 illik işğal dövrü, eyni zamanda, 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı parlaq Qələbə, respublikamızın ərazi bütövlüyünün, konstitusiya quruluşunun və suveren hüquqlarının tam təmin olunması bu gün müasir Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu kimi geniş şəkildə təbliğ olunur.
Müharibə ədəbiyyatımızın getdikcə daha da zənginləşməsi xalqımızın şanlı hərb tarixinin yaşadılmasında mühüm bədii vasitədir. Qarabağ mövzusunda yeni-yeni kitablar yazılmaqla, nəşrlər ərsəyə gətirilməklə müharibə ədəbiyyatımız daha da zənginləşdirilir. Müharibə qəhrəmanlarımız olan şəhidlərin şanlı döyüş yolları haqqında yazılan bütün ədəbiyyatlarda onların nakam ömürlərinə işıq salınır, cəbhədə göstərdikləri fədakarlıq və igidlik nümunələri gözlər önünə sərilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid valideynləri ilə görüşlərindən müxtəlif məqamlar kitablarda yer alır, onlara müraciətlər tərtibat zamanı ön səhifələrdə müdrik kəlam kimi təqdim edilir. Məsələn, Dövlət başçısı deyir: "Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq! Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. Allah sizə səbir versin. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdılar".
"Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc və hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq", - deyən dövlət rəhbəri 44 günlük Vətən müharibəsində Böyük Zəfərin əldə olunmasında əsgər və zabitlərimizin fədakarlığını, şücaətini, vətənpərvərliyini və peşəkarlığını hər zaman xüsusi olaraq vurğulayır.
Ali Baş Komandanın qürur tariximizi yaşadan bu müdrik fikirləri Qarabağ mövzusunda yeni-yeni əsərlərin yazılmasına və müharibə ədəbiyyatımızın daha da zənginləşməsinə güclü təkan verir.
Belə kitablardan biri də bu günlərdə işıq üzü görmüş Amil Məhərrəmoğlunun müəllifliyi ilə ərsəyə gətirilən Azərbaycan Ordusunun Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Rəşad Sadıqovdan bəhs edən "Xatirələrin işığında: Rəşad Sadıqov" adlı kitabdır. Bu kitab respublikamızın tanınmış nəşriyyatlarından olan "Adiloğlu" nəşriyyatı tərəfindən yüksək poliqrafik tərtibatla nəşr olunub.
Kitabda 1978-ci il oktyabrın 11-də Laçın şəhərində anadan olmuş, taleyinə yetkinlik yaşlarından qaçqınlıq və köçkünlük həyatı yaşamaq yazılmış, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Sadıqov Rəşad Xanlar oğlunun ömür və döyüş yolundan söhbət açılır.
Vətən, torpaq uğrunda öz canını əsirgəməyən igid zabitin ömür yolu gənc nəslin vətənpərvərlik, insanpərvərlik, doğma elə-obaya, yurda bağlılıq ruhunda tərbiyəsində örnək rolunu oynayır. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğlunun, Azərbaycan Ordusunun igid zabitinin həyat yolu ilə tanış olmaq istəyən bütün oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab, eyni zamanda, Qarabağ döyüşləri tarixinin bədii sənət incisi kimi müharibə ədəbiyyatına dəyərli töhfədir.
Qeyd edək ki, kitabın redaktoru hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İsa İsmayılov, korrektoru Günel Nadirova, üz qabığının tərtibatçısı isə Pərvanə Bayramovadır. Kitabda yer alan "Ön söz əvəzi və yaxud Şəhidlik əbədilikdir" başlığı altında "Hər kitab bir işıqdır" adlı yazı Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralıya məxsusdur.
Müəllif Amil Məhərrəmoğlu özü də zabitdir. Azərbaycan Ordusunun mayorudur. Haqqında bəhs etdiyi şəhid zabit Rəşad Sadıqov Vətən müharibəsi zamanı Amil Məhərrəmoğlunun komandiri olub. O, özünə mənəvi borc bilərək komandiri barədə qələmə aldığı hər bir yazının hər bir sətirində şəhid zabitin əsl insan, əsl vətəndaş, əsl döyüşçü, əsl oğul, əsl ata, əsl dost kimi "portret" cizgilərini boyasız şəkildə sənədlərin və faktların dili ilə, eyni zamanda, Rəşadı yaxından tanıyan insanların - doğmalarının, sinif, kursant, zabit, döyüş və iş yoldaşlarının, dostlarının dilindən oxucuya təqdim etməyə çalışıb.
Müəllif A.Məhərrəmoğlu çalışıb ki, komandirini oxucuya olduğu kimi tanıtsın. Xatirələrin işığında şəhid zabitimizin "portret" cizgiləri açıq-aydın görünür və oxucu öz qəhrəmanı ilə yaxından tanış olur, sanki onunla səmimi dialoq qurur.
Müəllif qələmə aldığı kitabında komandirinin tərcümeyi-halını, təltifləri haqqında məlumatı və xidməti xasiyyətnaməsini ön səhifələrdə yerləşdirməyi məqsədəuyğun hesab edib ki, oxucu şəhid zabitin həyat və xidmət yoluna ilk andan bələd olsun, Vətən və torpaq sevdalı qəhrəmanını yaxından tanısın. Xidməti xasiyyətnaməsində qeyd olunur: "Kollektivdə və yoldaşları arasında yüksək nüfuza malik idi. Şəxsi heyətlə ünsiyyət qurmağı bacarırdı. Özünə qarşı çox tələbkar idi. Hərbi geyim formasına və dövlət atributlarına hörmət edirdi. Dövlət sirrini qorumağı bacarırdı, fiziki və sıra hazırlığı yüksək səviyyədə idi. Şəxsi heyətin rəğbət və sevgisini qazanaraq davranışları ilə hər kəsə nümunə olub".
A.Məhərrəmoğlu komandirinin bütün şəxsi keyfiyyətlərini, doğma yurduna nə qədər bağlı olduğunu dərindən bildiyi üçün bəzən onun fikirlərini müsahiblərinin və doğmalarının vasitəsilə oxucuya çatdırır: "Müharibə başlayır, artıq üzərimdə daşıdığım bu formanın əsl daşınma məqsədini göstərmək və onu haqqı ilə daşıdığımı sübut etmək vaxtıdır. 13 yaşında hər şeyi orada qoyaraq çıxdığım yurdumu - Laçını öz əllərimlə düşməndən azad edəcəyimə hələ uşaqkən and içmişəm".
Müəllif komandiri ilə birgə irəlilədikləri cəbhə yollarından qısa epizodları, aralarında olan qısa dialoqları böyük həvəslə, eyni zamanda, ürək yanğısı ilə xatırladaraq yazır: "Hərbi hissəmizin bir taboru və artilleriya divizionu döyüşlər başladığı gündən Murovdağ-Kəlbəcər istiqamətində döyüşlərə qatılmışdı. İlk şəhidimiz artilleriya divizionunun əsgəri Yaqubzadə Yaqub Eldəniz oğlu oldu. 2 oktyabr 2020-ci ildə düşmənin açdığı artilleriya atəşi nəticəsində şəhidlik zirvəsinə yüksəldi. Hərbi hissə növbətçisinə məlumat daxil olarkən tez polkovnik-leytenant Rəşad Sadıqova xəbər verdim. Bu xəbəri demək də, eşitmək də ağır idi. Həmin vaxtı əvvəllər görmədiyim bir hala büründü. Gözləri doldu. Dili əsə-əsə "Allah rəhmət eləsin", - deyib üzünü çevirdi, tribunaya tərəf addımladı…".
Aralarındakı dialoq, son olaraq verdiyi vərəq, vərəqdəki qeydlər… A.Məhərrəmoğlunun xatırlatdığı bu məqamlar olduqca təsirlidir. "Cəbrayıl rayonunun Çələbilər kəndində kiçik bir dialoqumuz baş tutmuşdu: "İnşallah çataq, sizə Laçında qonaqlıq verəcəyəm. Öz evimizdə, həyətimizdə. Yəqin ki, evimiz qalmayıb, amma meyvə ağaclarından nəsə taparıq. Yekə qoz ağacı var idi, əgər kəsməyiblərsə…".
Yoldaşlardan biri: "Rəis, neçə gündür acıq, meyvə ilə çətin doyaq", - dedi. O da hazırcavablığından qalmayaraq: "Eybi yox, qonşunun bağına da girərik", - demişdi. O vaxt bu zarafata hamımız gülmüşdük".
Kitabda cəbhə səhnələri, epizodlar və cəbhə xatirələri müharibə ədəbiyyatının əsas süjet xətti kimi oxucuya təqdim olunur. A.Məhərrəmoğlu komandirinin ona verdiyi vərəqlə bağlı xatirələrini belə təsvir edir: "Aşağı düşəcəyimizi eşidib hərə bir yandan kağız, nömrə verdi. Rəis də bir vərəqdə qeydlərini etdi, sonra onu mənə uzatdı:
- Əgər imkan olsa, bunu bizimkilərə göndərərsən. Olmasa da, şəklini çək, at. Qoy görsünlər, evə də zəng edib hər şeyin yaxşı olduğunu bildir. Amma mütləq bunun şəklini çək, at ki, inansınlar".
Müəllif həmin vərəqdəki yazılarda yer alan "Z.O.", yəni, "Zəhmət olmasa" qeydinə xüsusi diqqət çəkərək şəhid zabit Rəşad Sadıqovun o çətin və məhdud şəraitdə belə alicənablığını, mədəniyyətini necə qoruduğunu oxucuya təsvir edir.
Əminliklə demək olar ki, cəbhə ədəbiyyatımızın dəyərli nümunələrindən sayılacaq bu kitab geniş oxucu auditoriyası qazanaraq, İkinci Qarabağ müharibəsinin şəhid zabiti, polkovnik-leytenant Rəşad Sadıqovun timsalında torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Vətən övladlarının şərəfli ömür yoluna, şəhid taleyinə və nurlu xatirəsinə işıq salacaq.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"