Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Yanvar 2026 11:38

“Keçirilən dərslər şəxsi heyətin biliklərini zənginləşdirir, onlarda ruh yüksəkliyi yaradır”

Şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması, onun möhkəm nizam-intizamı və ruh yüksəkliyi qələbəni şərtləndirən əsas amillərdəndir. Məhz bu səbəbdən ordu sıralarında bu amillərin formalaşmasında mühüm rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir.
"N" hərbi hissəsində günün nizam qaydalarına uyğun olaraq keçirilən ictimai-siyasi hazırlıq məşğələsi ilə tanış olduq. Dərslərin keçirilməsi üçün nəzərdə tutulan ideoloji otaq müvafiq standartlara uyğun formalaşdırılıb, zəruri avadanlıqlarla tam təmin edilib. Müasir Azərbaycan dövlətinin və qüdrətli ordumuzun qurucusu Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətlə görüşlərini, eləcə də tarixi qələbəmizlə başa çatan Vətən müharibəsini və hərbi paradları əks etdirən fotoşəkillər bizdə xoş təəssürat yaratdı.
Dərsin gedişatına mane olmamaq üçün onun bitməsini gözlədik. Mayor Sakin Yediyarov şəxsi heyətə günün mövzusunun "20 Yanvar - Ümumxalq Hüzn Günü" olduğunu bildirərək dərsə başladı. O qeyd etdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi. “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 36 il ötür. "Qanlı Yanvar" gecəsində xalqımıza qarşı törədilmiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığa, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilən terror aktı nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi. 20 Yanvar faciəsi nə qədər ağır olsa da, xalqımızın iradəsini, milli-azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, Azərbaycanın tarixinə parlaq səhifə yazdı və müstəqilliyimiz üçün yol açdı".
Mayor S.Yediyarovla söhbətimiz zamanı bildirdi ki, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti böyükdür. Keçirilən dərslər şəxsi heyətin biliklərini zənginləşdirir, eyni zamanda, onlarda ruh yüksəkliyi yaradır.
Ordu sıralarına Ağstafa rayonundan çağırılan əsgər Ziya Həsənzadə qeyd etdi ki, 1990-cı ilin Qanlı Yanvar faciəsi təqvimimizə qara hərflərlə yazılsa da, bu tarix bizim qürur mənbəyimizdir. “Soydaşlarımız həmin qanlı gecədə imperiyaya qarşı əliyalın, lakin inamlı mübarizəyə qalxaraq müstəqilliyimiz uğrunda canlarından keçdilər. Bu gün onların əziz xatirəsi daim ehtiramla anılır. Çünki onlar şəhid olaraq ölməzlik zirvəsinə ucalıblar.
Biz müstəqilliyimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi öz qanımızla, canımızla qazanmışıq və bundan sonra da onu qanımız, canımız bahasına qoruyacağıq", - deyə əsgər vurğuladı.
Bakı şəhərindən ordu sıralarına çağırılan əsgər Səfər Cəfərov bildirdi ki, təcrübəli zabitlərimizin sayəsində biliklərini daha da artırırlar. "İctimai-siyasi hazırlıq məşğələlərində müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin, Aprel döyüşlərini, Vətən müharibəsini və ondan sonrakı uğurlu əməliyyatlarda düşmənə göz açmağa imkan verməyən qəhrəmanlarımızın keçdiyi döyüş yolunu öyrənirik.
Məhz o igid Vətən övladları sayəsində illərdir işğalda qalmış torpaqlarımız azad edildi. Bu gün döyüş meydanında öz sözünü demiş, regionun ən güclü ordusu olan Azərbaycan Ordusunun sıralarında xidmət etdiyim üçün fəxr edirəm".
Əsgərlər Eynulla Məmmədli, Əlirahim Kazımov, Rasim Verdiyev və digərləri də bildirdilər ki, Vətən qarşısında övladlıq borclarını layiqincə yerinə yetirməyə çalışırlar. Komandirlərinin rəhbərliyi ilə hərb tariximiz haqqında biliklərini artırırlar. Keçirilən dərslər, məşğələlər və təlimlər sayəsində əsl döyüşçü kimi formalaşırlar. Xidmətlərinə məsuliyyətlə yanaşır, verilən bütün əmr və tapşırıqları sözsüz yerinə yetirirlər.

Mahmud MÖHBALIYEV

"Azərbaycan Ordusu"