AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlət müstəqilliyi bərpa olunduqdan sonra dünyanın böyük və bəşəri dövlətləri ilə Azərbaycan arasında yaranmış ikitərəfli münasibətlər siyasi əsaslarla genişlənirdi. Belə bir vaxtda Ermənistan əsassız ərazi iddiasının davamı kimi Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İşğalçı dövlət beynəlxalq təşkilatların, bu sıradan BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirmədi, danışıqlar prosesindən yayınaraq regionda mövcud status-kvonu saxlamaqla, yeni ərazilər işğal etmək niyyəti ilə hücumlarını davam etdirirdi. Ordu hissələrimiz belə hücumların qarşısını qətiyyətlə alırdı. Bu, ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin daha da yüksəlməsində əhəmiyyətli olurdu; hücumları arzulamasaq da, müdafiə döyüşlərinin qətiyyəti, mənəvi-psixoloji hazırlıqla döyüş hazırlığının bir-birini əhəmiyyətli səviyyədə tamamlaması ordu quruculuğu prosesinin mərhələsi olurdu, hər bir hərbi qulluqçunun vətənpərvərlik duyğularını alovlandırırdı.
Ordunun gücü döyüş hazırlığı ilə müəyyənləşdirilir, döyüş hazırlığı vətənpərvərliklə birləşəndə daha böyük gücə çevrilir. Aprel döyüşlərindən sonra Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başladı. Bu mərhələ müdafiə olunan ordunun deyil, artıq qətiyyətli əks-hücum edən, qələbə qazanan, ərazilərini işğaldan azad etməyə niyyətli və qadir olan ordunun yeni şəraitdə, yeni hərbi vəzifələr əsasında formalaşan gücünün yüksəliş mərhələsi idi. Bu mərhələdə Azərbaycan əsgərinin döyüş əzmi də, qələbə ruhu da vətənpərvərlik duyğularının qüdrəti ilə qoşalaşmışdı. Bu, ordumuzun yerinə yetirməli olduğu tarixi vəzifələrin tələbi kimi əlavə gücə, əlavə qüdrətə dönürdü.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri ərazilərimizə qəfil hücum edəndə Azərbaycan Ordusu düşmənin bu hücumunun da qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücuma keçdi, qısa müddətdə düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi mühəndis-istehkam sədlərini dağıtdı, döyüşlərdə ilk mövqe qələbələrini qazandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı xalqa müraciətində dedi: "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək". Bu kəlam Azərbaycan Ordusunun döyüş əzmini də yüksəltmişdi, qələbə ruhunu da. Ordu hissələrimiz döyüşə-döyüşə Böyük Qələbəyə yaxınlaşırdı. Hər mövqe qələbəsi vətənpərvərlik işığında sonrakı döyüşlərin başlanğıcı olurdu.
Vətən müharibəsi xalqın müharibəsi idi. Xalq ruhən ordunun yanındaydı. Ali Baş Komandanın sərkərdəlik məharəti qələbəni şərtləndirən bütün amilləri yüksək vətənpərvərlik ətrafında sıx birləşdirmişdi. Bu da ordunun yüksək döyüş hazırlığı ilə birlikdə tarixi Zəfərin qazanılmasında əhəmiyyətli oldu. Rusiya mətbuatında Şuşa döyüşlərinə həsr edilmiş bir məqalə İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu ifadə edirdi: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Gerçəkliyi ifadə edən bu fikirlər tarixi hadisələrə söz biçimi vermək niyyəti olsa da, döyüşən ordunun vətənpərvərliyinin gerçək dastanı idi. Bu gerçək dastan tarixi Zəfərdən sonrakı dövrdə də hərbi qulluqçuların mənəvi dünyasının işığı kimi yaşadılmaqdadır. Bu işıq vətənpərvərlik işığıdı.
İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri tarixin əsgəri idi, qədim tarixə malik olan Azərbaycan dövlətçiliyinin əsgəri idi, dövlətçiliyi ilhaq edilmiş bir xalqın əsgəri idi, xalqın milli-azadlıq mübarizəsinin əsgəri idi, xalqın ruhunun əsgəri idi, vətənsevərliyin, vətənpərvərliyin əsgəri idi. Azərbaycan əsgəri döyüşlərə bu işığın içindən keçib gedirdi. Döyüşlərin o üzündə Qələbə olduğunu vətənpərvərliyinin ruhu ilə duyurdu. Onu Böyük Qələbəyə vətənpərvərliyi aparırdı...
İkinci Qarabağ müharibəsi kimi başlayıb Vətən müharibəsi kimi davam edən döyüşlər Azərbaycan xalqının birliyinin müharibəsi, tarixi Zəfər isə bu birliyin tarixi Zəfəri oldu. Güclü Azərbaycan dövlətinin güclü ordusu işğalı sonlandırdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Bu qürur dünya azərbaycanlılarının da qürurudur, Azərbaycana ehtiramı olan dövlətlərin vətəndaşlarının da.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqa müraciətində bu amili də vurğulayaraq dedi: "Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə, ilk növbədə, öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, "Kim güclüdür, o da haqlıdır" prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Dövlət başçımızın bu kəlamları tarixi gerçəkliyi ifadə etməklə, Azərbaycanı Vətən bilənlərin hamısı üçün müqəddəs vətənpərvərlik işığı kimi tarixləşdi.
Azərbaycan ədalətli müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər təsdiqlədi ki, Azərbaycan güclü dövlətdi. Bu, gerçəklikdi. Həm də güclü dövlət müstəqilliyini əbədi etmək üçün, xarici təcavüzlərdən etibarlı müdafiə olunmaq üçün hərbi gücünü Vətən sevgisinin işığında daim artırır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikrini: "Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir", - hamı düşüncəsindən vətənsevərliyinə düşən mənəvi işıq bilir.
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması böyük tarixi hadisə oldu. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması da böyük tarixi hadisə olacaq. Həm də Vətən sevgisinin işığında Azərbaycanın siyasi nüfuzunu yüksəltməklə...
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"