AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun gücü yalnız döyüş meydanında deyil, eyni zamanda, fiziki hazırlıq, mənəvi dayanıqlıq və sağlam həyat tərzinin təşviqi sahəsində də özünü göstərir. Bu istiqamətdə Mərkəzi Ordu İdman Klubu (MOİK) ordumuzda idman siyasətini həyata keçirən, ordu ilə idmanı vahid sistemdə birləşdirən aparıcı qurumlardan biri kimi çıxış edir. Klubun fəaliyyəti hərbi qulluqçuların fiziki hazırlığının yüksəldilməsinə, vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə və Azərbaycan Ordusunun beynəlxalq idman nüfuzunun artırılmasına xidmət edir.
Yaranma tarixi və formalaşan ənənələr
Mərkəzi Ordu İdman Klubu 1961-ci ildə yaradılıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra klub Müdafiə Nazirliyinin strukturuna daxil edilib, fəaliyyətini milli maraqlara uyğun şəkildə yenidən qurub. Bu dövrdən etibarən MOİK yalnız idman nailiyyətləri qazanan bir qurum kimi deyil, eyni zamanda, ordu-idman ənənələrinin qorunduğu və inkişaf etdirildiyi strateji mərkəz kimi də formalaşıb.
Hazırda klubun bazasında cüdo, sərbəst və yunan-Roma güləşi, boks, ağır atletika, pauerliftinq və stolüstü tennis üzrə bölmələr fəaliyyət göstərir. Bununla yanaşı, futbol, voleybol və basketbol komandaları ölkənin müxtəlif idman liqalarında uğurla çıxış edirlər. Bu faktlar Mərkəzi Ordu İdman Klubunun çoxşaxəli və sistemli fəaliyyətinin bariz göstəricisidir.
Beynəlxalq Hərbi İdman Şurası ilə əməkdaşlıq
Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən etibarən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) üzvüdür. 1948-ci ildə yaradılmış bu nüfuzlu təşkilat "İdman vasitəsilə dostluq" şüarı altında hərbi qulluqçular arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsini əsas məqsəd kimi müəyyən edib.
Azərbaycan Ordusunun idmançıları CISM xətti ilə keçirilən Dünya Hərbi Yay Oyunlarında mütəmadi olaraq iştirak edib, bu yarışlarda ümumilikdə 39 medal qazanıblar. Əldə olunan nəticələr ordumuzun idman sahəsində yüksək hazırlıq səviyyəsini və beynəlxalq arenada artan nüfuzunu nümayiş etdirir.
Azərbaycanın ev sahibliyi etdiyi mötəbər yarışlar
Azərbaycan son illərdə hərbi-idman sahəsində beynəlxalq tədbirlərin etibarlı ev sahibi kimi tanınır. Bakıda keçirilmiş hərbçilər arasında dünya çempionatları ölkəmizin idman infrastrukturunun və təşkilatçılıq imkanlarının yüksək səviyyədə olduğunu sübut edib.
Xüsusilə, 2023-cü ildə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı yadda qalan hadisələrdən biri olub. Bu mötəbər yarışda Azərbaycan güləşçiləri 21 medal qazanaraq böyük uğurlara imza atıblar. Belə tədbirlər Azərbaycanın beynəlxalq hərbi-idman mühitində mövqeyini daha da möhkəmləndirir.
Olimpiya zirvələrinə aparan yol
Mərkəzi Ordu İdman Klubunun yetirmələri Olimpiya Oyunlarında da Azərbaycan idman tarixində silinməz iz qoyublar. 1992-ci il Barselona Olimpiya Oyunlarında Valeri Belenkinin qazandığı qızıl və bürünc medallar, eləcə də Sidney, Afina və Pekin Olimpiya Oyunlarında əldə edilən nəticələr klubun sistemli hazırlıq modelinin real bəhrəsidir. Bu nailiyyətlər təkcə fərdi idmançıların uğuru deyil, eyni zamanda, illər boyu formalaşdırılmış peşəkar məşqçi heyətinin, düzgün idarəetmənin və dövlət qayğısının məntiqi nəticəsidir.
Əsgər-idmançı modeli - unikal yanaşma
Mərkəzi Ordu İdman Klubunun fəaliyyətində əsgər-idmançı modeli xüsusi yer tutur. Bu model peşəkar idmançıların hərbi xidmət dövründə idman fəaliyyətlərini davam etdirməsinə imkan yaradır. Nəticədə idmançıların karyerasında fasilə yaranmır, əksinə, onların fiziki və mənəvi hazırlığı daha da möhkəmlənir. Bu yanaşma həm Silahlı Qüvvələrin idman potensialını artırır, həm də beynəlxalq yarışlarda Azərbaycan Ordusunun layiqincə təmsil olunmasını təmin edir.
Gələcəyə baxış
Bu gün Mərkəzi Ordu İdman Klubu təkcə keçmiş nailiyyətləri ilə deyil, gələcəyə yönəlmiş inkişaf strategiyası ilə də seçilir. Klubda fəaliyyət göstərən yüksək ixtisaslı məşqçi və mütəxəssis heyəti milli yığma komandaların hazırlanmasında fəal iştirak edirlər.
Eyni zamanda, klubumuzda yetişən yeniyetmə idmançıların MOİK-i təmsil edərək əldə etdikləri uğurlar onların gələcəkdə bu klubda hərbi xidmət keçmələri üçün real imkanlar yaradır. Bu idmançıların sonradan Mərkəzi Ordu İdman Klubunda zabit kimi xidmət etmələri isə klubun əsas inkişaf fəlsəfəsini təşkil edir.
MOİK-in digər idman klublarından əsas fərqi ondan ibarətdir ki, gənc yaşlarından etibarən burada idman fəaliyyətinə başlayan idmançılar öz həyatlarını həm Azərbaycan Ordusuna, həm də idmana həsr edərək bu iki dəyəri vahid bir məqsəddə birləşdirə bilirlər.
Davamlılıq və varislik prinsiplərinə əsaslanan bu model klubun uzunmüddətli uğurlarını təmin edən əsas amillərdəndir.
Sözardı: Mərkəzi Ordu İdman Klubu Azərbaycan Ordusunun gücünü idman meydanlarında nümayiş etdirən dövlətə və orduya sədaqətin parlaq nümunəsi olan bir qurumdur. Klubun fəaliyyəti sağlam nəslin yetişdirilməsinə, idman ənənələrinin qorunmasına və Azərbaycanın beynəlxalq hərbi-idman nüfuzunun daha da yüksəldilməsinə xidmət edir.
Bu gün MOİK keçmişin zəngin irsi, real nailiyyətləri və gələcəyə hesablanmış inkişaf modeli ilə Azərbaycan Ordusunun qürur mənbələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"