Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Yanvar 2026 16:57

Dağların köksündəki heyrətamiz Pəri qalası

Zaqatala rayonunun ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də rayonun Yuxarı Çardaqlar kəndinin ərazisində yerləşən Pəri qalasıdır. Qalanın inşa tarixi dəqiq bəlli olmasa da (bəzi mənbələrə görə isə təqribən III-V əsrlərdə inşa olunub), tədqiqatçılar tikilmə üslubuna görə (Alban memarlığı üslubuna uyğun), onun Qafqaz Albaniyası dövründə inşa olunduğunu güman edirlər.
Əlçatmaz dağ zirvəsində tikilən, Alban memarlığının ən təkrarolunmaz nümunəsi hesab edilən Pəri qalası Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndinin şimal-qərb hissəsində, Xangildağ dağının ətəyində, yerdən 150-200 metr hündürlükdə inşa edilib. Üç otaqdan ibarət olan qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır.
Qala ilkin görünüşünü saxlayaraq dövrümüzə qədər gəlib çatmışdır. Pəri qalası tamamilə fərqli memarlıq üslubuna malikdir. Azərbaycanda, eləcə də dünyada uca dağların üzərində tikilən qalalar çoxdur. Lakin Pəri qalasının özünəməxsus cəhəti və əsas fərqliliyi ondan ibarətdir ki, onun tikintisində daşdan istifadə olunmayıb. Qalanı qaya çapılaraq, dağı oyub içərisinə inşa ediblər.
Strateji baxımdan çox mükəmməl yerdə tikilən qalaya sıldırım qayalarla yalnız bircə yol qalxır. Qalaya qalxmaq üçün vaxtilə qayadan yonulmuş 1-1,5 metr enində yol olub. Həmin yolun qalıqları indi də qalmaqdadır. Qayalıq ərazidə hərəkət etmək üçün xüsusi hazırlığı olan adamlar həmin cığırdan istifadə etməklə qalaya daxil ola biliblər.
Qalanın təyinatı haqqında müxtəlif mülahizələr var. Qala elə bir mövqedə yerləşmişdir ki, əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə qalanın adı da elə bununla bağlıdır - elin pərilərini, qızlarını qoruyan qala. Bəzi mənbələrə görə yerli əhali arasında bu qalanı "Qız qalası" və "Dağ içi qala" da adlandırıblar.
Qala haqqında məlumatları araşdırdıqda belə nəticəyə gəlmək olar ki, bu məbəd əvvəllər başqa cür adlandırılıb. Ehtimal olunur ki, məbədin Pəri qalası adlandırılması VIII əsrdə ərəblərin bu bölgəyə gəlməsi, İslam dininin yayılması və bundan sonrakı dövrlərlə bağlıdır. Görünür, strateji cəhətdən əlçatmaz dağ relyefində yerləşən bu qala ərəblərə, sonrakı dövrlərdə isə digər yadelli işğalçılara qarşı yerli əhalinin silahlı müqavimət göstərdiyi ən mühüm istehkamlardan biri olub.
Bir sıra mənbələrdə isə qalanın XIV əsrin sonlarında Cənubi Qafqaza yürüş edən Teymurləngin qoşunlarına şiddətli müqavimət göstərən yerli əhalinin əsas istehkamlarından biri olması göstərilib. Əfsanəyə görə, qalaya hücum edən Teymurləngin qoşunlarına qarşı döyüş əməliyyatlarına Pəri adında qadın rəhbərlik edib. Əmir Teymura qalanın alınmaz olması haqqında məlumat veriblər. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini, qalanı alaraq həmin qadını da özünün xanımı edəcəyini bildirib. Lakin Pəri Teymurləngin təslim olmaq barədə təklifini rədd edib. Uzun sürən ağır döyüşlərdən sonra Əmir Teymurun qoşunu çox çətinliklə də olsa məbədi tutub. Bu zaman Pəri düşmən əlinə keçməmək üçün özünü qayadan atıb. Ehtimal olunur ki, həmin hadisədən sonra bura Pəri qalası adlandırılıb.
Rəvayətlərdən birində isə Pərinin qalada yaşaması üçün dağdakı su mənbələrindən buraya qamış borularla su xəttinin çəkildiyi də deyilir.

"Azərbaycan Ordusu"