AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İrza bəy Hacıbəylinski 4 aprel 1874-cü ildə İrəvan quberniyasında zadəganlar nəslinə mənsub ailədə doğulub. Ümumi təhsilini İrəvan Gimnaziyasında alıb. Hərbi təhsil almaq üçün Yelizavetqrad Süvari Məktəbinə qəbul olub, sıravi yunker kimi xidmətə başlayıb. 27 aprel 1898-ci ildə məzun olaraq "kornet" rütbəsi alıb və İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci Draqun Alayına təyin edilib.
O, 15 mart 1902-ci ildə "poruçik", 1 sentyabr 1905-ci ildə "ştabs-rotmistr", 25 aprel 1912-ci ildə "rotmistr" rütbəsinə yüksəlib.
Birinci Dünya müharibəsində iştirak edən İrza bəy Hacıbəylinski 23 oktyabr 1914-cü ildə döyüşlərdə yaralanıb. Döyüşlər zamanı fərqləndiyinə görə üzərində "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli "Müqəddəs Anna" və 3-cü dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) ordeninə layiq görülüb. 1915-ci ildə iki dəfə - 12 mart və 31 avqust tarixlərində kontuziya alıb. 1915-ci ildə hərbi xidmətdə fərqləndiyinə görə İrza bəy Hacıbəylinski 2-ci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) və 2-ci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) ordeni ilə təltif edilib. 20 iyul 1916-cı ildə "podpolkovnik" rütbəsinə yüksəlib. 31 avqust 1916-cı ildə İrza bəy Hacıbəylinski Qafqaz Ordusunun etap-nəqliyyat bölməsinin rəisi yanında tapşırıqlar üzrə qərargah zabiti təyin edilib.
1918-ci ildən podpolkovnik İrza bəy Hacıbəylinski Zaqafqaziya Komissarlığının qərarı ilə yeni yaradılan Müsəlman Korpusunda (26 iyun tarixindən Əlahiddə Azərbaycan Korpusu) xidmət edib.
“Polkovnik” rütbəsinə yüksələn İrza bəy 1-ci Qarayazı Süvari Alayına komandan təyin edilib.
1918-ci ilin iyulun əvvəlində korpus ləğv edilib, onun hissə və bölmələri Türkiyədən gələn 5-ci Qafqaz və 15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə Nuru Paşanın rəhbərliyi ilə yeni yaradılan Qafqaz İslam Ordusunun tərkibinə keçirilib. Polkovnik İ.Hacıbəylinski 1918-ci ilin payızına qədər 1-ci Qarayazı Süvari Alayına, noyabr ayından isə 1-ci Tatar Süvari Alayına komandanlıq edib.
O, Nuru Paşa ilə birgə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsinin fəal iştirakçılarından biri kimi tarixə düşüb. 1918-1920-ci illərdə Milli Ordunun formalaşmasında polkovnik İrza bəy Hacıbəylinskinin müstəsna rolu olub.
17 sentyabr 1919-cu ildə Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun qərargah rəisi təyin edilib. Hərbi nazir general Səməd bəy Mehmandarovun 2 mart 1920-ci il tarixli 128 nömrəli əmri ilə polkovnik İ.Hacıbəylinski 1 mart 1920-ci ildə Azərbaycan Ordusunun Baş Qərargahının general-kvartirmeyster idarəsinin əməliyyat-kəşfiyyat bölməsinin rəisi təyin edilib. 3 aprel 1920-ci ildə polkovnik İ.Hacıbəylinski hərbi şöbə rəisi qismində Könüllü Ordunun tərk-silah edilmiş hissələrinin əmlakının qəbulu üzrə idarələrarası komissiyasının tərkibinə daxil edilib.
İrza bəy Hacıbəylinski Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən süqutundan sonra 14 yanvar 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnib.
O, tanınmış Azərbaycan yazıçısı və maarifçisi Mirzə Fətəli Axundovun nəvəsi, şahzadə Aliyə Soltan xanım Qacarla (1889-1943) ailə həyatı qurub. Aliyə Soltan xanım şahzadə Bəhmən Mirzənin oğlu, polkovnik Xanbaba Xan Qacarın və Nisə xanım Axundovanın qızı idi. İrza bəy Hacıbəylinski ilə Aliyə Soltan xanım Qacarın Kamil Hacıbəylinski (1919-1973) adlı oğlu olub.
"Azərbaycan Ordusu"