AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir", - bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həkimlərə ünvanladığı sözlərdir.
Məlum olduğu kimi, həkim olmaq böyük məsuliyyət tələb edən bir peşədir. Bu peşənin sahiblərinə hər birimiz öz sağlamlığımızı etibar edirik. Hərbçi həkim olmaq isə ikiqat məsuliyyət tələb edir. Çünki torpaqlarımızı gecə-gündüz qoruyanların sağlamlığının keşiyində dayanırsan. Onlar sağlam olmalıdırlar ki, Vətənimizi etibarlı qorusunlar.
Hərbçi həkimlərimiz bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bu gün ölkəmizdə, o cümlədən Azərbaycan Ordusunda digər sahələrdə olduğu kimi, hərbi tibb sahəsində də islahatlar həyata keçirilir. Müasir avadanlıqlarla təchiz olunan tibb məntəqələrində peşəkar və savadlı tibbi personal fəaliyyət göstərir.
"N" hərbi hissəsinin tibb məntəqəsindəki səliqə-sahman, təmizlik, heyətin nizam-intizamı diqqətimizi cəlb etdi. Qəbul otağında əsgər Riyad Abdullayev baş çavuş Hikmət Nəsibov tərəfindən müayinə olunurdu. Əsgərimizin hərarəti yoxlandıqdan sonra onun təzyiqi ölçüldü. Daha sonra müvafiq qeydlər aparıldı.
Prosedur zamanı tibb xidməti leytenantı Nazim Babazadə bildirdi ki, məntəqəyə müraciət edən xəstələrə düzgün diaqnoz qoymaq ən başlıca amillərdəndir. "Çünki sonrakı müayinə prosesi ilk diaqnozdan asılıdır. Məntəqəyə daxil olan xəstələrdən analizlər götürülür, müayinələr aparılır və onlar nəticəyə uyğun olaraq müalicə olunurlar. Peşəkar personalın səyi nəticəsində biz əsgərlərimizin qayğısına qalır, dərman ləvazimatlarının təyinatı üzrə vaxtında verilməsinə, həmçinin sarğıların dəyişdirilməsinə ciddi məsuliyyətlə yanaşırıq. Məqsədimiz tibb məntəqəsinə müraciət edən Vətən müdafiəçilərini qısa zaman ərzində sağaldıb yenidən xidməti yerlərinə göndərməkdir".
Söhbətinə davam edən N.Babazadə qeyd etdi ki, burada yalnız əsgərləri müayinə və müalicə etməklə kifayətlənmir, həm də mövsümi xəstəliklərin qarşısının alınması məqsədilə bölmələrdə profilaktik tədbirlər də həyata keçirilir.
Tibb xidməti leytenantı N.Babazadə müraciət edən xəstələrin müayinə və müalicələrinin yüksək səviyyədə aparılması və sağlamlıqlarının yenidən bərpa edilməsi üçün məntəqədə mövcud olan aptekdə lazımi dərman ləvazimatlarının da yetərincə olduğunu bildirdi. Dərman preparatlarının saxlanma qaydalarına xüsusi diqqət yetirildiyini, saxlama müddəti bitənlərin yeniləri ilə əvəz olunduğunu vurğuladı.
"Vətənimizin keşiyində dayanan, mərd əsgərlərimizin keşiyində dayandığımız üçün qürurluyuq. Sevincliyik ki, bu gün biz iki müqəddəs peşənin sahibləriyik. Həm Vətənimizi qoruyur, həm də torpaqlarımızın müdafiəsində duran hərbi qulluqçularımızın sağlamlığının qayğısına qalırıq", - tibb xidməti leytenantı Nazim Babazadə dedi.
Müşahidəmiz onu deməyə əsas verir ki, tibbi personal öz işini sevir, hər biri bu peşənin nə qədər məsuliyyətli olduğunu dərindən başa düşür.
Daha sonra tibb məntəqəsinə müraciət edən digər əsgər Azər Babayevin də fikirlərini öyrəndik. O da öz növbəsində bütün tibbi personala göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi: "Burada xidmət edən həkimlərimiz bizə qayğıkeş və mehriban münasibət göstərirlər. Onların səyi nəticəsində qısa zamanda sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdiririk".
Beləliklə, tibbi personalın peşəkarlığı və məntəqənin müasir avadanlıqlarla təchiz olunması hərbçilərimizin sağlamlığında mühüm rol oynayır. Burada müraciət edən xəstələrə yüksək səviyyəli xidmət göstərilir. Bir daha əmin olduq ki, hərbçi həkimlərimizin sayəsində Vətən müdafiəçilərimizin səhhətində heç bir narahatlıq ola bilməz.
Elçin İMANOV
"Azərbaycan Ordusu"