AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Naxçıvan Texniki Kollecində Vətən müharibəsi şəhidlərinin şərəfli həyat və döyüş yoluna həsr olunmuş kitabların təqdimat mərasimləri keçirildi. Tədbirlər başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirlərdə Vətən müharibəsi şəhidi leytenant Ceyhun Dünyamalıyevin həyat və döyüş yolundan bəhs edən Ədalət Cəfəroğlunun müəllifi olduğu "Şuşada tarix yazan dağlar qartalı" və şəhid baş leytenant Raqib Hüseynovun xatirəsinə həsr olunmuş, şairə-yazıçı, publisist, "Heyran xanım" adına Zərif xanımlar Ədəbi Birliyinin təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Təranə Arifqızının müəllifi olduğu "Dünya boyda ölümsüzlük" kitabları təqdim olundu.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nümayəndələri, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri, dövlət qurumlarının rəhbər şəxsləri, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin bir qrup zabit heyəti, şəhid ailələri, müharibə veteranları, kollecin müəllim və tələbə heyəti iştirak etdilər.
Naxçıvan Texniki Kollecinin direktoru Asəf Rüşənov bildirdi ki, bu cür tədbirlər gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. O vurğuladı ki, şəhidlərin həyat və döyüş yolunu əks etdirən kitablar təkcə bir qəhrəmanın taleyini deyil, bütövlükdə xalqımızın mübarizə ruhunu və milli yaddaşını yaşadır. Direktor qeyd etdi ki, Ceyhun Dünyamalıyev və Raqib Hüseynovun timsalında nümayiş olunan Vətənə sədaqət, mərdlik və fədakarlıq gənc nəsil üçün əsl örnəkdir.
Çıxış edənlər şəhidlərin keçdiyi xidmət yolunu, Vətən müharibəsi zamanı döyüş meydanında göstərdikləri şücaətləri geniş şəkildə diqqətə çatdırdılar. Xüsusilə Ceyhun Dünyamalıyevin Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə yaralı olmasına baxmayaraq, mübarizəni davam etdirməsi, Raqib Hüseynovun Vətən naminə göstərdiyi igidlik əsl Azərbaycan zabitinin mənəvi portreti kimi dəyərləndirildi. Qeyd olundu ki, bu igidlər bu gün yalnız öz ailələrinin deyil, bütövlükdə Azərbaycan xalqının qürur mənbəyidir və onların döyüş yolu gənclər üçün əsl vətənpərvərlik məktəbidir.
Kitabların müəllifləri Ədalət Cəfəroğlu və Təranə Arifqızı çıxış edərək əsərlərin ərsəyə gəlmə prosesindən, şəhid ailələrinin, döyüş yoldaşlarının və müəllimlərinin xatirələrinə istinad etdiklərindən danışdılar. Müəlliflər bildirdilər ki, bu kitablar yalnız bir şəhidin həyat hekayəsi deyil, eyni zamanda, Vətən sevgisinin, fədakarlığın və ölümsüzlüyün bədii salnaməsidir. Onlar şəhid ailələrinə dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Şəhid Ceyhun Dünyamalıyevin anası Gülnarə xanım, atası Zeynal bəy, şəhid Raqib Hüseynovun anası Rəna xanım çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşdülər, onların Vətənə sədaqətli, mərd və əzmkar övladlar olduqlarını vurğuladılar. Şəhid ailələri övladları ilə daim qürur duyduqlarını bildirərək, belə tədbirlərin təşkilinə görə kollecin rəhbərliyinə və kitab müəlliflərinə təşəkkür etdilər.
Tədbirlər Naxçıvan Texniki Kollecinin tələbələri və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə şəhid Raqib Hüseynovun adını daşıyan sinif şagirdlərinin hazırladıqları vətənpərvərlik ruhlu bədii kompozisiyalarla davam etdirildi. Səsləndirilən şeirlər və nümayiş olunan səhnəciklər iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi