AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir dövrdə hərbi xidmət anlayışı döyüş və mənəvi-psixoloji hazırlıqla məhdudlaşmır. Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının gücləndirilməsi, əsgərlərin cəmiyyətlə sağlam əlaqələrinin qorunması və informasiya mühitində balansın təmin edilməsi tapşırıqları əsas fəaliyyət istiqamətlərindən biridir. Çağırışçı gəncin hərbi xidmətə başladığı ilk gündən etibarən onun həyatında mühüm dəyişikliklər baş verir. Mülki mühitdən hərbi xidmətə adaptasiya prosesi xüsusilə xidmətin ilk aylarında daha həssas xarakter daşıyır. Bu mərhələdə tətbiq olunan müəyyən informasiya məhdudiyyətləri gəncin yeni mühitə uyğunlaşmasını asanlaşdırmaq məqsədi daşıyır. Məqsəd onun diqqətini xidmətin əsas mahiyyəti olan intizama, təhlükəsizliyə, kollektiv ruha və döyüş hazırlığına yönəltməkdir. Bununla belə, qeyd olunan məhdudiyyətlər heç bir halda əsgərin cəmiyyətdən təcrid olunması anlamına gəlmir. Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, hərbi psixoloq, baş leytenant Reyhan Maniyeva bildirdi ki, çağırışçıların xidmətə adaptasiyası individualdır: “Buna görə də uyğunlaşma prosesi ilk üç ay ərzində xüsusilə diqqət mərkəzində saxlanılır. İlkin mərhələdə informasiya axınının tənzimlənməsi adaptasiya baxımından müsbət rol oynayır. Məlumatdan tam təcrid psixoloji gərginlik yarada bilər. İnsan sosial varlıqdır və əsgərin cəmiyyətdə baş verən proseslərdən xəbərdar olması onun daxili sabitliyini qoruyur".
Hərbi hissələrdə televiziya, radio, qəzet və jurnallara çıxışın təmin edilməsi əsgərlərin sosial kimliyinin davamlılığını təmin edir, onların xidmətə motivasiyasını artırır. Psixoloqun sözlərinə görə, xəbərlərin mahiyyətinin (məzmununun), düzgün seçilməsi isə psixoloji təhlükəsizliyin mühüm şərtidir. Bu məqsədlə manipulyativ və neqativ məzmunlu informasiyaların qarşısının alınması üçün filtrasiya mexanizmləri tətbiq olunur.
Mövzuya münasibət bildirən hərbi psixoloq Amil Məhərrəmoğlu hərbi qulluqçular üçün mədəni-asudə vaxtın düzgün təşkilinin əhəmiyyətini xüsusi vurğulayır. Onun sözlərinə görə, hərbi xidmətin spesifik xüsusiyyətləri və gündəlik fəaliyyətlərin təkrarlanması bəzi hallarda stress və emosional yorğunluq yarada bilər: "Bu halların qarşısını almaq məqsədilə günün nizam qaydalarında əlavə məşğələlər və maarifləndirici tədbirlər nəzərdə tutulur. Qoşun növündən və fəaliyyət istiqamətindən asılı olmayaraq, hərbi hissələrdə ruh yüksəkliyinin saxlanılması və psixoloji dayanıqlığın qorunması üçün sistemli iş aparılır".
Mütəxəssis qeyd edir ki, əsgərlər üçün təşkil olunan müxtəlif mövzulu ekskursiyalar, intellektual oyunlar, viktorinalar, maarifləndirici proqramlar və kitab oxuma imkanları onların sosial fəallığını artırır, hərbi vətənpərvərlik hisslərini gücləndirir. Eyni zamanda, bu fəaliyyətlər əsgər və komandir heyəti arasında qarşılıqlı etimadın və emosional münasibətlərin formalaşmasına xidmət edir ki, bu da sağlam hərbi kollektivin əsas şərtlərindən biridir.
Cəmiyyətlə ordu arasında əlaqələrin möhkəmləndirilməsində media subyektlərinin rolu xüsusilə qeyd olunmalıdır. Son illər təşkil edilən mediaturlar ordunun açıq və şəffaf kommunikasiya siyasətinin tərkib hissəsinə çevrilib. Jurnalistlərin hərbi hissələrə səfərləri zamanı xidmət şəraiti, döyüş hazırlığı və şəxsi heyətin məişət vəziyyəti ilə yaxından tanış olmaları həm cəmiyyətin ordunu real müstəvidə görməsinə, həm də əsgərlərin öz xidmətlərinə qürur hissi ilə yanaşmasına şərait yaradır. Kapitan Əliyusif Sadıqov bildirdi ki, media nümayəndələrinin hərbi hissələrə səfəri müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir: "Jurnalistlərin səfərləri əvvəlcədən planlaşdırılır, çəkiliş aparılacaq ərazilər və şəxsi heyətlə ünsiyyət forması razılaşdırılır. Məxfi məlumatların qorunması təmin edilir, eyni zamanda, şəffaflıq prinsipi qorunur".
Onun sözlərinə görə, hərbi hissələrə, həmçinin incəsənət nümayəndələrinin, dini icmaların və ictimai təşkilatların dəvət olunması əsgər-cəmiyyət münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Açıq qapı günləri, ailələrlə görüşlər, mədəni-kütləvi tədbirlər şəxsi heyətin psixoloji durumuna müsbət təsir göstərən effektiv vasitələrdəndir. Ümumilikdə, Azərbaycan Ordusunda əsgər-cəmiyyət münasibətləri planlı və məqsədyönlü şəkildə təşkil olunur. Psixoloqların fəaliyyəti, ideoloji iş üzrə zabitlərin koordinasiyası, mediaturlar, açıq qapı günləri və ictimaiyyətlə əlaqələr ordunun həm psixoloji, həm sosial, həm də informasiya baxımından müasir modelini formalaşdırır. Bu gün Azərbaycan Ordusu cəmiyyətdən təcrid olunan qurum deyil. Əksinə, müasir informasiya mühiti ilə ayaqlaşan, şəffaflıq prinsiplərinə sadiq qalan və şəxsi heyətin mənəvi-psixoloji rifahını daim diqqət mərkəzində saxlayan güclü sosial institutdur. Bu yanaşma dövlətin müdafiə strategiyasının ayrılmaz tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Tamilla HÜSEYNLİ
"Azərbaycan Ordusu"