Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2026 13:06

Türkçülük fədaisi, görkəmli ictimai-siyasi xadim, pedaqoq, din alimi, yazıçı, publisist, maarifçi, hərbçi

Yusif  Ziya Talıbzadə 1877-ci il yanvarın 22-də Tiflisdə Şeytanbazar məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Axund Mustafa, anası Mehri xanım, qardaşı görkəmli yazıçı, şair, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiq idi. Atası Axund Mustafa Süleyman oğlu Talıbzadə dövrünün seçilən ruhani ziyalılarından biri olub. O, möhtərəm din xadimi və tanınmış müəllim olub. Həm ruhanilər arasında, həm də ədəbi-mədəni mühitdə xüsusi nüfuza sahib idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz Şeyxülislamının müavini işləyib.
Yusif ilk təhsilini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıb. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı "Rus-tatar" (Azərbaycan) məktəblərinin tədris layihəsinə uyğun idi. 
Yusif Talıbzadə 1894-cü ildə ailəsi ilə birlikdə Xorasana köçüb. Təhsilini burada davam etdirən Yusif urmiyalı müəllimi Yusif Ziyadan təsirlənərək özünə "Ziya" təxəllüsü götürüb. Atasının istəyi ilə Yusif Ziya Mirzə Cəfər mədrəsəsinə daxil olub və burada ruhani təhsili alıb. Buranı bitirdikdən sonra təhsilini Bağdadda davam etdirib. Təhsil aldığı müddətdə türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənib. 1899-cu ilin payızında anası ilə birlikdə Tiflisə qayıdıb. Burada Zaqafqaziya Ruhaniləri İdarəsində imtahan verərək "axund" dini rütbəsi alıb. İşləmək üçün "Şah Abbas" məscidinə təyinat alsa da, bundan imtina edib və 1900-cü ildə Bakıya köçüb.
Bakıya gəldikdən sonra 1900-cü il sentyabrın 15-də "Rus-tatar" məktəbində işləmək üçün yoxlama komissiyasından keçib. İmtahanı uğurla verərək məktəbə şəriət müəllimi təyin edilib. 
O, Bakıda Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov və digər ziyalılarla tanış olub. 1902-ci ildə Azərbaycan dilinin qrammatikasına aid "Təhsili-qəvaid", 1903-cü ildə İslam dinində qadın tərbiyəsindən bəhs edən "Hədiyyəyi-nisvan", Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi "Sərvət və səxavətilə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı", "Müəllimüş-şəriə", 1904-cü ildə "Təəlümüş-şəriə", 1905-ci ildə "Həqiqəti-İslam", 1907-ci ildə "İslam tarixi" və 1913-cü ildə "Türkiyə məktubları" kitabı işıq üzü görüb. 1900-1910-cu illərdə Bakının müxtəlif nəşriyyatlarında İslamla bağlı mövzulardan ibarət 10-dan artıq kitabça və risaləsi çap edilib. "Müəllimüş-şəriə" kitabı üç dəfə - 1903, 1908, 1909-cu illərdə nəşr edilib. Nəriman Nərimanovun "Nadir şah" əsərini fars dilinə tərcümə edib. 1904-cü ildə o, Bakıda nadir bir xəritəni - "İslam tarixi və tarixi-ənbiyaya dair məkanların nəqşəsi və İslam məmləkətlərinin xəritəsi" adlı xəritəni Azərbaycan dilində kütləvi tirajla çap etdirib. Biblioqrafik xarakterli bu unikal xəritədən o dövrdə bütün "Rus-tatar" məktəblərində dərs vəsaiti kimi istifadə olunub. Mütəxəssislərin fikrinə görə, Yusif Ziya Azərbaycanda ilk xəritə tərtib edən azərbaycanlıdır.
Elmi pedaqoji fəaliyyətlə yanaşı, o dövrdə çap olunan qəzet və jurnallarda da publisistik yazılarla çıxış edib. 1903-cü ildən etibarən "Şərqi rus" qəzetində İslam dini ilə bağlı məqalələri nəşr olunub. 1905-ci ildən 1913-cü ilə qədər isə "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi", "Yeni füyuzat", "Şəlalə" kimi qəzet və jurnallarda "Axund Yusif Talıbzadə" imzası ilə məqalələri dərc olunub.
Yusif Ziya 1910-cu ildən etibarən daha çox ictimai-siyasi fəaliyyətlə məşğul olub. 1910-cu ildə Türkiyədə keçirdiyi günlər haqqında "Türkiyə məktubları" adlı əsərini çap etdirib. Mətbuatda publisistik məqalələrlə çıxış edib. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini yazıb. "Ərmənusə" faciəsi 1910-cu ildə, "Əmir Xalid bin Vəlid" faciəsi isə 1912-ci ildə "Nicat" cəmiyyətinin dram heyəti tərəfindən oynanılıb.
O, 1911-ci ildə yaradılan "Müsavat" partiyasının ilk beş üzvündən biri olub. 
Y.Talıbzadə 1912-ci ildə həyat yoldaşı Cənnət xanım və oğlu Tələt ilə birlikdə Osmanlı imperiyasına (Türkiyəyə) köçüb. Burada hərbi məktəbdə təhsil alıb. Türk ordusunun tərkibində Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib, türk ordusunun zabiti kimi diqqətəlayiq şücaətlər göstərib. Çox keçmir ki, Yusif Ziya Ənvər Paşanın ən çox etibar etdiyi, güvəndiyi silahdaşlarından birinə çevrilir. O, Balkan müharibələrində vuruşan azərbaycanlı könüllülərə komandanlıq edib. Birinci Dünya müharibəsində isə Qars, Ərdəhan və Batum cəbhələrində gedən döyüşlərdə iştirak edib. Osmanlı ordusunda "albay" (polkovnik) rütbəsinə qədər yüksəlib.
Yusif Ziya 1918-ci ildə Bakı qırğınları zamanı Qafqaz İslam Ordusu ilə birgə doğma Vətəninə gəlib, torpaqlarımızın düşmənlərdən azad edilməsində fəal iştirak edib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət olan "Yardım" alayının rəisi olub.
1918-ci il sentyabrın 14-də Yusif Ziya Talıbzadə "Yardım" alayının rəhbəri olaraq Bakıətrafı əraziləri düşməndən təmizləyərək şəhərin girişinə qədər irəliləyib. Bakının işğalçılardan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə türk əsgərləri ilə bərabər azərbaycanlılardan ibarət könüllülər qəhrəmanlıqla vuruşublar.
1919-cu il iyunun 10-da Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin iclasında qərara alınıb ki, Bakı şəhəri və onun rayonlarının ərazisində yaşayan hərbi çağırış yaşına çatmış şəxslər üçün hərbi hazırlıq təşkil edilsin. Yusif Ziya Talıbzadəni könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri təyin edərək ona aylıq 5000 rubl əməkhaqqı ayırıblar. Könüllü əsgərlər dəstəsi kimi fəaliyyət göstərən bu qurum ölkədə asayişin, əmin-amanlığın qorunması, qanunazidd hərəkətlərin və bu kimi digər işlərin qarşısının alınması vəzifələrini yerinə yetirib. "Könüllü yardım alayı" adını alan bu alay 1920-ci ilin 27 mart tarixində Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin qərarı ilə AXC Daxili İşlər Nazirliyinin sərəncamına verilib.
Cümhuriyyət dövründə də Yusif Ziya Talıbzadənin bir çox qəzet və jurnallarda, əsasən də "Müsavat" partiyasının fəalı olaraq "Azərbaycan" qəzetində siyasət, maarif və mədəniyyət mövzularına dair məqalələri nəşr edilib.
1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə göndərilib. Burada ermənilərin və aysorların (aşurlar) yerli Azərbaycan türklərinə qarşı törətdikləri qırğınların qarşısını almaq və şəhərləri qorumaq üçün Cavad Heyətin atası Mirzə Əli Heyət tərəfindən qurulan "İttihadi-İslam" cəmiyyətində Osmanlı dövlətini təmsil edən nümayəndə olub.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Y.Talıbzadə İrandan Azərbaycana keçmək istəyərkən sərhəddə saxlanılaraq həbs olunub, sonra isə Nəriman Nərimanovun zaminliyi ilə azadlığa buraxılıb.
Y.Talıbzadə 1921-ci ilin fevralından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəaliyyətə başlayıb və N.Nərimanovun göstərişi ilə Naxçıvana Hərbi Komissar təyin olunub. Buradakı xidməti dövründə "general-mayor" hərbi rütbəsinə yüksəlib.
Həmin müddətdə bölgədə qırğınlar və talanlar törədən erməni-daşnak silahlı dəstələrinə qarşı mübarizədə igidliyi ilə ad-san qazanan Yusif Ziya Talıbzadə həm də təəssübkeşliyi və qəhrəmanlığı ilə buradakı xalqın böyük hörmət və rəğbətini qazanıb, onların sevimlisinə çevrilib. 
1921-ci ilin oktyabrında Naxçıvan Xalq Komissarları Sovetinin tərkibində islahatlar getdiyi dövrdə Yusif Ziya Talıbzadə qısa müddət ərzində Xarici İşlər Komissarı təyin olunub. Onun türk ordusunun paşaları ilə yaxşı əlaqələrinin olması Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsində çox faydalı olub. 
Naxçıvan ərazisində əsassız torpaq iddiası ilə çıxış edən, tez-tez sərhədləri pozan erməni millətçilərinə, daşnak hərbçilərinə sovet rəhbərliyinin liberal siyasəti ilə razılaşmayan Yusif Ziya 1922-ci ilin axırlarında Bakıya qayıdıb, Nəriman Nərimanovla görüşüb. Ona Sovet rejiminə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini deyib. N.Nərimanovdan Sovet İttifaqı sərhədlərini tərk etmək üçün rəsmi sənəd alaraq Azərbaycanı tərk edib.
Azərbaycanı tərk etdikdən sonra Türküstana gedib. Burada məsləkdaşları Ənvər paşa və Zəki Vəlidi Toğanla birlikdə bolşeviklərə qarşı döyüşən "Basmaçı hərəkatı"na qoşulub. Türkiyə, İran və Azərbaycanda olduğu kimi Türküstanda da həmişə o, ön cəbhədə, döyüş mövqelərində olub. Döyüşlərdə əlverişli mövqeseçmə qabiliyyəti ilə basmaçılara uğurlar qazandırıb. Yeni dəstələrin təşkilində və hərbi təlim hazırlığında onlara əlindən gələn köməyi göstərib.
Qızıl ordunun komandirləri yerli bolşeviklərlə gizli əlaqə yaradaraq Yusif Ziyanın başçılıq etdiyi basmaçıların yerini öyrəniblər. Sayca basmaçılardan qat-qat üstün olan bolşeviklər nəyin bahasına olursa-olsun, Yusif Ziyanı sağ tutmaq istəyiblər. 
1923-cü il mayın 18-də bolşeviklərlə qeyri-bərabər döyüşdə ağır yaralanan Yusif Ziya itki verməmək üçün başçılıq etdiyi basmaçılarla birgə Əfqanıstan ərazisinə keçmək məqsədilə döyüşə-döyüşə Dərvaz vilayətinə çəkilərək, ordu ilə bərabər Amu-Dərya çayına çatıb. Çayı keçmək istəyərkən o biri sahilə çatmadan suda boğularaq dünyasını dəyişib. 
Yusif Ziya Talıbzadə dünyasını dəyişdikdən bir müddət sonra döyüş yoldaşlarından biri onun köynəyini və həmişə cibində gəzdirdiyi kiçik Quran kitabını gətirib qardaşı Abdulla Şaiqə verib. Hazırda həmin Quran kitabı Abdulla Şaiqin ev muzeyində qorunub saxlanılır.

"Azərbaycan Ordusu"