Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2026 13:02

Kitab sabahlara düşən işıqdı

Tarix hadisələrdir, tarix haqqında kitab hadisələr haqqında, hadisələr arasında əlaqələrin ardıcıllığı haqqında, səbəb-nəticə kontekstində qarşılıqlı əlaqələrin ifadə formalarından biridir, çoxtərəflikdən birtərəfliyi ayırma, birtərəfliyi çoxtərəfliyə şaxələndirmədir. Tarix Herodotdan üzü bu yana olmuş hadisələrə (faktlara) gerçək yazılı müraciətlər əsasında tarixləşir. Təzkirələr də belədir, qədim əlyazmalar da, bu baxımdan dövlətlərarası (fərdlərarası) yazışmalar da.
"Oxunaqlı əsər" məfhumu var. Tarixi əsərlərdə ideya aydınlığı hadisələrin başlanğıcı və nisbi sonluğu arasında fikir, mühakimə sərbəstliyi (və sərbəstliyin məsuliyyəti) tarixi gerçəkliyə söykənirsə, hadisələrin özündən daha çox mahiyyəti tarixi şərhə cəlb olunursa, dilin qrammatik qanunları baxımından mükəmməldirsə, leksik zənginliklə yazılıbsa, yaxşı oxunur - yaxşı əsərdir. Tarix elmləri doktoru Mehman Süleymanovun əsərləri sənədləri, faktları, arxiv materiallarını ümumiləşdirən elmi təfəkkürlə yazıldığına görə belə əsərlər sırasındadır. Tarix haqqında yazılan hər kitab tarixin kitabı deyil; Mehman Süleymanovun "Nadir şah" və "Gülüstan müqaviləsi" (2 cilddə), "Vətən müharibəsinin salnaməsi" monoqrafiyaları tarixin kitablarıdır...
Mehman Süleymanovun "Nadir şah" monoqrafiyası XVIII əsr Azərbaycan hökmdarı (sərkərdəsi) Nadir şah Əfşar haqqında yazılıb. Bu monoqrafiya Nadir şah fenomenini fars, rus, ingilis dilli mənbələr əsasında əsərləşdirib. Əsərin istər elmi, istərsə də tarixi dəyərini tarixşünaslıqda (bu baxımdan azərbaycanşünaslıqda) yeni elmi tezislərdən rişələnən fikirlər müəyyənləşdirir. 
Müəllif Nadir şahın həyatının və qüdrətli sərkərdəlik qabiliyyətinin bitkin elmi (elmi-tarixi) obrazını yarada bilib, əsl Nadir Əfşarı, Mövlana demiş, necə olubsa, elə təqdim edilən Nadir şahı tarixi qısqanclıq repressiyasından xilas edib - xarakterini, düşüncələrini, türkçülüyünü (azərbaycançılığını), sərkərdəlik (dövlətçilik) qüdrətini tarixi, tarixi-elmi baxımdan ümumiləşdirməyə nail olub:
Nadir (əsl adı Nadirquludur) dövlət üçün əyalət olan ucqar bir əraziyə sürgün olunmuş Əfşarlı kişinin oğlu idi. Dəstgird kəndində yaşayırdılar. "Elə ki, bir yaşına çatdı, üç yaşlı kimi görünürdü və həmçinin günbəgün o gözəl pöhrə çəmənlikdə ... iftixarla yaşamağa başladı. Elə ki, on yaşa çatdı, ata suvar olub şir, pələng və qaban şikarına getdi..." (M.M.Kazım). "On yaşında ov ovlamaq, ata suvar olub canavarlara ox atırdı, qılınclayırdı. Nadir bu bacarıqla cavanlaşırdı" (Mehman Süleymanov)...
"Nadir şah" deyir ki, Əbivərddə Nadir Baba Əlibəyin dəstəsinə qoşulur (tarix bu qoşulmanın necə baş verdiyini bildirmir). Sınaqsız sınaqlar dövrü az çəkir, Nadir Əbivərd hakimi Babaəlinin qızı ilə evlənir. Əbivərd hakimi Babaəli 1723-cü ildə ölür, qoşunun sərkərdəsi Nadir olur. Onda nələr düşündüyü kimsəyə bəlli deyil, tarix də bunu sirr saxlayır. Nadirin ürəyinə dammışdı ki, Əbivərddə qınından sıyrılmış qılıncı çox kəsərli olacaq...
Səfəvilərin feodal əyanlarının siyasi gücü də azalmaqdaydı, hərbi gücü də. Tarix belə prosesləri dövlətin süqutu ilə tamamlayır. Yeni dövlət qurulmaqdaydı. Yeni dövləti Nadir Əfşar yaratmaqdaydı. Yaratdı da...
Nadir şah dövrün hərbi tələblərini ordu quruculuğuna gətirməyi bacaran dövlət başçısı - sərkərdə idi. Sərkərdə Nadir Əfşarın döyüş taktikası yeknəsək taktika deyildi. Onun döyüş taktikası kiminlə döyüşəcəyi, harada döyüşəcəyi, nə məqsədlə döyüşəcəyi ilə müəyyənləşdirilirdi. Döyüş ərəfəsində qoşunun düzülüşünü məkana görə tənzimləyirdi, ehtiyat qüvvələrin hansı tərkibdə (növ və say nəzərə alınmaqla) və necə yerləşdirilməsinə qəti qərar verirdi, qüvvələrin bir hissəsini döyüşün müəyyən mərhələsi üçün ehtiyatda (pusquda) saxlayır, məqamında gərəkli bildiyi cinaha yönəldirdi...
"Nadir şah" monoqrafiyası həm də azərbaycançılıq mövqeyindən səmimi məsuliyyətlə, tarixi gerçəkliyə böyük sədaqətlə yazıldığına görə diqqəti çəkir. Nadir şah ilk dəfə azərbaycanlı sərkərdə kimi təqdim edilib. Monoqrafiyanın tarixiliyi (tarixi məsuliyyətlə yazılması) digər tarixi gerçəkliklərin də üzərindən qərəz, gözəgötürməzlik, millətçilik və s. pərdəsini götürüb. Müəllif tarixi faktlar əsasında təmkinli təfəkkürlə təsdiqləyib ki, Nadir şah Azərbaycan türklərinin dünyanı qüdrətli sərkərdəlik kəsəri, dövlətçilik siyasəti ilə heyrətləndirmiş fateh (! - red.) olub. Bu fakt (fatehlik) ilk dəfə Mehman Süleymanovun "Nadir şah" monoqrafiyasında düsturlaşdırılıb...
Tarixən bütün müharibələr əraziyə - torpağa görə başlayıb...
1514-cü il avqustun 23-də Çaldıran düzündə Osmanlı qoşunları ilə Səfəvi qoşunları arasında döyüş başladı. Döyüşlərin (müharibənin) başlanması səbəbləri haqqında müxtəlif fikirlər bu və ya digər baxımdan əsaslandırılıb. Tarixi fakt (gerçəklik) budur ki, Səfəvilər xeyli ərazi itirdi. 219 il sonra Nadir şah bu əraziləri döyüşlə geri qaytardı, ancaq daha çox ərazi əldə etmək üçün döyüşləri davam etdirmədi. Monoqrafiyada bunun səbəblərini təsdiqləyən məktublar da tarixi sənəd kimi verilib. Başlıca səbəb məntiqi baxımdan "Türk türkün torpağını işğal etməz" qənaəti olub. Fateh Nadir şahın fatehliyinin iti qılıncı türkçülük bağlarını kəsməyib...
Türkçülüyə bu ehtiram Əmir Teymuru xatırladır - böyük fatehin Firdovsinin məzarı üstə dediklərini: "Qalx, qalx da, hər misrasında pislədiyin məğlub türkü indi gör". Mehman Süleymanovun "Nadir şah" əsəri də türkçülük (oxu: azərbaycançılıq - red.) ruhuna ehtiramla yazılıb, belə də oxunacaq. Hər iki fateh türk ruhunun sərkərdəsi olub...
"Nadir şah"da Nadir şah, tarixdə olduğu kimi, Səfəvilərdən miras qalmış təriqətçiliyi aradan qaldırmaq, şiəliklə sünnülüyü birləşdirmək, islam dinini möhkəmlətmək, türkdilli dövlətlərin inkişafı naminə vahid və qüdrətli bir təriqət yaratmaq istəyirdi. Tarix indiyə kimi bu gerçəkliyi gizlədirdi, Mehman Süleymanovun "Nadir şah"ı bunu ictimailəşdirib.
"Nadir şah" monoqrafiyasında Mehman Süleymanov bir tarixi gerçəkliyin - Nadir şah fatehdir - təsdiqi üçün təkzibedilməz tarixi arqument də gətirib: Hindistanı ancaq fatehlər işğal edə bilib. E.ə. İsgəndər, 1398-ci ildə Əmir Teymur, 1739-cu ilin martında Karnal döyüşündə Nadir şah...
"Nadir şah" tarixi kitabdır, tarixin kitabıdır, tarixi gerçəkliklər haqqında kitabdır, Azərbaycanın tarixinin bir dövrünün böyük sərkərdəsi (və dövlət xadimi) haqqında kitabdır, milli mənsubiyyətə görə üç əsr davam edən qısqanclığa gerçək (və tarixi!) münasibətin kitabıdır...
"Gülüstan müqaviləsi" monoqrafiyası Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ olan xanlıqların meydana gəlməsi, onların dövlətçilik siyasəti, dövlətlərarası münasibətləri, Rusiya imperiyasına və Qacar İranına qarşı apardıqları mübarizə (siyasi və hərbi) geniş tədqiq edilib.
Mehman Süleymanov monoqrafiyada ilk dəfə mahiyyətə (bu müqaviləyə) gerçək siyasi münasibət bildirib: bu müqavilənin bağlanmasının məqsədi Qafqaza nəzarət, Qafqazı ələ keçirmək olub. Rusiyanın geosiyasi niyyəti (Qacar İranının bu bölgədən, Azərbaycandan, Azərbaycanın bir hissəsindən əl çəkməsinə nail olmaq, Azərbaycanın bu tayını - Qarabağı - öz nəzarəti altına almaq) bir dövləti siyasi baxımdan parçalamaq idi və bu məqsədini “Gülüstan müqaviləsi” vasitəsilə həyata keçirdi. Bu müqavilə ilə, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, digər xanlıqlar Rusiyanın işğal ərazisi oldu.
Müəllif İrəvan xanlığının müstəqil bir dövlət olduğunu, istibdada qarşı on illərlə mübarizə apardığını da bildirir. Bu elmi-tarixi qənaət gerçək mülahizədir.
"Gülüstan müqaviləsi" monoqrafiyası Azərbaycanın torpaqlarının hansı səbəblərdən və necə bölünməsinin gerçək tarixi haqqında kitabdır (müəllif qeyd edir ki, sərhəd dəqiqliklə “Türkmənçay müqaviləsi”nə - 10 fevral 1828-ci il, Rusiya imperiyası ilə Qacar İranı arasında bağlanan növbəti müqaviləyə - əlavədə dəqiqliklə göstərilib. Bu, indiyə kimi qüvvədədir). "Gülüstan müqaviləsi" monoqrafiyası heysiyyətin bu təəssüfünün də kitabıdır.
Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiya Mehman Süleymanovun "Nadir şah", "Gülüstan müqaviləsi", "Vətən müharibəsinin salnaməsi" monoqrafiyalarını respublikanın kitabxanaları fondlarının zənginləşdirilməsi üçün təkrar nəşrini tövsiyə edib. "Nadir şah" və "Gülüstan müqaviləsi"nin I cildi nəşr olunub, II cildi nəşr prosesindədir, "Vətən müharibəsinin salnaməsi" monoqrafiyasının 2026-cı ildə nəşr olunması nəzərdə tutulur. Mədəniyyət Nazirliyinin bu təşəbbüsü Azərbaycan tarixinin daha əhatəli öyrənilməsi istiqamətində gərəkli təşəbbüsdür. Bu təşəbbüs həm də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin elmi potensialının cəmiyyətə inteqrasiyası baxımından dəyərləndirilməlidir - tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanov bu universitetin professorudur...
Tarix elmləri doktoru Mehman Süleymanov "Vətən müharibəsinin salnaməsi" monoqrafiyasını siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı ilə birlikdə yazıb. Bu monoqrafiya İkinci Qarabağ müharibəsinə həsr olunub, müharibənin bütövlükdə araşdırılması baxımından ilk monumental, akademik nəşr olacaq. Bu müharibədə xalqla ordunun birliyi, xalqın orduya inamı, ordunun xalqa güvənci, ordunun sərkərdəyə, dövlətə, dövlətçiliyə sədaqəti müharibəaparma nəzəriyyəsində yeni bir mərhələ oldu - Azərbaycan mərhələsi, azərbaycançılıq mərhələsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kimi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". "Vətən müharibəsinin salnaməsi" də bu kəlamın işığında yazılıb...
Azərbaycan ictimaiyyəti, bu baxımdan gənclər Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nəşr edilən (və ediləcək) monoqrafiyalar vasitəsilə istər XVIII əsr tariximiz haqqında, istər XIX əsr tariximiz haqqında, istərsə də tarixi Zəfərimiz haqqında müfəssəl elmi biliklərə malik olacaqlar...
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə nəşr edilən bu kitablar həm də Azərbaycan Ordusuna ehtiramın təzahürüdür. Bu kitablar Azərbaycan gəncliyinin vətənpərvərliyini daha da yüksəldəcək, xalqımızın və dövlətçiliyimizin tarixinin bir hissəsi də daha böyük sevgi ilə öyrəniləcək. Vətən naminə!..

Rəşid HÜSEYNOV

əməkdar jurnalist