Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2026 12:58

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətlənən güclü ordu, güclü dövlət

Müstəqil Azərbaycan dövlətinin ordu quruculuğunun möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasını strateji vəzifə kimi qarşıya qoymuş, Azərbaycan Ordusunun formalaşmasını təmin etmişdir. Məhz Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilmiş bu möhkəm əsaslar sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir.
Dövlət başçısının hər bir fəaliyyəti Azərbaycan xalqının rifahına, ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edir.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirərək, Azərbaycanı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəltmişdir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz regionun aparıcı siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri də ordu quruculuğu prosesidir. Dövlət başçısı daim vurğulayır ki, güclü dövlətin əsas dayağı güclü ordudur. Bu strateji yanaşma nəticəsində Azərbaycan Ordusu maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsi baxımından regionun ən güclü ordularından birinə çevrilib. Müasir silah və texnika ilə təchiz olunan Azərbaycan Ordusunun şəxsi heyətinin sosial təminatı və mənəvi-psixoloji hazırlığı daim diqqət mərkəzində saxlanılıb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Qarabağa hərbi təcavüzü nəticəsində Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində parlaq qələbə qazandı. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin olundu və tarixi haqq-ədalət bərpa edildi. Vətən müharibəsində qazanılan tarixi Zəfər həm hərbi qələbə, həm də milli ruhun, dövlətçilik əzminin və xalq-ordu-lider birliyinin təntənəsi oldu. Bu birlik 30 il öz doğma ocaqlarından ayrı düşmüş keçmiş məcburi köçkünlərin həsrətinə son qoydu. Artıq onlar köçkün deyil, öz yurd-yuvalarının sahibidirlər. 
Prezident İlham Əliyevin "Böyük Qayıdış" Proqramı çərçivəsində infrastruktur layihələri həyata keçirilir. Belə ki, işğaldan azad olunmuş şəhər və kəndlərdə bərpa-quruculuq işləri sürətlə davam edir. İnsanların yaşayış səviyyəsini təmin etmək məqsədilə müasir standartlara uyğun yeni evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilir və sakinlərin istifadəsinə verilir. "Böyük Qayıdış" Proqramı əsasında Qarabağ sakinləri mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Onlar doğma Qarabağ torpaqlarına bir də düşmən ayağının dəyməməsinə əmindirlər.
Müharibədən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da gücləndirildi, azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri möhkəmləndirildi, yeni hərbi hissələr yaradıldı. Eyni zamanda, regionda dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər Azərbaycanın güclü, məqsədyönlü və məsuliyyətli dövlət kimi mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan Ordusu hər zaman dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təminatçısı, xalqımızın müdafiə qüdrətinin təməl dayağı olub. 2026-cı ilin başlanğıcında ordumuz həm struktur, həm texnologiya, həm də kadr potensialı baxımından yüksək səviyyədədir və regionun strateji təhlükəsizlik şəraitinə tam hazırdır. Həyata keçirilən modernləşmə proqramları Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da yüksəldib. Yeni müasir silah sistemlərinin tətbiqi, pilotsuz uçuş aparatlarından (PUA) geniş şəkildə istifadə, zirehli texnika parkının təkmilləşdirilməsi və rabitə sistemlərinin inkişafı Azərbaycan Ordusunu regionda qabaqcıl hərbi güclərdən birinə çevirib. Bu modernləşmə həm taktiki çevikliyi artırır, həm də strateji əməliyyat imkanlarını genişləndirir.
Bu gün hərbi qulluqçularımız yenə də Vətənə sədaqətlə xidmətini davam etdirir. Sərhədlərimiz Vətən oğullarının nəzarəti altındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan milli təhlükəsizlik strategiyası Azərbaycan xalqının gələcək nəsillər üçün də etibarlı və qüdrətli dövlət kimi yaşamasını təmin edir.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"