Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Yanvar 2026 19:26

Əsrlərlə oxunan dastanlar

Azərbaycan xalqı dünya sivilizasiyasının təşəkkül tapmasında mühüm rol oynamış qədim xalqlardandır. Beş minillik dövlətçilik tarixi bu torpaqların həm zənginliyini, həm də xalqımızın qədim mədəniyyətə, dövlətçilik ənənələrinə, siyasi düşüncəyə sahib olduğunu sübut edir. Tarix boyu qurulan dövlətlər - Manna, Midiya, Atropatena, Albaniya, Sasanilər dövründəki Azərbaycan əyalətləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və nəhayət, müasir müstəqil Azərbaycan Respublikası bu qədim irsin davamçısıdır. 
Bu dövlətləri igid oğulları, cəsur sərkərdələri qurub, qoruyub, inkişaf etdirib. Həmin sərkərdələrin qəhrəmanlıqları bu gün də xalqımızın yaddaşında yaşayır və yaşayacaq. Əcdadlarımızın, ata-babalarımızın qəhrəmanlıq ənənələri xalqımızın milli-mənəvi dəyərlərində zamanın bütün dönəmlərində qorunub, bu gün də qorunur, sabah da qorunacaq.
VIII əsrdə ərəb xilafətinə qarşı üsyan edən Babək Xürrəmi xalq qəhrəmanıdır. O, xalqının azadlığını hər şeydən üstün tuturdu. Babəkin rəhbərlik etdiyi Xürrəmilər hərəkatı uzun illər ərəblərə qarşı mübarizə apardı. 20 ildən artıq davam edən bu müqavimət hərəkatı müstəqillik mübarizəsi, Babəkin qətiyyəti, sərkərdəlik bacarığı və döyüş taktikası ilə tarixə qızıl hərflərlə yazıldı. "Bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan yaxşıdır" ifadəsi sərkərdə Babəkin Afşinə yazdığı məktubda yer alan məşhur bir aforizmdir. Bu aforizm azadlığın özünü və dəyərini ifadə edir.
Xalqımızın əfsanəyə çevrilmiş ədalət cəngavəri Koroğlu həm tarixi şəxsiyyət, həm də şifahi xalq ədəbiyyatının qəhrəmanıdır. XVI əsrdə yaşadığı güman edilən Koroğlu haqsızlığa, zülmə qarşı savaşan, zəif, gücsüz insanların müdafiəsində dayanan bir qəhrəman kimi tanınıb. Onun başçılıq etdiyi dəstə xalqın malını, namusunu qoruyurdu. Koroğlu xalqımızın mübarizə ruhunun simvoluna çevrilib.
XIX əsrdə çar Rusiyasının bölgədə apardığı siyasət, feodal-üsul idarəsi, ölkəni xalqlar həbsxanasına çevirməsi nəticəsində kəndli təbəqəsi ağır vəziyyətə düşmüşdü. Belə bir dövrdə Qaçaq Nəbi öz torpağı, haqqı uğrunda silaha sarıldı. O, dağlara çəkilərək çar məmurlarına qarşı mübarizə aparmağa başladı. Qaçaq Nəbi xalq arasında ədaləti bərpa edən, haqsızlığa qarşı üsyan edən bir xalq qəhrəmanı kimi tarixə düşdü.
Tarixin müxtəlif dövrlərində milli dəyərlərimizi, qəhrəmanlıq ruhumuzu yaşadan görkəmli şəxsiyyətlər olub. Belə şəxsiyyətlərdən biri də Şah İsmayıl Xətaidir. O, sərkərdə idi, həm də sözə verdiyi dəyəri, milli kimliyə bağlılığı və ədaləti aşılayan yaradıcılığı ilə seçilir. Şah İsmayıl Xətai xalqın ruhunu, sevincini, tarixi və gələcəyi poetik gücü ilə ifadə edən, gözəl ruha malik bir şair idi. Xətainin yaradıcılığında xalq qəhrəmanlarına xüsusi yer ayrılır. Onun bu yaradıcılığı müasir düşüncədə birləşərək gənc nəsildə vətənpərvərlik ruhunu daha da gücləndirir. Xətainin fəaliyyəti keçmişlə bu günü bağlayan mənəvi körpü kimi dəyərləndirilə bilər.
Yüzlərlə sərkərdə və qəhrəman yetişdirmiş bir xalqın tarixini oxumaq, öyrənmək gənclərimizin mənəvi borcudur. Bu qəhrəmanlar xalqın yaddaşında əbədi yaşayır. Onların ideyaları bu gün də çağdaş aydınların, yazarların yaradıcılığında öz əksini tapır və gələcək nəsillərə ötürülür. Hər birimiz bu irsə sahib çıxmalı və onu qorumalıyıq.
Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsi olduqca zəngindir. Əsrlər boyu bu torpağın övladları doğma Vətənin keşiyində dayanaraq azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizə aparıblar, döyüşüblər, şəhid olublar. Bu qəhrəmanlıq ruhu nəsildən-nəslə ötürülərək hər bir dövrdə xalqımızın ən ali dəyərlərini yaşadıb. Xüsusən də 1918-ci ildən başlayaraq müasir dövlətçiliyimizin qurulması və qorunması uğrunda göstərilən şücaətlər Azərbaycan xalqının mətin iradəsini və sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirib.
1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika olmaqla, xalqımızın öz müqəddəratını müəyyənetmə iradəsinin bariz nümunəsi idi. Həmin dövrdə Azərbaycan Ordusunun əsası qoyuldu və milli ordu ideyasının reallaşması istiqamətində ciddi addımlar atıldı. 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusu və milli ordu hissələrimiz Bakı şəhəri uğrunda apardıqları döyüşlər nəticəsində Bakı azad olundu. Bu döyüşlərdə şəhid olan türk və azərbaycanlı əsgərlərin qəhrəmanlığı tariximizin qızıl səhifələrində əbədi həkk olundu. Onların xatirəsini əbədiləşdirmək məqsədilə bu gün Şəhidlər xiyabanında möhtəşəm abidə ucalır.
Sovet hakimiyyəti dövründə Azərbaycan xalqı milli kimliyini və mədəniyyətini qorumaq uğrunda səssiz, lakin əzmlə mübarizə aparırdı. Bu dövrdə İkinci Dünya müharibəsində xalqımızın oğul və qızları döyüşə yollanaraq faşizmə qarşı mübarizədə qəhrəmanlıq, fədakarlıq nümunələri göstərdilər. Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov kimi igidlərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər. Onlardan tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanların döyüş yolu Azərbaycan gəncləri üçün bir cəsarət məktəbi olub.
1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan tarixində qanla yazılan, lakin azadlıq eşqinin söndürülə bilmədiyini sübut edən bir gündür. Həmin gecə Sovet ordusunun törətdiyi vəhşiliklərə baxmayaraq, xalqımız diz çökmədi, əksinə, milli oyanış daha da gücləndi. Xalqımızın mərd oğul və qızları əliyalın sovet cəlladlarının qarşısına çıxaraq, xalqın azadlığı uğrunda şəhid oldular.
Birinci Qarabağ müharibəsi zamanı jurnalistlər də öz peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də Çingiz Mustafayev idi. O, 1992-ci ildə baş verən Xocalı faciəsinin dəhşətli görüntülərini lentə alaraq həqiqətləri dünyaya çatdırırdı. Az sonra Naxçıvanik ətrafında şəhid olub. Onun qorxmazlığı, cəsarəti informasiya müharibəsində mühüm rol oynayıb. Şəhidlik zirvəsinə ucaldıqdan sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Vətən, torpaq uğrunda qadınlarımız da canlarından keçiblər. Belə qəhrəman qadınlarımızdan biri də Azərbaycanın şəhid olan ilk qadın jurnalisti Salatın Əsgərovadır. O, jurnalist kimi informasiya müharibəsində mübarizə apararaq, Azərbaycan həqiqətlərini süngüyə çevrilmiş qələmi ilə işıqlandırırdı. 1991-ci ildə Laçın rayonu istiqamətində erməni silahlı dəstələrinin atəşi nəticəsində şəhid olub.
Birinci Qarabağ müharibəsi zamanı tibb işçisi-həkim Gültəkin Əsgərova cəbhə bölgəsinə yollanmışdı. O, yaralılara öz köməkliyini göstərib. 1992-ci ildə döyüş bölgəsində düşmən gülləsinə tuş gəlib və şəhid olub.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Ermənistanın əsassız ərazi iddiaları nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi və minlərlə vətəndaşımızın şəhid olması tariximizin ən mürəkkəb səhifələrindən biri idi. Həm insan, həm də torpaq itkisi xalqımızı sarsıtmadı, əksinə, hamını bir amal ətrafında birləşdirdi. Hamı eyni məqsəd uğrunda çalışırdı.  
Mübariz İbrahimov cəsarəti, Vətənə olan sevgisi və misilsiz igidliyi ilə yaddaşlara həkk olunub. O, müstəqil Azərbaycan gəncliyinin mənəvi dayaq nöqtəsinə çevrilmiş bir qəhrəmandır.
2010-cu ilin iyununda cəbhənin Tərtər istiqamətində düşmənlə üzbəüz mövqedə xidmət edən Mübariz İbrahimov gecə saatlarında erməni silahlı qüvvələrinin ön xəttini yararaq təkbaşına düşmənə ağır zərbələr endirib. Onun cəsarəti nəticəsində onlarla erməni hərbçisi məhv edilib. Qorxmazlığı, mərdliyi, igidliyi və Vətən sevgisini özündə cəmləşdirən Mübariz İbrahimov bu əməliyyatı həyata keçirdikdən sonra özü də şəhid olub. Onun göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqı üçün qürurverici bir hadisə oldu. Mübariz İbrahimovun göstərdiyi şücaət müstəqil Azərbaycan tarixində bir dönüş nöqtəsi, ordu ruhunun və xalq birliyinin simvoluna çevrildi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Mübariz İbrahimov XXI əsrin Azərbaycan gəncliyi üçün bir örnək, əsl qəhrəmanlıq rəmzidir.
1994-cü ilin yanvarın əvvəlində Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından 22 il sonra - 2016-cı ilin Aprel döyüşləri, 2020-ci il Vətən müharibəsində qazanılmış qələbəmizin başlanğıcı, eyni zamanda, xalqımızın Zəfər salnaməsinə yazılan şanlı tarixdir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan silahlı qüvvələri cəbhə xəttində Azərbaycan mövqelərini intensiv atəşə tutdu. Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatına başladı və düşmən təxribatlarının qarşısını qətiyyətlə aldı. Şanlı Azərbaycan Ordusu qısa müddət ərzində bir sıra strateji yüksəklikləri düşmən işğalından azad etdi.
Aprel döyüşləri əsasən Tərtər-Ağdərə, Cəbrayıl-Füzuli, Xocavənd-Ağdam istiqamətlərində gedirdi. Aprel döyüşləri zamanı şəhid olan yüksək döyüş hazırlığına malik vətənpərvər zabit polkovnik-leytenant Murad Mirzəyev xüsusi qəhrəmanlıq nümunələri göstərib. O, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə ön sıralarda vuruşub, düşmənin strateji mövqelərinin ələ keçirilməsində hünər göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, həm də "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və digər medallarla təltif olunub. Murad Mirzəyev və digər Aprel döyüşləri qəhrəmanlarının şücaəti 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun ruhunu və qələbə əzmini daha da artırdı.
Aprel döyüşlərinin qəhrəman igid oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovdur. O, Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirib. Bölük və tabor komandiri, qərargah rəisi vəzifələrində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində Şükür Həmidov Cəbrayıl rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinin işğaldan azad olunmasında xüsusi şücaət göstərib. Polkovnik Şükür Həmidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Polkovnik Şükür Həmidov 44 günlük Vətən müharibəsində döyüşüb və şəhid olub.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücum əməliyyatı nəticəsində çox sayda mülki şəxs və hərbi qulluqçu şəhid oldu və yaralandı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusu düşmənə ciddi zərbə vuraraq 30 illik həsrətə son qoydu. 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri oldu.
Vətən müharibəsində Azərbaycan Ordusu xalqın gücünü, iradəsini və birliyini təcəssüm etdirərək nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Torpaqlarımızın azad olunması həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan misilsiz Qələbə idi.
Zəfərimizin təməlində dayanan şəhidlərimiz və yaralı döyüşçülərimiz bu xalqın yaddaşına əbədi həkk olunublar. Qəhrəman oğullarımızın sayəsində torpaqlarımız işğaldan azad edildi.
Vətən müharibəsində nümayiş etdirilən yüksək döyüş hazırlığı, texnoloji üstünlük və taktiki çeviklik Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən biri olduğunu sübut etdi. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə ərazi bütövlüyümüz, 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı isə suverenliyimiz bərpa edildi.
Müharibədən sonrakı illərdə Azərbaycan Ordusu daha da modernləşərək həm müdafiə, həm də hücum imkanlarını artırıb. Belə ki, hərbi qulluqçularımızın bilik və yüksək döyüş hazırlığı, vətənpərvərliyi həm ölkə daxilində, həm də beynəlxalq hərbi təlimlərdə özünü göstərir. Azərbaycan Ordusunun hərbi qulluqçuları NATO ilə tərəfdaşlıq çərçivəsində müxtəlif sülhməramlı tədbirlərdə üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirirlər. Bugünkü Azərbaycan Ordusunun əsas dayağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
2025-ci il noyabrın 8-də xalqımız tarixi Zəfər Gününün 5 illiyini təntənəli surətdə qeyd etdi. Həmin gün şəhidlərimizin ruhu böyük ehtiramla yad edildi. Onların Vətən müharibəsində göstərdiyi şücaət xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Azərbaycan xalqı tarix boyu öz torpağı, kimliyi və müstəqilliyi uğrunda mübarizə aparıb. Bu mübarizə müxtəlif dövrlərdə müxtəlif adlar alıb: Cümhuriyyət, müstəqillik, Qarabağ savaşı və Zəfər! Bu gün biz həm xalqımızın qəhrəman oğulları ilə, həm də onların xalqımıza bəxş etdiyi tarixi Zəfərlə fəxr edirik. Xalqımızın qəhrəmanlıq tarixi bitməyən bir dastandır. Bu dastanı yazanlar isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, xalqımızın milli birliyi və rəşadətli Azərbaycan Ordusudur.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"