Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2025 15:21

“Bir anan mən, biri Vətən”

Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun Vətənə, xalqa xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir, tərbiyə aldığı ailədən, məktəbdən, böyüyüb boya-başa çatdığı eldən-obadan gəlir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, "xəmirimiz" Vətənə məhəbbət hissi ilə "yoğurulmalıdır". Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər" fikirləri vətəndaşlıq düsturu kimi qəbul olunmalıdır. Bağçada uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə edirlər, hər gün Dövlət Himni səsləndirilir, vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrədilir, uşaqlar dövlət atributlarının şəkillərini çəkirlər. Ailədə Vətənə məhəbbət hissi aşılanmasa,  bağçada aparılan işlərin təsiri az olur. Çünki uşaq bağçadan çox, anadan, atadan aldığı informasiyanı ürəklə qəbul edir. Vətənpərvərlik hissinin aşılanması məktəbdə davam etdirilir. Şagirdlər qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb-oxuduqları ilk kəlmələr "Ana" və "Vətən" kəlmələri olur. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Ömrünü xalqına həsr etmiş, azərbaycançılıq ideologiyasını formalaşdırmış Dahi Şəxsiyyət Heydər Əliyev tariximizin ən böyük vətənpərvəridir. Onun Vətən sevgisi hər kəsə nümunədir. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - bu sözlər Ulu Öndərimizə məxsusdur. Bəli, biz də fəxr edirik ki, azərbaycanlıyıq. Azərbaycanlı olan hər kəs, bu Vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.
Vətən!.. Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Biz ana dedikdə Vətəni, Vətən dedikdə anamızı düşünürük. Çünki Vətən də anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi Vətən müqəddəsliyi, Vətən ucalığıdır.


Laylasında anam mənə,

Belə demiş dönə-dönə,

Bir anan mən, biri Vətən,

Yadda saxla bunları sən.


Mənim Vətənim Azərbaycandır. Mən bu gözəl yurdu bütün qəlbimlə sevirəm. Bütün varlığımla bu füsunkar diyara bağlıyam. Mənim Vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mən Vətənimin laləli çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağlarını, coşqun çaylarını, firuzə qaşlı üzüyə bənzər göllərini, şır-şır axan şəlalələrini, mavi gözlü bulaqlarını candan artıq sevirəm. Yaşıl ormanlar, açıq səma, ağ çalmalı dağlar, dərələrdən axan şəffaf çaylar yurdumun füsunkarlığını birə min artırır. Təbiətin əfsanəvi gözəli Göygölə kim vurulmaz?! Azərbaycanımızın, Odlar diyarımızın gözəllikləri haqqında şairlərimiz çoxlu şeirlər yazıb, bəstəkarlarımız musiqi bəstələyib, yazıçılarımız bu gözəllikləri öz əsərlərində dolğun əks etdiriblər. Vətəni sevmək nə deməkdir? Vətəni sevmək, Vətən fədaisi olmaq deməkdir. Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. Vətəni sevmək, Vətəni qorumaq, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur. Vətənin müdafiəsində gecə-gündüz ayıq-sayıq dayanmaq elə Vətəni sevmək deməkdir. Azərbaycan xalqının qəhrəman sərkərdə oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi Vətənə məhəbbətin, yurd sevgisinin bariz nümunələridir. Son dövrlərin zorla cəlb edildiyimiz Qarabağ savaşı göstərdi ki, Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə, onun uğrunda ölümə getməyə və ölümün gözünə dik baxmağa hazır olan xalqımızın qəhrəman övladları çoxdur. Bu mərd və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və gələcək nəsillərin də Vətəni dərin və atəşli məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli bir iz qoyublar. Vətəni sevmək torpağı sevməkdir. Vətənə məhəbbət xalqa məhəbbətdir. XVIII əsrin görkəmli şairi Molla Pənah Vaqif doğma Vətənini hədsiz bir məhəbbətlə sevir, onu azad və şən, xalqını isə firavan və xoşbəxt görmək istəyirdi.
Vətəni sevmək, göz bəbəyi kimi qorumaq, onun torpağının, daşının qədrini bilmək, sözün əsl mənasında, həmişə mübariz və mərd Vətən övladlarının, cəsur və Vətən sevdalı insanların ən nəcib və müqəddəs vəzifəsidir.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"