AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dünya əhəmiyyətli nadir yerüstü abidələrdən olan Çıraqqala Azərbaycanın Şabran rayonundan təxminən 25, Bakı şəhərindən 150 kilometr məsafədə, Çaraq kəndi ərazisində yerləşir. Qala Çaraqqaya adlanan sıldırım qayanın zirvəsində, dəniz səviyyəsindən 1232 metr hündürlükdə inşa edilib.
Çıraqqala Xəzər dənizindən Baba dağının ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. Digər iki qala və səddin böyük bir hissəsi zamanla uçub dağılıb. Çıraqqala isə öz əzəməti, vüqarı ilə keçmişdən günümüzə işıq salmaqdadır.
Qala ərazisinin böyüklüyü və dörd tərəfdən təbii sıldırımlı, keçilməz qaya üzərində yerləşməsi, çox möhkəm divarlarla əhatələnməsi, eləcə də qalanın 17 bürcünün olması buranın qala-şəhər olduğunu sübut edir.
Çıraqqala Sasani hökmdarları tərəfindən IV-VI (bəzi mənbələrdə IV-V, V-VI əsrlərdə tikildiyi göstərilir) əsrlərdə müdafiə və qarovulxana məqsədilə tikilib, Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarətdə saxlamaq mümkündür. Düşmən ordularının hücumları zamanı qala bürclərində tonqallar qalanar, digər qala və məntəqələrə buradan həyəcan siqnalı çatdırılarmış. Çıraqqalanın 12 bürcü olub və onların yerləşmə quruluşu elə planlaşdırılıb ki, düşmənin qalanın daxilinə keçməsini son dərəcə çətinləşdirib.
Çıraqqala divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan "Uzun divarlar" adlanan Gilgilçay səddi ilə birlikdə 120 metr hündürlüyü olan nəhəng bir qayanın üzərində tikilib. Bu sədd Dərbənd keçidində tikilən müdafiə istehkamlarından ən əhəmiyyətlisidir.
Qalanın tikintisi zamanı bişirilmiş gil kərpic və daşdan istifadə edilib. Tikinti Alban və Sasani memarlığı üslubuna uyğun formadadır. Ümumilikdə belə bir mürəkkəb və çətin təbii coğrafi relyefdə qalanın tikilməsi üçün seçilən ərazinin strateji hərbi üstünlükləri, tikintinin memarlıq üslubu, möhkəmliyi və keyfiyyəti, hərbi və estetik tələblərə uyğunluğu başqa qala və müdafiə istehkamlarından ciddi fərqlənir.
Dünya əhəmiyyətli bu nadir abidənin - Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi bəzi mənbələrə görə məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamı hesab olunur. Bu sədd faktiki olaraq Şimaldan Cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Sədd 4 hissədən ibarətdir. Hər 30-35 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddin ən uca bürcünün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən yerli daşlardan, bişmiş və çiy kərpiclərdən hörülüb. Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Həmin bürclərdən ancaq üçü salamat qalıb. Qalanın ümumi ərazisi təxminən 20 hektardır.
Ümumi uzunluğu 120 km olan Çıraqqalanın divarlarının hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Hündürlüyü təxminən 150 metrə yaxın olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından Şimala doğru təxminən dəniz sahili boyu 100 kilometr ərazini nəzarətdə saxlayıblar.
Qalanın özünəməxsus həbsxanası və bir qədər aralı - Şimala doğru qaya döşündə oyularaq ərzaq saxlamaq üçün buzxana anbarı da tikilib. Qala qapısından bir az aralıda, ortada tağbənd örtməli ovdan - su anbarı yerləşir. Buradan tapılan saxsı borular deməyə əsas verir ki, su bu ovdana yaxın dağlardakı çeşmələrdən çəkilib. Qala yeraltı kanallar vasitəsilə su ilə təmin edilib. Qalanın xüsusi akvedukt sistemi vasitəsilə dağlardan bulaq suları gətirilib.
Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir tərəfdən girdə, o biri tərəfdən isə düzbucaq şəklində hörülmüş silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə daş və kərpic hörgülü zolaqları onun monumentallığını daha da artırır. Belə bir fənddən istifadə olunması, eyni zamanda, konstruktiv möhkəmlik üçün məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-kərpic olmaqla hörgüsü növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz. Bakıdakı məşhur Qız qalası da bu üslubda tikilib.
Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, İsmayıllı rayonlarında da rast gəlmək mümkündür. Amma Çıraqqala möhtəşəmliyi ilə bu qalalardan fərqlənir.
Tarixi mənbələrdə Çıraqqala haqqında müxtəlif versiyalar var. Bu müdafiə istehkamı haqqında məlumat verən ərəb tarixçisi Əl Bəlazuri (IX əsr) "Kitab Fütih Əl-Buldən" ("Ölkələrin Fəthi" kitabı) adlı əsərində yazır ki, Sasani şahı Qubad Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirib.
Digər ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki, Şirvan ölkəsində hələ I Kavaddan (488-531-ci illər) əvvəl də Kaspi sahili müdafiə sədləri olub.
Fransız səyyahı Vilhelm Rubrik (XII əsr) Gilgilçay səddi haqqında yazır ki, "...biz oradan (Şabrandan) keçərkən dağlardan dənizəcən enən sədd gördük".
Bəzi tarixçilər güman edirlər ki, qala böyük ehtimalla eradan əvvəl IX-VIII əsrlərdə Manna dövründə tikilib. Bu barədə Aşşur və Urartu mənbələrində də məlumat verilib.
Qalanın XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Çıraqqala həm də Quba xanı Fətəli xanın əsas istehkamlarından biri kimi mühüm rol oynayıb. Vaxtilə burada Fətəli xan tərəfindən tikilmiş təxminən üçmərtəbəli saray mövcud olub. Xan düşmən hücumlarından ehtiyat etdiyi dövrlərdə həmin sarayda məskunlaşıb.
Tarixi mənbələrdə Çıraqqalanın adının yaranmasının bir neçə forması izah olunur. Çıraqqala adı "çıraq" (işıq saçan) və "qala" (müdafiə yeri) sözlərinin birləşməsindən yaranıb və bu adın mənası "işıq saçan qala" kimi başa düşülür. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bu qalanın adını "Çıraqqala" kimi göstərib. Ancaq yerli əhali qalanı "Çaraqqala" adlandırıb və orta əsrlərdə qala-şəhər olmasını göstəriblər. Qalanın bir neçə kilometrliyindəki kəndin adının Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adının da Çaraqqaya olması deyilənlərin doğruluğu ehtimalını artırır.
Erkən orta əsrlər dövründə Beşbarmaq dağından Dərbəndə qədərki ərazilər Çora vilayəti adlanıb və həmin vilayətdə Çora qalası yerləşmişdir. Ehtimal var ki, həmin Çora qalası sonrakı əsrlərdə "Çoraqala", daha sonralar isə "Çıraqqala" deyiliş şəklinə düşmüşdür.
Eyni zamanda, məlumdur ki, Sasanilər tərəfindən qalaya təyin edilən ilk hakimin adı Çara (və ya Çora) olub. Belə olduqda əhali tərəfindən bu qalanın "Çaranın qalası" adlanması daha inandırıcı olur. Zamanla "Çaranın qalası" dönüb Çaraqqala olmuşdur.
Lakin indiyə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və A.A.Bakıxanovun yazdığı kimi və bugünkü deyimə uyğun olaraq qala "Çıraqqala" adlandırılır.
1952-ci ilə qədər bürclərin bir hissəsi - narınqala və baş bürc salamat olub. "Qalaaltı" deyilən yerdə mineral suların kəşfi və burada sanatoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına səbəb olub.
Ulu Öndər Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli Sərəncamı ilə "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilib, onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilib. Həmin vaxtdan başlayaraq qalanın mühafizəsi və bərpası istiqamətində işlərə başlanılıb. 2019-cu il martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri aparılıb.
"Azərbaycan Ordusu"