Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2025 15:21

Fliqel-adyutant tituluna layiq görülən ilk azərbaycanlı

Görkəmli Qacarlar nəslindən olan Rzaqulu Mirzə Bəhmən Mirzə oğlu Qovanlı-Qacar 14 avqust 1837-ci ildə Təbrizdə anadan olub. İlk təhsilini ailədə alıb. 4 fevral 1860-cı ildə o, İmperator Əlahəzrətlərinin Leyb-Qvardiyasının Qafqaz eskadronunda "kornet" olaraq xidmətə başlayıb. 
27 mart 1861-ci ildə İmperatorun fərmanı ilə o, "Əlahəzrət" tituluna layiq görülüb və həmin ildə brilyant üzüklə mükafatlandırılıb.
1862-ci ilin aprelində Kuban bölgəsinin Daxovski əyalətinin azad edilməsində iştirak edib. Həmin ilin 19 dekabrında o, İmperator Əlahəzrətlərinin Leyb-Qvardiyasının Qafqaz eskadronunun 4-cü taqımının (müsəlmanların) komandiri təyin edilib. 30 avqust 1863-cü ildə xidmətdə fərqləndiyinə görə "poruçik" rütbəsinə layiq görülüb.
1864-cü ilin mayında Kuban bölgəsindəki Axçipsuya ekspedisiya zamanı "dağlılar"a qarşı yürüşdə iştirak edib. 3 oktyabr 1864-cü ildən 6 sentyabr 1865-ci ilə qədər Qafqazda yerli sakinlər arasından gənc oğlanları seçmək və onları İmperator Əlahəzrətlərinin Leyb-Qvardiyasının Qafqaz eskadronunun heyətinə qəbul etmək məqsədilə Sankt-Peterburqa gətirmək üçün Qafqazda ezamiyyətdə olub.
28 oktyabr 1866-cı ildə Əlahəzrət İmperatorun yanında "fliqel-adyutant" tituluna layiq görülüb. O, bu titula layiq görülən ilk azərbaycanlı olub.
Rzaqulu Mirzə 1874-cü ildə Sırdərya yürüşündə iştirak edib.
28 oktyabr 1876-cı ildə İmperatorun əmri ilə Yelizavetpol və Zaqatala nizamsız süvari alaylarının tərkibində süvari briqadasının komandiri təyin edilib. Briqada rus qoşunlarının İrəvan dəstəsinin bir hissəsi olub.
O, 1877-1878-ci illər Rus-Osmanlı müharibəsində briqada komandiri olaraq döyüşüb.
Rzaqulu Mirzə Qovanlı-Qacar xidməti müddətində Rusiyanın bir çox mükafatlarına və bəzi xarici ölkələrin orden və medallarına layiq görülüb. Belə ki, 1862-ci ilin aprelində Daxovski əməliyyatı zamanı göstərdiyi şücaətə və cəsarətə görə 3-cü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və yayla birgə) (03.11.1862), Axçipsu hərbi əməliyyatlarında fərqlənməsinə görə 3-cü dərəcəli "Müqəddəs Anna" (qılınc və yayla birgə) (09.03.1865), 1-ci dərəcəli "Şire-Xurşid" (lent və ulduzla birgə) (avqust 1866-cı il), 2-ci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) (30.08.1868), Prussiya Alman İmperatoru Vilhelmin Sankt-Peterburqa səfəri münasibətilə 2-ci dərəcəli "Prussiya Tac Ordeni" (18.05.1873), Amu-Dərya Elmi Ekspedisiyasında işlərinə görə 4-cü dərəcəli "Müqəddəs Vladimir" (07.04.1875), 1877-ci ilin aprel, may və iyun aylarında Bəyazitin müdafiəsi və Bəyazit qarnizonunun mühasirədən azad edilməsi zamanı əməliyyatlarda fərqləndiyinə görə 2-ci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) (25.12.1877), Fransanın "Maarif qarşısındakı xidmətlərinə görə" ordeninə, "Qafqazda xidmətə görə" xaçı (1864), "Qərbi Qafqazın fəthi 1859-1864-cü illər" gümüş, 1877-1878-ci illər Rus-Osmanlı müharibəsinin xatirəsinə gümüş-bürünc, İmperator III Aleksandrın tacqoyma mərasiminin xatirəsinə (Aleksandr lentini sinədə taxmaq üçün) tünd bürünc medalına (05.08.1884) layiq görülüb.
Rzaqulu Mirzə 15 may 1883-cü ildə "general-mayor" rütbəsinə yüksəlib, həmin ildə ehtiyata buraxılıb. O, 1894-cü ildə Şuşada vəfat edib.
Rzaqulu Mirzən Qovanlı-Qacarın Əkbər Mirzə Qovanlı-Qacar (?-1919), Fətəli Mirzə Qovanlı-Qacar (15.03.1854-?) və Aleksandr Rzaqulu Mirzə Qacar (1869-1941) adlı oğulları, Dilşad xanım adlı qızı olub. Hər üç oğlu Rusiya İmperator ordusunda xidmət edib. Əkbər Mirzə general-mayor, Fətəli Mirzə polkovnik-leytenant, Aleksandr Rzaqulu Mirzə Qacar isə polkovnik rütbəsinədək yüksəlib.

"Azərbaycan Ordusu"