Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2025 15:21

“Həmrəylik azərbaycançılıq işığıdı”

Tarixmi günlərdi, günlərmi tarixdi?
Günlərimi tarixə görə tanıyırıq, tariximi günlərə görə? Tarixin günü dövlətçiliyin bir günüdürsə, tarixdi. Həmin günə tarixi gün deyirik, dövlətçiliyə sədaqətimizin bir ünvanı da həmin gün olur. Belə yaşamışıq, belə yaşayırıq, belə yaşayacağıq...
Görəsən, dünyada elə bir dövlət varmı ki, xalqın birliyinin hüquqi sənədi olan gün müəyyənləşdirmiş olsun? Azərbaycan belə bəşəri dövlətdi, birliyi dövlət siyasəti səviyyəsinə yüksəldən, vətəndaş cəmiyyətini sosial mühit kimi dəyərləndirən dövlətdir. Tolerantlıq da, millilik də dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Dünya dövlətləri onu belə tanıyır, bu tanıma ikitərəfli, çoxtərəfli münasibətlər sistemində başlıca ehtiram zəmanətidir. Azərbaycanda belə bir gün təsis edilib; Azərbaycan daha gözəl sabahları birliyin, həmrəyliyin işığı bilənlərin Vətənidir!..
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycançılıq günüdür. Bu gün ilin bir günü kimi yaşanılmır, 365 günün azərbaycançılıq mahiyyətini ümumiləşdirən bir gün kimi yaşanılır. Bu günün əsgərlərinin yeniyetməliyi bu mənəvi amilin cazibəsində formalaşıb. Onlar 31 dekabr gününün amal günü, Vətənə sədaqət günü, dövlətə, dövlətçiliyə sevgi günü olduğunu bir daha dərk edəcək, çağırışçılar hərbi xidmətə bu gözəl dərklə gedəcəklər.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində "N" hərbi hissəsində "Həmrəylik azərbaycançılıq işığıdı" mövzusunda keçirilən disput belə bir biçim girişlə başlayır. Əsgərlərin baxışlarında cilvələnən işığı düşüncələrin işığı bilirəm. Bu işığı söz-söz, kəlmə-kəlmə görəcəyik. Leytenant Cahid Səfərlinin xatırlatmaları - tarixi faktlar, bilgilər disputun yönümünü, məcrasını müəyyənləşdirir:
- Böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq naminə bir təşəbbüsü milli-mənəvi dəyərləri də dövlətə, dövlətçiliyə sədaqət amilinə çevirdi, azərbaycançılıq ideologiyasını mənəvi kamilliyin şərti edən bir təşəbbüsü gerçəkləşdirdi, tarixləşdirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü belə müəyyənləşdirildi. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması haqqında bildiklərinizdən danışın. Niyə məhz 31 dekabr?, - deyir, sorğulu baxışları əsgərlərin baxışlarında gəzişir.
Əsgər Əli Əliyev deyir ki, 31 dekabr ilin son günü olsa da, 1989-cu ilin həmin günü milli-azadlıq hərəkatının bir mərhələsi kimi tarixin xətasını düzəltməyin gərəkliyini xatırladan bir qətiyyətlə, bir sevgi ilə, dünənləri sabahlara çatdıra biləcək bir qəhrəmanlıqla tarixi günə çevrilmişdi. Naxçıvanda "Gülüstan" müqaviləsi ilə ayrılıq çayına dönmüş Arazın sahilində sərhəd dirəkləri söküldü, ayrılığın, həsrətin, ikiyə bölünmənin dayaqları sarsıdıldı. Bilirdilər ki, birliyi təmin edə bilməyəcəklər, ancaq "sərhədsökmə" ayrılığı salanlara ciddi bir xəbərdarlıq oldu: Dünya belə qala bilməz!..
Əsgər Hüseyn Rəhimov əsgər yoldaşının fikrinin davamı kimi deyir ki, bu hadisə xalqın azadlıq istəyinin ifadəsi idi, sərhəd hərəkatı kimi tarixləşdi, o tayda yaşayan azərbaycanlılarla bu tayda yaşayan azərbaycanlılar dövlət qadağalarını darmadağın edərək birləşdilər.
Leytenant Cahid Səfərli əsgərin fikrini tamamlayır:
- "Sərhəd hərəkatı" mahiyyəti baxımından "Gülüstan" müqaviləsinin xalqı ikiyə böldüyünü, sərhədlərin milli ruhu parçalamağa qüdrəti çatmadığını, bunun milli-azadlıq hərəkatında ilkin mərhələlərdən biri olduğunu xatırlatdı. Həmin gün Şəhriyarın bir beyti ayrılığın başlanğıcını da nişan verirdi, ayrılığın ağrılarını da. Bu hərəkat da, bu misralar da bir inamı ifadə edirdi: hansı səbəbdən olursa-olsun, araya düşmüş ayrılığı birliyin, həmrəyliyin qüdrəti aradan qaldıracaqdır...
Əsgər Vidadi Cəfərov deyir ki, orta məktəbdə imtahanlara hazırlaşanda milli-azadlıq hərəkatı haqqında da oxumuşduq, Həmrəylik Gününün necə yaranması haqqında da. Bu günün təsis edilməsi bilavasitə milli-azadlıq hərəkatının davamı olub. 1989-cu il dekabrın 31-də Naxçıvanda Ordubaddan Şərura kimi sərhəddə tikanlı məftillər sökülüb, həmin gün o tay-bu tay düşüncəsi Arazın sularına qarışıb. Xalq bu siyasi, qəddar ayrılığı dünyəvi niyyətləri ilə diz çökdürüb. Müəllimimiz deyirdi ki, həmin hərəkatın iştirakçıları Azərbaycanın milli-azadlıq bayrağı idi. 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisi Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi müəyyənləşdirilməsi haqqında qərar qəbul edib. Bu qərar tarixi hadisəyə, bu hadisəni tarixə yazan xalqa ehtiramın təzahürü idi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi bir kəlam indi də yadımdadır: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!".
Əsgər Nicat Əliyev Naxçıvanda qəbul edilmiş bu qərarın respublika miqyasında pərvərişini - daha ali məqamda qəbul edildiyini xatırladır:
- Naxçıvan Ali Məclisi təsdiqlənməsi üçün qəbul etdiyi qərarı Azərbaycan Respublikasının Ali Sovetinə göndərmişdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qəbul etdiyi qərara - qanuna əsasən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideologiyasının uğuru kimi tarixləşdi.
Əsgərlər bu tarixi günün mahiyyətini, əhəmiyyətini gözəl dərk edib:
- Repressiyalara görə, sovet rejiminin məqsədli milli siyasətinə görə, sonralar sosial proseslər Vətəndən iraq düşmələr, həsrətlər, ayrılıqlar yaratmışdı. Gözdən uzaq olanlar könüldən iraq deyildi, böyük əksəriyyəti milli kimliyini qoruya bilmişdi. Bu qurultay birliyin, həmrəyliyin həm siyasi, həm hüquqi, həm də mənəvi başlanğıcı oldu.
- Ulu Öndər azərbaycançılığı vətənsevərliyin mühüm tərkib hissəsi bilirdi, deyirdi ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" (əsgər Qəzənfər Sadıqov).
- Ulu Öndərin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının l Qurultayında deyilən bu tarixi və bəşəri kəlamı indi Dünya Azərbaycanlılarının birlik, həmrəylik manifestidir (əsgər Samir Hüseynov).
- Dünya azərbaycanlılarının sonrakı qurultaylarında da Azərbaycan naminə birliyin, həmrəyliyin miqyasının, mahiyyətinin azərbaycançılıq məfkurəsi əsasında daha da genişləndirilməsinin zəruriliyi yekdilliklə dəstəkləndi (əsgər Mirəli Məmmədov).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamı tarixləşdirərək dedi: "Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivlər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir"...
Leytenant Cahid Səfərli həmrəylik baxımından İkinci Qarabağ müharibəsini xatırladaraq bildirir ki, bu müharibə xalqın müharibəsi idi, xalqla ordunun birliyinin və həmrəyliyinin müharibəsi kimi tarixləşdi. Ordu döyüşürdü, xalqın ruhu döyüşənlərin sırasında idi. Hamı döyüşlərə getmək istəyirdi. Dünya ictimaiyyəti bu həmrəyliyi, birliyi təşnəliyin coşqusu bildi. Tarixi Zəfər qazanıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
Zabitin fikirləri maraqla, sevgilərlə dinlənilir. Əsgərlərin qürurunu 5 il əvvəlin bir tarixi gününün qüdrəti bilirəm. Bu gözəl xatırlamanı Dünya Azərbaycanlılarının həmrəyliyinin nəhayətsiz, hüdudsuz olduğunun qüruru ilə əsgər Rəsul Hacıyev davam etdirir:
- Borçalıdan olan iş yoldaşı dayıma deyib ki, həmin gün azərbaycanlılar yaşayan kəndlərdə, Marneuli şəhərində böyük bayram ovqatı yaşanılıb. Kəndlərdə Dədə Qorqud tonqalları qalanıb, xalqın ruhu gecənin qaranlığını aydınlaşdırıb.
Rəsulun fikirlərini əsgər İlyas Əsgərov davam etdirir:
- Müəllimimizdən eşitdiyim bir fikir yadımdan çıxmayıb: "Vətən ruhun sərhədləndirdiyi ərazidi, Vətənin o başı, bu başı olmur". Azərbaycan Ordusunun tarixi Zəfərinin işığı Borçalıya da çatmışdı. O işıqda yaşanılan ovqat tarixi həmrəylik idi, birliyin coşqusu idi, qürurun ifadəsi idi.
"31 Dekabr həmrəyliyin rəmzi günü olmaq etibarilə dünya miqyaslı həmrəyliyin tarixə hesabatı və and günüdü", - əsgər Hüseyn Rəhimovun fikri hamının xoşuna gəlir...
Leytenant xatırladır ki, Dünya Azərbaycanlılarının V Qurultayı 2022-ci il aprelin 22-də Şuşa şəhərində keçirildi. Tarixi Zəfərə ehtiram kimi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 31-də xalqa müraciətində dedi: "Bu il Şuşada Dünya Azərbaycanlılarının Qurultayı tarixi hadisə idi. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıyırdı. Necə ki, Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir yumruq kimi birləşib, əminəm, dünya azərbaycanlıları, onların mütləq əksəriyyəti də eyni yanaşma göstərəcəklər. Hər halda güclü Azərbaycan dövləti onlar üçün böyük dayaqdır".
Şuşanın xatırlanması da, qurultaylardan birinin bu şəhərdə keçirilməsi də əsgərləri qürurlandırır. Mənə elə gəlir ki, disputun bu məqamda başa çatması da rəmzdi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə əsgər ehtiramının rəmzi...

Əməkdar jurnalist

Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"