Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2025 15:21

Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin VI plenumu keçirildi

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (MN BHİK) 2025-ci ilin yekunları ilə bağlı VI plenumu keçirildi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən plenumda BHİK-nə daxil olan hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrinin, tibb müəssisələrinin və digər sahələrin təşkilat sədrləri iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
BHİK-nin sədri Kərəm Rzayev hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, tarix boyu dövlətlərin gücünü müəyyən edən əsas amillər onların güclü iqtisadiyyatı və qüdrətli orduları olmuşdur. "Ölkəmizdə də bu istiqamətdə ardıcıl siyasət həyata keçirilərək həm iqtisadi, həm də hərbi sahədə ciddi nailiyyətlər əldə edilib.
2020-ci il 27 sentyabr-10 noyabr tarixlərində baş tutan Vətən müharibəsi bu inkişafın bariz nümunəsidir. 44 günlük müharibə tarixi Zəfərimiz ilə başa çatdı və ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbə, ilk növbədə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun qüdrəti sayəsində mümkün oldu.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycan həm iqtisadi, həm siyasi sahələrdə, həm də ordu quruculuğu istiqamətində mühüm uğurlara imza atır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu nailiyyətlərin əsasını sağlam ictimai-siyasi mühit və dövlət-xalq-ordu birliyi təşkil edir. Hər birimiz ölkəmizin rifahı, təhlükəsizliyi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi naminə görülən işlərə görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildirir və qazanılmış tarixi qələbə ilə qürur duyuruq".
Komitənin sədri K.Rzayev 2025-ci il ərzində görülmüş işlərin hesabatı barədə çıxışında qeyd etdi ki, bizim üçün önəmli olan ilk həmkarlar təşkilatlarının nüfuzunun yüksək olmasıdır. "Çünki həmkarlar ittifaqı üzvlərinin yerlərdə sosial və əmək hüquqlarının qorunması komitə üzvləri və onların sədrlərinin nüfuzu ilə birbaşa əlaqədardır. Həmkarlar ittifaqı komitələrinin sədr və üzvlərinin əsas vəzifələri həmkar üzvlərinin qayğıları, problemləri ilə yaxından tanış olmaqdan ibarət olmuşdur. Həmkarlar ittifaqı komitələrinin əsas funksiyalarından biri də əməyin mühafizəsinə ictimai nəzarətin həyata keçirilməsindən ibarətdir. Buna görə də kollektiv müqavilələr işlənib hazırlananda, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri ən vacib məsələlərdən biri olmalıdır. BHİK-nin iş planına uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri mövzusunda daima maarifləndirmə işləri aparılır".
Qeyd olundu ki, bu il həmkar üzvlərinin sayında xeyli artım olub. Dörd yeni təşkilat yaradılıb. BHİK ümumilikdə 81 təşkilat ilə kollektiv müqavilələr bağlayıb, 39 müəssisədə ilk kollektiv müqavilələrin vaxtı uzadılıb.
"BHİK tərəfindən 2025-ci ilin may ayından bu günədək üzvlərimiz üçün 1 günlük istirahət təmin edilərək, onların respublikamızın Quba, Xaçmaz, Qusar, Masallı, İsmayıllı və Gəncə bölgələrinə kütləvi gəzintiləri təşkil olunub. Həmin tədbirlərdən ümumilikdə 1800 nəfər yararlanıb. Gəncə rayonu ərazisində yerləşən hərbi müəssisələrdə çalışan üzvlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onlar üçün "Mirakl Qarden" istirahət mərkəzi ilə BHİK arasında müqavilə imzalanıb və bu imkandan 350 nəfər həmkar üzvümüz faydalanıb.
Bundan başqa, Gəncə şəhərində təşkil olunan Yeni il şənliyinə 300 nəfər balaca fidanımız üçün, eləcə də ilk təşkilatların azyaşlı uşaqlarına 4000 ədəd hədiyyə biletləri alınaraq tərəfimizdən paylanılıb. Xanımlara diqqət və qayğının təzahürü olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım həmkar sədrlərimizə müxtəlif hədiyyələr təqdim olunub.
Həmçinin qeyd olundu ki, ilk həmkarlar təşkilatının üzvləri arasında şahmat turniri üzrə yarışlar keçirilib. Keçirilən yarışlarda qaliblər pul mükafatı və fəxri fərmanlarla təltif olunublar.
Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən fevral ayında keçirilən "Ekologiya - mənim fırçamda" adlı rəsm müsabiqəsində və noyabr ayında keçirilən "Zəfər mənim qələmimdə" adlı məqalə yarışında təşkilatımızın üzvləri və onların övladları aktiv iştirak ediblər.
Vurğulandı ki, 28 May - Müstəqillik Gününə həsr edilmiş BHİK-nin fəallarının iştirakı ilə "N" hərbi hissəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək məqsədilə "Müstəqilliyimiz mirasımız, təbiət məsuliyyətimizdir" adlı ağacəkmə aksiyası keçirilib.
Komitə sədri qeyd etdi ki, BHİK-in rəyasət heyətinin qərarına əsasən təşkilatımıza diqqət və qayğı ilə yanaşan, dəstək olan hərbi hissə və müəssisə rəhbərlərinə, ilk təşkilat sədrlərinə bayram, ad günü və yubiley münasibətilə xatirə hədiyyələri təqdim olunub. "Eyni zamanda, BHİK-in aparat işçiləri ilə birgə mütəmadi olaraq hərbi hissə və müəssisələrə səfərlər təşkil olunur, həmkar üzvlərimizin sosial-məişət və digər problemləri ilə tanış oluruq".
Komitə sədri vurğuladı ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Bayrağımızın şanı, ordumuzun şöhrəti" adı altında 20 şəhid ailəsi və müharibədə sağlamlığını itirmiş 120 nəfər döyüşçümüzün iştirakı ilə konsert tədbiri keçirilib. "11 iyul 2025-ci il tarixində Mərkəzi Nəbatat Bağında"Kiçik əllərlə böyük arzular!" adlı rəsm müsabiqəsi təşkil edilib. "Xəyallarımı rəngləyirəm" şüarı altında keçirilən müsabiqədə şəhid ailələrinin övladları iştirak edib, onların çəkdikləri rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekunda qaliblər pul mükafatları və diplomlarla təltif olunublar. 7 avqust 2025-ci il tarixində "Qarabağ şəhid ailələrinin gözü ilə!" adlı xüsusi Qarabağ turu həyata keçirilib. Tur çərçivəsində şəhid ailələri Qarabağın müxtəlif yerlərini ziyarət edərək, tarixi məkanlarla tanış olublar.
Həmçinin 15 Sentyabr - Bilik Günü münasibətilə "Qəhrəman övladları sabahın ulduzları!" adlı tədbir təşkil edilib. Tədbirdə şəhid və müharibədə sağlamlıqlarını itirənlərin övladlarına şirniyyat süfrələri açılıb, onların məktəb ləvazimatları ehtiyaclarını qarşılamaq məqsədilə hər birinin bank hesabına maddi vəsait köçürülüb.
6 noyabr 2025-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "8 Noyabr - Qürur və Zəfər Günümüz!" adlı geniş konsert proqramı keçirilib. Tədbirdə 200-dən çox şəhid ailəsi və müharibədə sağlamlıqlarını itirən döyüşçülər, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin valideyn himayəsindən məhrum olunmuş şəhid övladı olan 7 nəfər kursantı iştirak edib.
BHİK tərəfindən 6 şəhid ailəsi xüsusi himayəyə götürülüb və mütəmadi olaraq hər ay bu ailələrə maddi yardım göstərilir".
Qeyd olundu ki, Respublika Birliyinin rəyasət heyətinin müvafiq qərarına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutun 4 kursantına təhsil müddəti bitənə qədər təqaüd təhkim edilir.
Həmkar üzvləri arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsinin önəminə toxunan komitə sədri dövlətimizin başçısının şəhid ailələrinə və müharibədə sağlamlıqlarını itirənlərə göstərdiyi yüksək diqqət və qayğısından da danışdı: "Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq hər birimizin məqsədi Vətənimizin bütövlüyü naminə canından keçən və sağlamlığını itirənlərin ailələrinə dəstəyimizi əsirgəməməkdir".
Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin VI plenumunun gündəliyində dayanan məsələlər oxundu, səsə qoyularaq təsdiq olundu.
Daha sonra komitənin təşkilati məsələləri - yeni yaradılan təşkilatlar və təşkilatlarda aparılmış yoxlamalarının nəticələri haqqında və əməyin mühafizəsi, işəgötürənlə ilk təşkilatlar arasında bağlanmış kollektiv müqavilələrin vəziyyəti barədə çıxışlar dinlənildi. İl ərzində verilmiş yollayışların vəziyyəti ilə bağlı ətraflı məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı. Təşkilat sədrləri ilə plenumun gündəliyində dayanan məsələlər barədə geniş diskussiya və müzakirələr aparıldı.
Komitə rəhbərliyinin tapşırıq və tövsiyələrinin reallaşdırılması istiqamətində görülən işlər, əmək fəaliyyətlərinin müasir formada həyata keçirilməsi və nəzərdə tutulan gələcək planları barədə təşkilat sədrləri Emin Nəsirov, Aynur Mustafayeva, Sahib Əsədov, Kazım Cəfərov, Kazım Mirzəyev, Gülnarə Kələntərli və başqalarının çıxışları dinlənildi.
Daha sonra BHİK-nin gördüyü işləri əhatə edən videoçarx nümayiş olundu.
Sonda komitə sədri plenumun gündəliyindəki məsələlərdən irəli gələn tapşırıqları rəyasət heyətinin üzvlərinə çatdırdı.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"