AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan əsgəri İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, səngərlərdə döyüş növbətçiliyində hərbi hissənin döyüş bayrağına xitabən: "Bayrağım varlığımdı, bəxtiyarlığımdı" deyirdi. Həm də əmin idi ki, onun rəmzi kölgəsinə dünya sığışa bilər, orada düşmənə yer yoxdu, olmayacaq. Canım bayrağımın, qürurum bayrağımın üstündə yad yellər əsməyəcək. İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər düşmənin, işğalçının kölgələrini doğradı. Azərbaycan bayrağının işığında doğranmış bu kölgələr Azərbaycan adlı müstəqil dövlətdə bir daha bitməyəcək. Bu, Vətən andıdır!
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu, tarixin dolaşığa salınmış gərdişinə tarixi nizam verildi; xalqın mübarizə əzmi, milli-azadlıq hərəkatı 73 ilin sıxlaşdırdığı siyasi dumanlığı dağıtdı, Azərbaycan bayrağı yenə göylərin səyyarəsi oldu. 34 ildir "Tarixlərin dünənindən güc al, Bayrağım! Tarixlərin sabahına güc ol, Bayrağım!" - deyirik. Əbədiyyən deyiləcək!
2025-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu sərəncamın mahiyyəti işıqdı - Azərbaycanın bu günündən sabahlarına çatacaq siyasi işıqdı, mənəvi işıqdı, heysiyyət işığıdı və tarixi işıqdı!
Azərbaycanda milli-azadlıq hərəkatı müstəqilliyin, suverenliyin hərəkatıydı. Bu dönməz hərəkat Xeyirin (Azərbaycanın dövlətçiliyinin) hərəkatıydı, iki Şərlə (Azərbaycan dövlətçiliyini işğal edən imperiya və Azərbaycanın ərazilərini parçalamaq istəyən işğalçı dövlət) mübarizəsinin hərəkatıydı. 18 oktyabr 1991-ci il, 10 noyabr 2020-ci il, 20 sentyabr 2023-cü il tarixləri müstəqilliyimizin, suverenliyimizin tarixləridir.
I Şərin - Sovet imperiyasının Azərbaycan dövlətçiliyinə qarşı gizli mübarizəsinin güllələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə atıldı, həm də mülki əhaliyə atıldı. II Şərin şərliyinə 1991-ci il oktyabrın 18-də son qoyuldu, II Şərin şərliyinə 2020-ci il noyabrın 10-da son verildi. 2023-cü il sentyabrın 20-si Xeyirin Şərlər üzərində qəti qələbəsi oldu, Azərbaycanın müstəqilliyi, suverenliyi tarixi qətiyyətlə salamladı...
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın daha dinamik inkişafının zəmanət ili kimi tarixləşməkdədir. Azərbaycan Ordusunun şəxsi heyəti bu tarixi yüksək döyüş və mənəvi-psixoloji hazırlıqla tamamlayacaq. Həm də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərini tarixi Zəfərin mahiyyətinin davamı kimi tamamlayacaq. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri genişlənməkdədir. Bu şəhərlərə, kəndlərə qaranlıqları çilikləyən, yox edən nur deyərdim - bu nurdan min kilometrlərlə uzaqlarda olanlar da ona, tarixi Zəfərimizə ehtiram kimi belə deyir, yəqinindəyəm: Bəşəri Zəfər, bəşəri işıq, bəşəri düşüncələr və bəşəri qayıdış. “Konstitusiya və Suverenlik İli” bunların tarixi yaddaşıdır...
Qayıdanlar ocağa qayıdışa, yurda qayıdışa ruhun cana qayıdışı da deyirlər. “Konstitusiya və Suverenlik İli”ndə bu səslənişdə də Zəfər qətiyyəti var!
İkinci Qarabağ müharibəsinə kimi böyük xanəndə Ağabala Abdullayevin nəvəsi müğənni Ağabala Abdullayev Füzuli rayonunun (əslində, işğal olunmuş bütün ərazilərimizin) adından torpaqlarımızın acılardan - işğaldan qurtarması üçün musiqinin diliylə "Ay Vətən oğlu!" deyə haraylayırdı. Hərdən mənim misralarımı da musiqiyə kökləyirdi: "Döyüş, sinəni səngər elə, qeyrət ilə, hünər ilə Zəfər elə!" deyirdi. Nəvə xanəndənin (həm də gizir) "Ay Vətən oğlu!"su da səngərlər dolaşırdı, əsgərlərlə nəfəs-nəfəsə döyüş növbətçiliyi aparırdı. İndi Ağabala Abdullayev Füzulidə yaşayır, oxumalarıyla füzulililəri Füzuliyə (ağdamlıları Ağdama, kəlbəcərliləri Kəlbəcərə, cəbrayıllıları Cəbrayıla, zəngilanlıları Zəngilana, xocalılıları Xocalıya, laçınlıları Laçına) çağırır, "Ay Vətən oğlu, ruhunuzun doğmalığına qayıdın!" deyir. Bu kəlmələr “Konstitusiya və Suverenlik İli”ndə dövlətə, dövlətçiliyə daha böyük sədaqətlə səslənir, bu ovqatla da dinlənilir...
“Konstitusiya və Suverenlik İli”nin mahiyyətində (tarixin bir ilinə ad olan fəlsəfədə) yaşanılmış bir qürur yenidən (həm də qalibiyyət müstəvisində!) yaşanıldı! 2025-ci il həm də tarixi Zəfərin 5 illiyi oldu. Bu qürurun uvertürası Azadlıq meydanında keçirilən Hərbi parad oldu...
Bu ilin payızı bənzərsiz payızdı. 5 il əvvəlin payızının ruhunu yaşatdığı üçün, "əllərdə, könüllərdə və dillərdə qərar tutan bayrağımız" payızın həzin-həzin əsən yelində incəliklə dalğalandı. Bu dalğalanmanı ruhun dünyaya salamı bildik, bu dalğalanmada Azərbaycan Ordusunun qüdrətinin mətinliyi vardı. Azadlıq meydanına axışanlar bu mətinliyin doğmalığından keçib müqəddəsliyin tarixi görüntülərinin cazibəsinə düşmüşdü. Bu görüntülər 5 il əvvəlin döyüşlərində qazanılmış Zəfəri tarixləşdirənlərin, onların Zəfərinin ruh qardaşlarının mətin yerişləri ilə tamamlanırdı...
Xəzər də dalğalanırdı, bayrağımız da. Bu qoşa dalğalanmada azərbaycançılıq ruhu görənlər qürurla deyirdi ki: "Mən azərbaycanlıyam!"
Mahiyyəti baxımından böyük qələbələr həmişə böyük miqyasda qeyd olunur. Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər böyük Zəfərdir. Havadarlarının siyasi və hərbi köməyinə ümidlənən Ermənistan 2020-ci ilin sentyabrına kimi yeni ərazilər işğal etmək üçün bütün siyasi və hərbi üsullardan, vasitələrdən istifadə edirdi. Ona görə də dünya ictimaiyyəti Azərbaycan Ordusunun Zəfərinə tarixi Zəfər dedi. Tarixi Zəfərdən az sonra - dekabrın 10-da Bakının Azadlıq meydanında Hərbi parad keçirildi. "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir", - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə dedi. Dünya bir daha inandı və əmin oldu ki, Azərbaycan Ordusu güclü ordudur. Zəfər tarixi Zəfər idi, parad tarixi parad idi, qürur tarixi qürur oldu!
“Konstitusiya və Suverenlik İli”ndə keçirilən Hərbi parad Azərbaycan dövlətinin güclü dövlət olduğunu, Azərbaycan Ordusunun güclü ordu olduğunu təsdiqləyirdi. Parada ürəyinin gözləriylə baxanlar bunu aydınlığıyla görürdü...
2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır". Bu fikir “Konstitusiya və Suverenlik İli”ndə daha böyük qürurla səslənir!
Əməkdar jurnalist
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"