Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2025 15:21

Milli birlik və həmrəylik ruhu

2020-ci ilin bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq, Azərbaycan yaranmış bu vəziyyətdən minimum itkilərlə çıxmaqla yanaşı, həm də böyük bir uğura imza atdı. Dövlət-xalq-ordu birliyimiz ilə tarixi qələbəyə, şanlı Zəfərə nail olduq. Belə ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxtibatlarına cavab olaraq başlanan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz iradəsi, xalqımızın birliyi, ordumuzun qüdrəti sayəsində tarixi yurd yerlərimizi mənfur düşmən əsarətindən xilas etdik. Qüdrətli Azərbaycan Ordusu hər anı şərəf və qürurla dolu olan 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızın ərazi bütövlüyünü bərpa etdi.
Tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. 
Çətin ərazi və əlverişsiz relyef şəraitində, qısa zaman kəsiyində ordumuz tərəfindən uğurla icra edilən "Dəmir yumruq" əməliyyatı hərb tarixində xüsusi yer tutub, dünyanın aparıcı hərbi mərkəzləri və mütəxəssisləri tərəfindən araşdırılan nümunəyə çevrilib.
Bu tarix 44 günə yazılsa da, birliyimizin tarixi qədimlərə dayanır. Bu gün də bizi yaşadan elə bizim birliyimiz, bütövlüyümüz, bölünməzliyimizdir. Əfsanəvi, dillər əzbəri olan mahnımızın sözlərində deyildiyi kimi:


Gəl, bacım, gəl, qardaşım,

Bir olaq, yumruq olaq.

Sinəsi dağlanmasın,

Bölünməsin bu torpaq.


Bəli, bu torpaq bölünməməlidir. Çünki bu torpağın bütövlüyü uğrunda canlarını qurban verən on minlərlə şəhidimiz var... Bu gün biz bu torpaqlarda rahat nəfəs ala biliriksə, demək ki, bunda onların payı, haqqı var. Şəhidlərimizin müqəddəs qanı ilə suvarılan Vətən torpağı bizə əmanətdir və bu əmanəti qorumaq hər birimizin mənəvi borcudur. Tarix sübut etdi ki, xalq öz birliyi və iradəsi ilə haqq yolunda mübarizəyə qalxsa heç bir güc-qüvvə onun qarşısında tab gətirə bilməz. Məhz bu birlik, bu qətiyyət bizi Zəfərə apardı. Bu tarixi Qələbənin rəmzi və təntənəli ifadəsi isə Zəfər paradı oldu. Paradda Azərbaycan Ordusunun gücü, döyüş qabiliyyəti və müasir texnologiyalara əsaslanan hərbi potensialı bütün dünyaya nümayiş etdirildi. Zəfər paradı hərbi yürüş olmaqla yanaşı, eləcə də xalqımızın qürurunun, şəhidlərimizin xatirəsinə ehtiramın və müstəqil dövlətimizin sarsılmazlığının təcəssümü kimi tarixə yazıldı.
Vətən müharibəsi dövründə Azərbaycan yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya məkanında da uğurla mübarizə apardı. Ölkəmizə qarşı aparılan məqsədli dezinformasiya kampaniyaları ifşa olundu, Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror əməlləri və vandalizm faktları dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Azərbaycan xalqının tarixində ən yaddaqalan günlərdən biri də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında dekabr ayının 31-nin dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla əlaqədar qanunvericilik aktının hazırlanması və qəbul edilməsi üçün ölkə parlamenti olan Ali Sovetə müraciət edib. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası bu müraciəti nəzərə alaraq, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qanun qəbul edib.
Həmrəylik Günü milli birlik ideyasını, Azərbaycana olan sevgini, mənəvi dəyərlərimizə hörməti və Vətənə sədaqəti özündə birləşdirən əlamətdar gündür. Dünya azərbaycanlılarının birliyinin təməli 1989-cu ilin dekabrın sonlarında Naxçıvanda SSRİ ilə İran arasındakı sərhədlərin sökülməsi hadisələri ilə qoyulub və bu zaman sərhəd maneələri aradan qaldırılıb.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin vacibliyini nəzərə alaraq, 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. O gündən etibarən 31 dekabr bütün dünyada yaşayan azərbaycanlılar üçün birliyin və həmrəyliyin rəmzinə çevrilmiş, Azərbaycan Respublikasında rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlamışdır. 
Dekabr ayının son gününün hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması müxtəlif tarixi və ictimai səbəblər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycanla bağlılığının gücləndirilməsinə, eyni zamanda, onların bir-biri ilə daha sıx əlaqə yaratmasına şərait yaradır. Bu əlamətdar gün milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Həmrəylik Günü öz mahiyyətinə görə azərbaycançılıq ideyasına əsaslanır. Məhz bu ideologiya son dövrlərdə müstəqil Azərbaycanın inkişafında və dünya azərbaycanlılarının milli özünüdərkində mühüm rol oynayan güclü bir birləşdirici amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir azərbaycanlı yaşadığı ölkədən asılı olmayaraq ana Vətənin tərəqqisinə, onun beynəlxalq aləmdə nüfuzunun artmasına, milli mədəniyyətimizin tanıdılmasına və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasına öz töhfəsini verməyi mənəvi vəzifə hesab edir.
2001-ci ilin noyabr ayının 9-10 tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu tədbir dünya azərbaycanlılarını birləşdirmək və onların üzləşdiyi problemləri həll etmək baxımından əhəmiyyətli bir hadisəyə çevrildi. Qurultayda dərin məzmunlu çıxış edən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin gücləndirilməsinin, Azərbaycan dövləti ilə diaspor arasında əlaqələrin möhkəmləndirilməsinin, qarşıya çıxan çətinliklərin həllində səylərin birləşdirilməsinin vacibliyini vurğuladı. O, həmçinin ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışdı. Ulu Öndərin "Hər bir insan üçün onun milli mənsubiyyəti qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" sözləri həmvətənlərimiz üçün milli qürur ifadəsinə çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birliyinin simvolik ifadəsidir. Bu gün 70-dən çox ölkədə yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqələrin qurulmasında, onların arasında həmrəylik və birliyin yaradılmasında mühüm rol oynayır.
Bütün bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu müdrik siyasəti uğurla davam etdirərək dövlətimizin inkişaf etmiş ölkələr sırasında mövqeyini gücləndirmək üçün daha böyük səylər göstərir.
Bu gün hər bir azərbaycanlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.
Ulu Öndərin layiqli davamçısı, şanlı Zəfərimizin memarı Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində hər bir azərbaycanlı dövlətimizin gücü və qüdrəti ilə fəxr edir, bundan sonra da fəxr edəcəkdir.
Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"