AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Rəşadətli Azərbaycan Ordusunun və onun qəhrəman əsgər və zabitlərinin, şəhidlərimizin qanı, canı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd etdi. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.
Tarixi əhəmiyyətə malik olan bu sərəncam Böyük Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynadı. Sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və bir ölkə vətəndaşı olaraq özümüzə borc bilirik. Xatırladaq ki, müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni mərhələdə qarşısında duran tarixi vəzifələrinin öhdəsindən o dövrdəki hakimiyyət gələ bilmədi, ölkəmiz böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı, cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb getdi. Torpaqlarımız "Böyük Ermənistan" xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edildi, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilirdi. Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq həddinə gəlib çıxdı. Belə bir çətin dövrdə xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi, ölkəmiz öz inkişaf yolunu tutdu. Beləliklə, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə möhkəmləndirdi. 1995-ci il noyabrın 12-də isə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Qəbul olunan Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və hüquqi islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın rifahının yüksəlməsi, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti də insan hüquqlarının qorunmasına həsr edilib. Konstitusiyamızın qəbulundan ötən dövr ərzində bu ali sənədə 3 dəfə - 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklərin edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə" İnsan Hüquqları Günü" kimi təsis olunması insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi də ölkəmizdə bu sahədə atılan növbəti addımların davamıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur.
19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalamaqla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Bu addımla Azərbaycanın müasir tarixində daha bir şərəfli günün qeyd olunmasına səbəb olmuşdur. Suverenlik dövlətin daxili və xarici işlərdə müstəqilliyini tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsipdir. Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenlik bərpa olunaraq müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Bu il ərzində dövlət suverenliyinin qorunması və inkişaf strategiyasının hazırlanması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini vurğulayan maarifləndirmə tədbirləri təşkil edilmişdir. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda, Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir imkan idi. Konstitusiya hər bir müasir dövlətin hüquqi strukturunda normativ nüvəni təşkil edir. Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin əsas sütunu kimi çıxış edir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində bu sənədin hüquqi, siyasi və sosial aspektlərinin yenidən dəyərləndirilməsi, konstitusional düşüncənin dərinləşdirilməsi baxımından mühüm imkanlar yaratmışdır. Bu baxımdan, Konstitusiyanın elmi tədqiqi və tətbiqinin təkmilləşdirilməsi hüquqi dövlətin davamlı inkişafına xidmət edən əsas şərtlərdən biri kimi çıxış edir. 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ölkənin hüquqi əsaslarının, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu il Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyyət daşıyır.
Azərbaycan dövlətinin insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər, həyata keçirdiyi tədbirlər nəinki ölkədaxili səviyyədə, eyni zamanda, regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb etməklə özünün fundamental xarakteri ilə seçilir. Şərqdə ilk dəfə olaraq ölüm cəzasının məhz ölkəmizdə ləğv edilməsi gənc dövlətimizin humanist mahiyyətinin bariz təcəssümü kimi dəyərləndirilir. Hələ 1993-cü ildən Ulu Öndər Heydər Əliyev tərəfindən icrasına moratorium qoyulmuş bu müstəsna cəza növü 1998-ci ildə tamamilə ləğv edilib və bu addım həm ölkə ictimaiyyəti, həm də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində əvvəl unudulmuş əfv və amnistiya təsisatları 1995-ci ildən bərpa olundu.
1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanıb. Bir qayda olaraq əlamətdar günlərlə bağlı imzalanan əfv fərmanları məhkumlarda və onların yaxınlarında böyük sevinc hissi doğurub. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi ənənəyə çevirdi. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edildi. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdı. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib. Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Ulu Öndər Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar da Ulu Öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümü idi. Dahi Liderin anadan olmasının 84 illiyi münasibətilə qəbul edilən amnistiya qərarı ilə 9 mindən artıq məhkum bağışlanıldı.
Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv edilib. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə növbəti amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü.
Suverenliyimizin bərpası milli həmrəyliyimizi, dövlətçilik ideologiyamızı daha da möhkəmləndirdiyini, xalq-dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyini və gələcək nəsillər üçün əbədi örnək olduğunu fəxrlə bəyan edərək, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Azərbaycan Respublikasının Milli Məclisi suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək və Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, 19 dekabr 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiyanın elan edilməsini qərara alıb. Hazırda respublikamızda amnistiya qərarının icrasına başlanılıb.
Ümidvarıq ki, hər bir vətəndaşımızın ürəklə, canıyananlıqla iştirakının vacib olduğu bu prosesdə, ölkəmizin daha da güclənməsində amnistiya aktından - qələbəmizin memarının humanist addımından bəhrələnən və yenidən azadlığa qovuşan insanlar da fəal iştirak etməyə çalışacaqlar.
Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Hər bir vətəndaş konstitusiyanı öyrənməli, onun prinsiplərinə hörmət etməli və dövlətin suverenliyini qorumaq üçün çalışmalıdır. Əminliklə deyə bilərik ki, "Konstitusiya və Suverenlik İli" bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verdi.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"