AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən müharibəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan münaqişənin şanlı Qələbə ilə yekunlaşması uğurlu siyasətin və strategiyanın bəhrəsidir. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi göstərdiyi qətiyyət, lider olaraq prinsipial mövqeyi, uzaqgörən diplomatiyası və humanist yanaşması bu tarixi uğurun əldə olunmasında həlledici rol oynadı. Məhz bu amillər xalqımızın zəfərə çatmasını təmin etməklə yanaşı, minlərlə insanın həyatının qorunmasına da imkan yaratdı.
Vətən müharibəsinin möhtəşəm Qələbə ilə yekunlaşmasından və xalqımızın uzun illər davam edən yurd həsrətinin sona çatmasından artıq 5 ildən çox zaman ötür. Şanlı Zəfərimizin beşinci ildönümü həm respublikamızda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük fəxr və qürur hissi ilə qeyd olundu. Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsinə qəti şəkildə son qoyuldu, düşmən məğlub edildi. Artıq beş ildən çoxdur ki, Şuşa şəhərində beynəlxalq səviyyəli tədbirlər, festivallar və müsabiqələr təşkil olunur. Uzun illər ərzində dağıdılmış və talan edilmiş şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri ardıcıl və uğurla davam etdirilir. Keçən hər gün və keçən hər ay vətəndaşlarımızın doğma torpaqlarına qayıdışını daha da sürətləndirir. Ərazi bütövlüyümüzün bərpa olunması ilə ədalət öz yerini tapıb, əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qaytarılıb. Bununla yanaşı, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün həyatına son qoyulub. Biz şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, Qələbənin qazanılmasında payı olan hər kəsi hörmətlə anırıq. Bu gün qürurla deyə bilirik ki, artıq qayım-qədim yurd yerlərimizə ayaq basırıq, rahat şəkildə yaşayırıq.
Bir insanın həyatını xilas etmək bəşəriyyət üçün ən böyük dəyər sayılır və bu, bütöv bir dünyanı xilas etməyə bərabər tutulur. Vətən müharibəsində əldə olunan şanlı Zəfərdən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə icra edilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun döyüş taktikaları geniş şəkildə araşdırılır və təhlil olunur.
Biz isə bu məsələyə fərqli baxış bucağından - humanist dəyərlər prizmasından, insan həyatının qorunmasının əhəmiyyəti baxımından yanaşmağı məqsədəuyğun hesab edirik. İnsan həyatının xilas edilməsi deyildikdə, ilk növbədə fədakarlıq göstərən hərbi həkimlər yada düşür. Bununla yanaşı, reallıq göstərir ki, sərkərdənin uzaqgörənliyi, dəqiq planlaşdırılmış qərarları, qəti mövqeyi və güclü siyasi iradəsi, eləcə də səmərəli diplomatik fəaliyyəti döyüşlər başlamamışdan əvvəl belə minlərlə insanın həyatının qorunmasına imkan yaradıb.
44 günlük Vətən müharibəsi zamanı döyüş əməliyyatlarına bilavasitə rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyev əməliyyat vəziyyətinə uyğun olaraq hərbi rəhbərliyə konkret tapşırıqlar verirdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da qeyd etdiyi kimi, bu tapşırıqlar sırasında xüsusi əhəmiyyət daşıyan bir göstəriş var idi. Hərbi komandanlıq bu göstərişi böyük dəqiqliklə icra edirdi, çünki Prezidentin bu tələbi torpaqlarımızın işğaldan azad edilməsi qədər vacib və həyati əhəmiyyətə malikdir.
Məhz həmin xüsusi tapşırığın mahiyyəti və humanist məzmunu sonradan imzalanan Üçtərəfli Bəyanatın müddəalarında da öz aydın əksini tapdı. Bu yanaşma Prezident İlham Əliyevin insan həyatına verdiyi yüksək dəyərin, uzaqgörənliyinin və humanist siyasətinin bariz nümunəsidir.
Ermənistan silahlı birləşmələrinin torpaqlarımızı işğal altında saxladığı illərdə də, Vətən müharibəsi dövründə də dövlət başçısı bu həyati məsuliyyətin öhdəsindən məharətlə gəldi. Uzun müddət səbir və təmkin nümayiş etdirərək münaqişənin danışıqlar yolu ilə həllinə çalışması da onun humanist mövqeyinin təzahürü idi. Nəticədə minlərlə insanı ölüm təhlükəsindən xilas edən Prezident İlham Əliyev xilaskar sərkərdə kimi də tarixə düşdü.
Fikrimizcə, bu tapşırığın mahiyyəti və əhəmiyyəti özünün ən dolğun ifadəsini Üçtərəfli Bəyanatın müddəalarında tapıb.
Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi komandanlıq qarşısında qoyduğu əsas vəzifə döyüş əməliyyatlarında qələbə qazanmaqla yanaşı, ordumuzun sıralarında şəxsi heyət itkilərinin minimuma endirilməsi idi. Dövlət başçısının verdiyi hər bir tapşırıq və qəbul etdiyi hər bir qərar, ilk növbədə, insan həyatının qorunmasına xidmət edirdi. Onun əsas məqsədi mümkün qədər az sayda vətəndaşımızın yaralanması və həlak olması idi.
Ali Baş Komandanın xüsusi göstərişi döyüşlərdə maksimum səy göstərərək, eyni zamanda, daha çox insanın həyatını xilas etməyə nail olmaqdan ibarət idi. Prezident İlham Əliyev bu humanist mövqeyini yalnız öz hərbçilərimizə deyil, qarşı tərəfin əsgərlərinə münasibətdə də ortaya qoyurdu. O, Ermənistan rəhbərliyinin siyasi ambisiyalarına qurban gedən, mənasız bir yol uğrunda həyatını itirən düşmən əsgərlərinin taleyinə də biganə qalmırdı.
Müzəffər Ali Baş Komandan hətta düşmən ordusunda xidmət edən gənclərin ailələrini, onları böyüdən valideynləri belə düşünürdü ki, bu da onun yüksək humanist dəyərlərə malik lider olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu mövqeyini təkcə müharibə dövründə deyil, hələ aktiv döyüşlər başlamazdan xeyli əvvəl də açıq və qətiyyətlə bəyan etmişdi.
Dövlət başçısı İlham Əliyevin "Biz heç vaxt müharibə istəmirik, biz sülh yolu ilə torpaqlarımızın azad edilməsinin tərəfdarıyıq. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması və torpaqlarımızın işğalda qalması ilə barışmayacağıq. Qarşı tərəf sülh danışıqlarına məhəl qoymazsa, işğal etdiyi ərazilərimizi xoşluqla tərk etməzsə, o zaman səbri tükənmiş xalqımız və qüdrətli ordumuz torpaqlarımızı hərbi yolla azad edəcək və ərazi bütövlüyümüzü bərpa edəcək. Bu, bizim beynəlxalq qanunlara görə təmin olunmalı hüququmuz, haqqımızdır. Bizim yolumuz haqq yoludur və biz tarixi ədaləti öz gücümüzlə bərpa etməyə qadirik. Əgər erməni əsgəri Azərbaycan torpaqlarında ölmək istəmirsə, o zaman Ermənistan silahlı birləşmələri qeyd-şərtsiz torpaqlarımızdan çıxmalıdır" fikirləri onun humanizm prinsiplərinə sadiqliyinin təzahürüdür. Prezidentimizin uzun illər müxtəlif beynəlxalq kürsülərdə və respublikamızda keçirilən tədbirlərdəki çıxışlarında səsləndirdiyi bu fikirlərin mayası məhz yuxarıda bəhs etdiyimiz ideyalardan yoğurulmuşdu. Dövlətimiz də, xalqımız da, ordumuz da məhz bu ideyanı əsas tutaraq, əgər düşmən sülhə razı olmazsa, "Hər şey Vətən üçün" deyərək məsələnin həllinin hərb variantına, yəni, müqəddəs vəzifənin icrası üçün döyüşə hazırlaşırdı. Ordu quruculuğu istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar, təminat və təchizatın, yeni müasir silahların arsenalımıza daxil olması da məhz bu xüsusi tapşırığın icrasına yönəlmişdi: mümkün qədər az insan itkisi ilə torpaqlarımızı işğaldan azad etmək. Bir ideya, bir amal ətrafında "Dəmir yumruq" kimi birləşən xalqımız, həmrəy olan bütün azərbaycanlılar müqəddəs vəzifənin öhdəsindən 44 günlük Vətən müharibəsində uğurla gəldilər. Haqq-ədalət zəfər çaldı və torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edilərək əsl sahibinə - Azərbaycan xalqına qaytarıldı. "Qarabağ Azərbaycandır!" şüarı ilə əzmimiz nəticə verdi, torpaqlarımız azad oldu. Bu arzu reallaşdıqca, münaqişənin həlli mümkün oldu və regionda insanların təhlükəsiz, sülh dolu, əmin-amanlıq içində, rahat və firavan yaşamaları təmin edildi, eyni zamanda, dövlətlərin iqtisadi inkişafına təkan verən yeni şərait yarandı. Fəxr edirik ki, bu yenilikləri yalnız region ölkələri deyil, dünyanın aparıcı dövlətləri də müsbət və razılıqla qarşılayıblar. Bu reallıqlar Azərbaycan Prezidentinin dövlət başçısı, həm hərbi, həm də diplomatik sahədə səriştəli lider kimi fəaliyyətinin gərgin əməyinin və möhkəm iradəsinin nəticəsidir. Vətən müharibəsinin döyüşlərindən bir neçə il keçdikdən sonra o dövr - yəni, 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən hadisələri xatırladıqda görürük ki, Prezidentimizin ən böyük nailiyyəti yalnız ərazilərimizin bir hissəsini azad etməsi deyil, həm də minlərlə insan həyatının qorunması və evlərinə sağ-salamat dönmələrinin təmin edilməsidir.
Döyüşsüz və əlavə qan tökülmədən üç rayonun azad olunması ilə Prezident İlham Əliyevin xilaskarlıq missiyası yalnız Azərbaycan Ordusunun əsgərlərinə deyil, həm də 28 ildən çox işğal altında qalmış torpaqlarımızı talan edən düşmən ordusunun şəxsi heyətinə də müsbət təsir göstərdi. Nəticədə bəlkə də on minlərlə erməni gənc sağlam şəkildə evlərinə və ailələrinə qayıda bildi. Bu hadisənin mahiyyəti və əhəmiyyəti bir sıra açıq faktlarla təsdiqlənir. Bu faktlara diqqət yetirdikdə, addımın böyüklüyü aydın şəkildə görünür.
Məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu 20 noyabr, Kəlbəcər rayonu 25 noyabr, Laçın rayonu isə 1 dekabr 2020-ci il tarixlərində döyüşsüz şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.
İşğalçılıq ən amansız müharibə, siyasət isə ən ədalətsiz döyüşdür. Hər ikisinin qanunu, qaydası yoxdur, qayəsi daha çox haqsızlıqdır. İşğalçı müharibələr haqqa xidmət etmir. Siyasi savaşlar da çox zaman haqq üçün, haqlı üçün deyil, merkantil maraqlara, şəxsi ambisiyalara, başqa xalqların haqlarını danmağa, qəsb etməyə, ya da qəsbkarları müdafiə etməyə xidmət edir.
Yer üzündə min illər ərzində baş verən müharibələr arasında isə bir savaş var ki, o döyüşdə iştirak etmək, vuruşmaq, qan tökmək, qanından və canından keçmək insana yalnız başucalığı gətirir və bu yolda həlak olanlara - şəhidlərə əbədi həyat bəxş edir. Bu da Vətən müharibəsidir.
Qırx dörd gün davam edən və xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi də bu qəbildəndir. Çünki bu müharibədə Azərbaycanın məqsədi o idi ki, tarixi ədaləti bərpa etsin, qəsb edilən haqqını geri alsın, ərazisini işğalçı düşməndən xilas etsin, insanların doğma yurd-yuvasına qayıtmasını, firavan, xoşbəxt yaşamasını təmin etsin.
Bu münaqişənin xalqımızın Qələbəsi ilə başa çatmasına nail olan Ali Baş Komandan isə müharibədə həm minlərlə insanın həyatını, həm də ölkəmizin xoşbəxt gələcəyini xilas etdi, eləcə də regionun firavanlığına və iqtisadi inkişafına əvəzolunmaz töhfələr verdi.
Zamanın hər dövründə - istər böyük, istər kiçik müharibələrdə ən böyük nailiyyət yalnız döyüşdə qalib gəlmək deyil, həm də doğru qərarlar qəbul edərək, strateji addımlar ataraq mümkün qədər çox insanın həyatını xilas etməkdir. Tarix belə liderləri həm müzəffər sərkərdə, həm də xilaskar rəhbər kimi yadda saxlayır, onların adı könüllərdə yaşayır və tarix səhifələrində əbədi qalır.
Vətən müharibəsində əldə olunan şanlı Zəfərdən sonra Ali Baş Komandan İlham Əliyev yalnız düşməni məğlub etməklə kifayətlənmədi; üç rayonun döyüşsüz azad olunması ilə minlərlə insanın həyatını xilas etdi. Vətəndaşlarının həyatını hər şeydən üstün tutan humanist lider olaraq adını tarixə yazdı və son 200 ilin ən parlaq qələbələrindən birinə imza atdı. Bu hadisə Azərbaycan xalqı üçün böyük qürur mənbəyi olmaqla, əbədi olaraq xatırlanacaqdır.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"