AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Lex qalası (bəzi mənbələrdə Lök və ya Ləv qalası) Azərbaycanın Kəlbəcər rayonunun Qanlıkənd kəndinin ərazisində yerləşir. Uca dağ zirvəsində, yerli qaya daşlarından inşa edilən qala XIII-XIV əsrlərdə müdafiə məqsədilə tikilib. Kəlbəcər rayonundakı dağ qalaları arasında ən əzəmətlisi Lex qalasıdır. Lex qalası həm də möhkəmliyi ilə diqqəti çəkir. Bu möhtəşəm qala, strateji mövqeyi və möhkəm memarlıq üslubu (Arran memarlıq məktəbi üslubunda tikilib) ilə dövrünün ən güclü müdafiə istehkamlarından biri hesab olunur. Çox maraqlıdır ki, bu qalanın adı onun öz görünüşünü bir növ ifadə edir. Yəni, "lex" və ya "lök" sözü "dəvə boynu" mənasını verir. Qalanı görənlər də təsdiq edirlər ki, karvan yolu üzərində tikilən bu qala məhz həmin o formanı özündə ehtiva edir.
Qala Qanlıkənd kəndi ərazisindəki Ləv çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunan qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 35-40 metr arasındadır.
Lex qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Ehtimal olunur ki, bu quyularda ərzaq, su və digər vacib məhsullar saxlanılırmış.
Qalanın divarları üstündə nəzarətçilərin dayanması üçün daşdan yonulmuş yerlər var. Onlar burada dayanmaqla karvan yolunu nəzarətdə saxlayıblar.
Lex qalasının üzərində yerləşdiyi və Ləv çayı istiqamətində iki böyük mağara aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür. Arxeoloqların fikrinə görə, yayda olduqca sərin, qışda isə isti olan bu mağaralar qala sakinlərinin yaşayış yeri olub.
Uzun illər boyu müharibələrə və işğallara şahidlik edən bu qala, Azərbaycan tarixinin ayrılmaz hissəsidir.
"Azərbaycan Ordusu"