AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir Azərbaycanın tarixində elə şəxsiyyətlər var ki, onların adı dövlətin, dövlətçiliyin taleyi, xalqın gələcəyi ilə bağlıdır. Xalqın təəssübünü çəkmək, onun qayğısına qalmaq, həmişə xalqın içində olmaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətə, dövlətçiliyə, azərbaycançılığa sədaqəti onun bəşəri siyasətinin təzahürüdür.
2003-cü ildən xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev həmişə cəmiyyət arasında olub və bu missiyasını indi də davam etdirir. Xalqın böyük etimadını doğruldan Prezident İlham Əliyev müstəqil Azərbaycanın güclü olmasına, inkişafına, ərazi bütövlüyünün bərpasına, milli ordunun qüdrətli bir gücə malik olmasına və ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasına nail olub. Prezident seçilərkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - demişdi... Bu kəlam, doğrudan da, tarixi gerçəklik oldu. Bu amillər göstərir ki, dövlət başçısı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında, hər bir azərbaycanlıda dövlətə ehtiram hissi formalaşdırır, Vətəni sevmək nümunəsini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi fəaliyyətini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunu müasir dövrün tələblərinə uyğun, qətiyyətli və ardıcıl şəkildə davam etdirir. Bu kursun mərkəzində güclü dövlət, yüksək rifahlı cəmiyyət və milli maraqların hər şeydən üstün tutulması prinsipi dayanır. Məhz bu prinsipial yanaşma nəticəsində Azərbaycan dünyada ən nüfuzlu dövlətlərdən biri kimi tanınır. Dövlət başçısının həyata keçirdiyi zəruri islahatlar ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmış, enerji təhlükəsizliyi sahəsində Azərbaycanı qlobal miqyasda mühüm faktora çevirmişdir.
Prezident İlham Əliyev ölkənin iqtisadi durumunu daha da gücləndirmək üçün neft-qaz strategiyasını uğurla reallaşdırdı, qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaratdı. Bu da xalqın sosial rifahının yüksəlməsinə şərait yaratdı, eyni zamanda, sosial siyasət sahəsində görülən işlər vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldi.
Dövlət başçısının ordu quruculuğu sahəsində həyata keçirdiyi zəruri islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki bazası yeniləndi, möhkəmləndi və ordu müasir silah, texnika ilə təchiz olundu. Şəxsi heyətin peşəkarlıq səviyyəsi sistemli şəkildə gücləndirildi. Hərbi qulluqçuların bilik və bacarıqları həm ölkə daxilində, həm də beynəlxalq hərbi təlimlərdə nümayiş olundu. Ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi olaraq müasir Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Qazanılan möhtəşəm tarixi Zəfər Prezident İlham Əliyevin Ali Baş Komandan kimi uzaqgörən, qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin təntənəsi oldu. Bu Zəfər həm hərbi uğur, həm də siyasi və mənəvi baxımdan Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı kimi tarixləşdi. Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin güclü iradəsini, xalqın birlik və həmrəyliyini, Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsini təsdiqlədi.
Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və xarici ölkələrin dövlət rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi. Ölkədə enerji, iqtisadiyyat, təhlükəsizlik və mədəniyyət sahələrində uğurlu nəticələr əldə olundu. Dövlətlər arasında strateji tərəfdaşlıq və çoxtərəfli əməkdaşlıq layihələri Azərbaycanın regionda və dünya arenasında əhəmiyyətli tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Bu diplomatik fəaliyyət həm də Vətən müharibəsində qazanılan tarixi Zəfərin beynəlxalq siyasi müstəvidə təsdiqi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə modernləşmiş Azərbaycan Ordusu hər zaman Vətənimizin müdafiəsindədir, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini əzmlə, qürurla qoruyur.
İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri "Böyük Qayıdış" strategiyasının real təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ bölgəsinə səfər edib və orada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olub.
2025-ci il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağa növbəti səfəri mühüm əhəmiyyət kəsb etdi. Belə ki, Qarabağda salınacaq bir neçə kəndin təməli qoyuldu, Qarabağ sakinləri üçün inşa edilən tikililərin açılışı oldu.
Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi, iqtisadi və diplomatik fəaliyyəti müasir Azərbaycanın hərb tarixinə Sərkərdə kimi yazıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti balanslı, prinsipial və milli maraqlara söykənən xətt üzərində qurulub. Azərbaycan dövləti bu siyasət sayəsində beynəlxalq münasibətlər sistemində söz sahibi olan, təşəbbüsləri ilə seçilən bir dövlətə çevrilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq səviyyədə daha da möhkəmlənib. Dövlət başçımız müasir Azərbaycanın gücünü, qətiyyətini və gələcəyə inamını təcəssüm etdirən liderdir. Onun rəhbərliyi ilə Azərbaycan dövləti yeni zirvələrə doğru inamla irəliləyir. Bu yol müstəqilliyin möhkəmlənməsi, milli maraqların qorunması və xalqın firavan gələcəyinin təmin edilməsi yoludur.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"