AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Hərb Tarixi Muzeyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirmi ikinci ildönümünə həsr olunmuş "Heydər Əliyev irsində hərb tarixi" adlı elmi seminar keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin "N" hərbi hissəsinin hərbi qulluqçuları, Milli Müdafiə Universitetinin, Bakı Hərbi Kollecinin bir qrup zabit, müəllim, kursant heyəti və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə seminarda Ulu Öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin hörmətlə yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra elmi seminarı giriş sözü ilə açan Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Elşad Pənahov çıxış edərək, adı ötən yüzilliyin ən görkəmli dövlət xadimləri sırasında fəxrlə çəkilən Heydər Əliyevin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirdi. Dahi Rəhbərin 1970-80-ci illərdə Azərbaycanı keçmiş Sovetlər İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan muzey rəisi həmin dövrdə ölkəmizin əldə etdiyi uğurları statistik rəqəmlərlə diqqətə çatdırdı. Respublika gənclərinin hərbi vətənpərvərlik tərbiyəsinə önəm verən Ulu Öndər onların Azərbaycanda və keçmiş SSR-də yerləşən ali hərbi məktəblərdə təhsil almalarına şərait yaradılması üçün hər zaman çalışdığını dedi. "Sovetlər dövründə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev azərbaycanlı gənclərin hərbi xidmətə marağının artırılması və onların ordu sıralarında ölkəmizi layiqincə təmsil etməsi üçün böyük cəsarət və zəhmət bahasına 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin paytaxt Bakımızda yaradılmasına nail olmuşdu. Bu gün Azərbaycan Ordusunda xidmət edən yüzlərlə zabit, neçə-neçə general hərbçi sənətinin əlifbasına bu məktəbdə yiyələnib. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın ərazi iddiaları və silahlı təcavüzü ilə üz-üzə qaldı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, ordu quruculuğu istiqamətində əsaslı dönüşə nail olunması, sürətli iqtisadi islahatlar aparılması, nəhəng qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın nəqliyyat və digər sahələr üzrə beynəlxalq tərəfdaşlığının genişlənməsindəki xidmətləri misilsizdir. Bu inkişaf strategiyasının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün geniş imkanlar açan qlobal nəqliyyat və iqtisadi əməkdaşlıq layihələridir. Ulu Öndərin təməlini qoyduğu inkişaf strategiyası nəticəsində dövlətçilik tariximizin Zəfər salnaməsinə yeni səhifələr yazılmaqdadır".
Muzeyin tədqiqatçı-baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, İdarəetmə Akademik kursun dinləyicisi mayor Ceyhun Əliyev çıxışlarında müdrik və uzaqgörən dövlət xadiminin cəsarətli qərarları, yüksək dövlətçilik təfəkkürü və xalqına sonsuz sevgisi ilə bugünkü müasir, müstəqil Azərbaycanın əsasını qoyduğunu, Heydər Əliyevin rəhbərliyi ilə formalaşan milli ideologiyanın, azərbaycançılıq ideologiyasının dövlətçiliyin möhkəmlənməsi və ölkəmizin davamlı inkişafında həlledici rol oynadığını qeyd etdilər. Çıxış edənlər həmçinin Ümummilli Liderin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən danışdılar. Görkəmli tarixi şəxsiyyətin dil siyasətinin milli kimliyin qorunması, ədəbi dilin inkişafı və dövlət dilinin mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdılar.
Eyni zamanda, çıxışlar zamanı bildirildi ki, 2003-cü il 12 dekabr tarixindən bizi ayıran 22 il Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinə şahidlik edir. Vətənini, torpağını, xalqını canından artıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ulu Öndər elə möhkəmtəməl yaratdı ki, onun üzərində Azərbaycan daha da möhtəşəm uğurlara, zəfərlərə imza atır. Bu gün Ümummilli Liderin ruhu şaddır. Vaxtilə onun ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması artıq reallığa çevrilib. Şəhidlərimizin qanı, canı bahasına əldə olunan Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın müstəqillik tarixini daha da zənginləşdirərək, uğur səhifələrinin sayının artmasını şərtləndirir. Ulu Öndər Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Daha sonra Ulu Öndər Heydər Əliyevin ömür yolundan bəhs edən sənədli film nümayiş olundu.
Elmi seminar çıxışlar ətrafında geniş fikir mübadiləsi ilə davam etdi.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"