AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycançılıq ideologiyası müasir Azərbaycanın ideoloji sütunudur
Ulu Öndər Heydər Əliyevin banisi olduğu bu ideologiya, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən fəaliyyətində dövlətə hörmət, Vətənə məhəbbət prinsipinə söykənir.
Dövlətçilik və vətənpərvərlik ideyalarını özündə birləşdirən azərbaycançılıq, vahid və bölünməz Vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli "mən"i ilə tanınmaq deməkdir. Azərbaycançılıq, bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün xalqların həmrəylik və anlaşma içində birgə yaşayışının və multikultural ənənələrinin tarixi təcrübəsidir.
Məlumdur ki, hər bir dövlətin dünyanın siyasi səhnəsində uzunömürlü olması, ilk növbədə, onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasından birbaşa asılıdır. Bu baxımdan azərbaycançılıq ideyası əsrlər boyu Azərbaycan üçün də taleyüklü vəzifələrdən biri hesab edilib. Buna səbəb isə Azərbaycanın ta qədim zamandan burada yaşayan çoxsaylı xalqlar üçün ana Vətən rolunu oynamasıdır. Bu müstəvidə də Azərbaycan adı coğrafi məfhum kimi lap qədim zamanlardan ortaya çıxaraq, ölkəmizin bütün ərazilərini əhatə edib.
Hələ min illər əvvəl Azərbaycan faktoru bu ərazidə yaşayan bütün xalqlar üçün birləşdirici bir məfhuma çevrilmişdi. XVI əsrdə qüdrətli dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi burada yaşayan xalqların Azərbaycan ətrafında daha sıx birləşməsində önəmli hadisəyə çevrildi.
XX əsrin əvvəlində isə bir müsəlman dövləti olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı bəxş etmiş Azərbaycan, sözügedən ideologiyanı daha da inkişaf etdirdi. Lakin sonralar, yəni sovetlər dönəmində vahid mərkəzdən idarə edilən siyasi ideologiya, 15 respublikanın milli "mən"inin inkişafına zərbə vurmaqla kifayətlənmir, "sovet xalqları" məfhumunu möhkəmləndirməkdə israrlı idi.
XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanın düşdüyü dərin böhranı təkcə Ermənistanın ölkəmizə hərbi təcavüzü, Qarabağdakı separatçı qüvvələrin özbaşınalığı ilə əlaqələndirmək sadəlövhlük olardı. Həmin dövrdə ölkədə milli-etnik münaqişə, ayrı-seçkilik tendensiyası cücərməkdə idi. Məhz bu olaylar həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini vacib bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və taleyüklü məsələnin həllini öz üzərinə götürən görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi, Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölgüçülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaranmışdır.
Müstəqilliyimizin ilk illərində də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. XX əsr ziyalılarının əsərlərində milli ideya kimi gündəmə gətirilən türkçülüyü daha da zənginləşdirmək yolu tutaraq, azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə salan Ulu Öndərin bu tarixi xidməti nəticəsində ümummilli ideya dünya azərbaycanlılarının ideologiyasına, milli birlik təliminə çevrildi. Bu baxımdan dünya şöhrətli siyasətçi Dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təməlində məhz Azərbaycan dili dayanır. Çünki azərbaycançılıq ideologiyasını Azərbaycan dili olmadan təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Heydər Əliyev: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm", - deyirdi.
Bu istiqamətdə də Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya strategiyasını formalaşdırdı. Ulu Öndər müstəqillik dövrünün siyasi konsepsiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemə saldı. Ümummilli Lider Heydər Əliyev çalışırdı ki, azərbaycançılıq ideologiyası öz təbii gücündə təzahür etsin və bunun üçün mədəni-mənəvi, ictimai-siyasi və ideoloji mühit formalaşsın. Odur ki, dilimizin, tariximizin, ədəbiyyat və mədəniyyətimizin azərbaycançılıq məfkurəsi ilə dərk olunması strategiyasını formalaşdıran Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan dilinin dövlət səviyyəsində qorunması ilə bağlı qanunvericilik bazası yaratdı. 2001-ci il avqustun 1-dən ölkəmizdə “Azərbaycan əlifbası və dili günü” kimi hər il qeyd edilməyə başlanıldı.
Ulu Öndər azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. "Dədə Qorqud" eposunun 1300 illik yubileyini keçirən və genişmiqyaslı hərəkata bütün Azərbaycan ziyalılarını səfərbər edən Ulu Öndər Heydər Əliyev eposda ifadə olunmuş milli ideyaların nə qədər əsaslı, nə qədər perspektivli və səmimi olduğunu bütün ruhu ilə duyurdu və bütün bunları azərbaycançılıq ideallarının formalaşmasında güclü vasitə kimi görürdü.
Azərbaycançılıq ideologiyası çağdaş istiqlal nəzəriyyəsidir
Ulu Öndər Heydər Əliyev azərbaycançılığın baza prinsipləri sırasında mədəniyyətin də inkişafına xüsusi önəm verirdi. Dahi şəxsiyyətin qənaətinə görə, əgər təhsil ideologiyanın təbliğidirsə, o zaman mədəniyyət təlqin vəzifəsini daşıyır. Ona görə də Ulu Öndər sənətin insan psixologiyasına təsir imkanlarından dövlət siyasətini həyata keçirərkən bacarıqla istifadə edirdi. Bununla da dünyaşöhrətli siyasətçi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına və onların dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirir, xalqı azərbaycançılıq fəlsəfəsinin təməlində dayanan ən mühüm amilə - milli-mənəvi dəyərlərin qorunmasına kökləyirdi.
Heydər Əliyev xalqın milli-mənəvi dəyərləri, millətin ruhu ilə bağlı sahələrdə azərbaycançılığın tətbiqi yollarını bacarıqla müəyyən edirdi. Məhz bu faktdan qaynaqlanaraq deyə bilərik ki, Ulu Öndərin azərbaycançılıq məfkurəsi xalqımızın qədim tarixini, onun mədəni dəyərlərini əks etdirir. Bu çərçivədə Heydər Əliyev xaricdəki həmvətənlərimizlə sistemli iş aparır, azərbaycançılığı diaspor hərəkatının aparıcı qüvvəsinə çevirirdi. Bu fəaliyyət mexanizmi isə möhkəm ideoloji istinad dayağına çevrilərək, Azərbaycan diasporunun təşkilini daha da sürətləndirdi; xaricdəki diaspor təşkilatları Azərbaycan dövlətindən aldıqları dəstək sayəsində tədricən mövcud olduqları ölkələrdə nüfuz qazanaraq ictimai-siyasi proseslərə qoşuldular.
Bununla da Heydər Əliyev azərbaycançılığı çağdaş dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı. O, hər bir azərbaycanlıda dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissini formalaşdırdı. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq aləmdə diqqət mərkəzinə çevrildi və Ulu Öndər azərbaycançılığın ən böyük təbliğatçısı kimi tarixə düşdü.
Azərbaycançılıq müasir dövrdə tarixi idealların təzahürüdür
Bu gün xalqımız məhz Heydər Əliyevin ardıcıl mübarizəsi ilə formalaşdırılan, elmi-nəzəri və praktik baxımdan komplektləşdirilən mükəmməl ideologiyaya malikdir. Azərbaycançılıq öz gücünü bütünlüklə qoruyub saxlamaqla yanaşı, inkişaf edir və müasirləşir. Prezident İlham Əliyev azərbaycançılığın inkişafı istiqamətində mükəmməl fəaliyyət nümayiş etdirir. Dövlət başçısı soydaşlarımızda vətənpərvərlik hisslərini gücləndirməklə yanaşı, xalqın tarixi ideallarının tam miqyasda reallaşması üçün mənəvi potensialı həyata keçirir və bu məsələdə azərbaycançılıqdan güclü baza kimi istifadə edir.
Dövlət başçısının fəaliyyətində azərbaycançılıq ideologiyası dövlətin iqtisadi təməlindən tutmuş daxili və xarici siyasət prinsiplərinə qədər hər bir sahədə özünü göstərir. Artıq bəhrəsini verən bu siyasət özünü 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə və uğurlu antiterror əməliyyatında təsdiqlədi. Azərbaycançılığın hakim kəsildiyi cəmiyyətimizin mərd, qəhrəman övladları Vətən uğrunda şücaət göstərərək xalqımızın nəyə qadir olduğunu bir daha sübut etdilər. Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları təmin olundu.
Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasına verdiyi töhfələrdən biri də xalqımızda dövlət atributlarına hörmət hissini formalaşdırmaqdır. Dövlət başçısı milli dövlətçilik və müstəqillik rəmzlərinin qorunması, onların məna və mahiyyətinin təbliği ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir. Bu gün dövlət atributlarımız, keçdiyimiz tarixi mərhələləri, milli ideologiyamızın əsas prinsiplərini və dövlətimizin getdiyi yolu tam mənası ilə əks etdirir. Üçrəngli bayrağımıza abidə ucaldan Prezident İlham Əliyev bununla nümayiş etdirir ki, Azərbaycanın min bir əziyyətlə qazandığı müstəqilliyi əbədi və dönməzdir, çünki onun güclü fəlsəfi bazası vardır.
Azərbaycançılıq diaspor siyasətinin aparıcı qüvvəsidir
Bu gün də azərbaycançılıq xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirilən dövlət siyasətinin aparıcı qüvvəsi olaraq qalır. Prezident İlham Əliyev bu amildən həmvətənlərimizin birliyinin təmin olunmasında, onların vahid ideya ətrafında birləşdirilməsində uğurla istifadə edir. Dövlət başçısı, banisi Ulu Öndər Heydər Əliyev olan azərbaycançılıq ideologiyasından yararlanaraq, hər bir azərbaycanlıda dövlətə hörmət hissi formalaşdırır, soydaşlarımıza Vətəni sevmək nümunəsi göstərir.
Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidenti olacağam" ifadəsi tarixi gerçəyə çevrilib. Bu amillər öz növbəsində Azərbaycan diasporunu xaricdə milli mənafe və dəyərlərimizin təmsilçisi kimi çıxış etməsinə geniş imkanlar açır. Soydaşlarımız Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşir və ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirirlər. Dünya azərbaycanlılarının birliyi isə onların yaşadıqları ölkələrdə güclü və monolit bir qüvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha mükəmməl şəkildə qorumalarına əhəmiyyətli təsir göstərir. Təsadüfi deyil ki, dünyanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında, siyasi dairələrdə azərbaycanlıların təsirini getdikcə gücləndirməyə yönələn bu proses nəticəsində bu gün öz tarixinin məsul və şərəfli mərhələsini yaşayan dünya azərbaycanlıları vahid xalqı və tarixi Vətəni şərəflə təmsil edirlər.
Azərbaycanlılar dünyanın bütün ölkələrində milli mədəniyyətin, dilin, adət-ənənələrin layiqli davamçıları kimi çıxış edərək, bu dəyərlərin gənc nəslə ötürülməsini Vətən qarşısında müqəddəs borca çeviriblər.
Beləliklə, dövlətimizin qətiyyətli və uzaqgörən rəhbəri, Müzəffər Ali Baş Komandanı olan İlham Əliyev çalışır ki, harada yaşamasından asılı olmayaraq azərbaycanlılar, ilk növbədə, öz milli kimliyini dərk edib qorusun, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini, tarixini, yaşatsın və inkişaf etdirsinlər. Dövlət başçısı vurğulayır ki, hər bir xalqın mövcudluğunun ideoloji-siyasi və mənəvi təməl prinsipi olan bu meyarlar hər zaman diqqətdə saxlanılmalıdır. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından bəlkə də ən mühüm şərtdir. Çünki zəngin irsi ilə dünyanın ən qədim etnoslarından biri kimi tanınan azərbaycanlılar haqqında dünyada obyektiv rəyin formalaşdırılması, məhz bu prinsiplərə riayət olunmasından keçir və təbii ki, bu prosesdə soydaşlarımızın qürur mənbəyi olan azərbaycançılıq ideologiyası daha da zənginləşir. O, zənginləşdikcə millətimiz də ucalır, Vətənə, xalqa məhəbbət, doğma torpağa sədaqət hissi hər bir soydaşımızın qəlbində əbədi ünvan salır.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"