AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanda, eləcə də regionda və dünyada XX əsrin sonlarından etibarən baş verən hadisələr göstərdi ki, müstəqilliyin qorunması və dövlətin beynəlxalq aləmdə nüfuz qazanması heç də təsadüfi proses deyil. Bu, məqsədyönlü, ardıcıl və çoxşaxəli fəaliyyətin nəticəsidir. Mübarizə deyərkən yalnız hərbi qarşıdurma ağıla gəlməməlidir. Dövlətin suverenliyini və azadlığını təmin etmək üçün düzgün siyasi strategiyanın hazırlanması, bu strategiyanın real şəraitə uyğun şəkildə həyata keçirilməsi də bu mübarizənin əsas amillərindəndir. Həmçinin milli maraqları önə çəkən iqtisadi inkişafın təmin edilməsi, cəmiyyətdə özünəinamın gücləndirilməsi, o cümlədən, ölkənin daxili siyasi, iqtisadi, ictimai və hərbi sabitliyin möhkəmləndirilməsi də vacib şərtlərdən biri hesab olunur. Bunlarla yanaşı, əsaslandırılmış xarici siyasətin yürüdülməsi də böyük əhəmiyyət kəsb edir. Sadalanan bütün bu addımların kompleks şəkildə icrası və ardıcıllıqla həyata keçirilməsi də mübarizənin vacib formalarından biridir.
Bu kimi taleyüklü məsələlərin uğurla reallaşdırılması isə mövcud tarixi şəraitdən, əlverişli mühitin olub-olmamasından, regional və qlobal proseslərdən, həmçinin obyektiv və subyektiv amillərdən asılı olaraq xüsusi diqqət, peşəkarlıq və məsuliyyət tələb edir. Dünya təcrübəsi, eləcə də tarixi faktlar bir daha onu təsdiq edir ki, ölkələr məhz həmin mürəkkəb vəzifələrin öhdəsindən daha dəqiq və məqsədyönlü şəkildə gələndə inkişaf və sabitlik əldə edirlər. Bu prosesdə dövlət rəhbərliyinin, qətiyyətli liderin rolu xüsusilə böyükdür və tarix göstərir ki, görkəmli siyasi liderlər öz xalqlarının taleyində həlledici rol oynaya bilirlər.
Məhz belə liderlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də adı çəkilir. O, xalqının ən çətin dönəmlərində məsuliyyəti öz üzərinə götürərək, dövlətçilik ənənələrinin bərpası və qorunması istiqamətində misilsiz xidmətlər göstərib. Heydər Əliyevin həm sovet dövründəki fəaliyyəti, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etməsi, onun ölkənin inkişafında oynadığı əvəzsiz rolu bunu bir daha təsdiq edir. Sovet dövründə Azərbaycanı yüksək inkişaf səviyyəsinə çatdıran Ulu Öndər Heydər Əliyev XX əsrin sonlarında müstəqil Azərbaycan dövlətinin qurulmasının və möhkəmləndirilməsinin əsasını qoyaraq ölkəni yeni inkişaf mərhələsinə yüksəltdi.
Ulu Öndər Heydər Əliyevi digər siyasi xadimlərdən fərqləndirən xüsusiyyətləri çox idi. Ən mühüm cəhət ondan ibarət idi ki, o, ən çətin şəraitdə belə bir çoxlarının görə bilmədiyi ən uyğun və təsirli qərarları verə bilir, qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə icrasına nail olmağı bacarırdı. Bu cür keyfiyyət həm dərin nəzəri hazırlıq, həm də uzun illər ərzində formalaşmış zəngin siyasi təcrübə tələb edir. Ən sadə müşahidə belə onu göstərir ki, Əbədiyaşar Komandan Heydər Əliyev bu xüsusiyyətlərlə yanaşı, güclü siyasi instinktə, incə duyuma və uzaqgörənlik qabiliyyətinə malik idi. Onun geniş dövlət idarəçiliyi təcrübəsi analitik düşüncə tərzi ilə birləşərək onu dünya miqyasında seçilən nadir dövlət xadimləri sırasına çıxarırdı. Heydər Əliyev siyasət sənətini peşəkarlıq səviyyəsinə qaldıran şəxsiyyətlərdən biri kimi tanınırdı və bu fakt beynəlxalq siyasi xadimlər tərəfindən dəfələrlə etiraf olunmuşdur.
Müstəqil Azərbaycan dövlətinin qurulması prosesində, həmçinin hərbi təhlükəsizliyin təmin edilməsində Heydər Əliyevin gördüyü işlər onun böyük siyasətçi və təşkilatçı olduğunu bir daha nümayiş etdirir. Müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başladığı ilk günlərdən o, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağın, ölkənin bütün imkan və resurslarını bu məqsədlərə yönəltməyin, hərbi təhlükəsizliyi təmin edəcək siyasəti ardıcıl şəkildə həyata keçirməyin əsas şərtinin, ölkədə sabitliyin bərqərar olunması və xalqın ümummilli məqsədlər ətrafında birləşdirilməsi olduğunu ortaya qoydu. O dövrdə ölkə daxilində mövcud olan qarışıqlığın aradan qaldırılması, vətəndaş həmrəyliyinin formalaşdırılması və ictimai-siyasi tarazlığın yaradılması Dahi Lider Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi.
Hər bir xalqın böyük əksəriyyəti üçün daxili sabitlik və təhlükəsizlik həyati əhəmiyyət daşıyır. Lakin bu sabitliyi təmin etmək, ölkədə quruculuq proseslərinə, o cümlədən ordu quruculuğuna şərait yaratmaq yalnız əsaslandırılmış və düzgün dövlət siyasəti ilə mümkündür. Əbədiyaşar Komandan Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi tədbirlər bu zərurətin real təzahürü idi. Onun siyasi fəaliyyəti göstərdi ki, mürəkkəb tarixi şəraitdə daxili hərbi-siyasi sabitliyin yaradılması böyük iradə, ardıcıllıq və təcrübə tələb edir və bu cür ağır vəzifələrin öhdəsindən yalnız Ümummilli Lider Heydər Əliyev kimi nüfuzlu və qətiyyətli dövlət xadimləri gələ bilərlər.
Dahi Lider Heydər Əliyev cəmiyyətdə ictimai-siyasi sabitliyin və birliyin yaradılmasına xüsusi önəm verən lider idi. O, Azərbaycana rəhbərliyə başladığı ilk gündən fəaliyyətinin əsas istiqamətini məhz bu məsələnin həllinə yönəltdi. Xalqın müxtəlif siyasi qütblərə parçalanmasını, vətəndaşların bir-birinə qarşı düşmən mövqeyində dayanmasını erməni təcavüzünə qarşı mübarizədə ciddi maneə hesab edir, daxili qarşıdurmalar aradan qaldırılmadan güclü ordu qurmağın və ölkəni etibarlı şəkildə müdafiə etməyin qeyri-mümkün olduğunu vurğulayırdı.
1993-cü ilin yayında Gəncə və Lənkəranda baş verən hadisələrin, 1994 və 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısının alınması Heydər Əliyevin böyük dövlət rəhbəri olduğunu bir daha nümayiş etdirdi. Bu qərarlı addımlar ölkədə sabitliyin bərpasına, xalqın vahid məqsəd ətrafında daha sıx birləşməsinə və müdafiə sisteminin möhkəmlənməsinə şərait yaratdı. Onun fəaliyyəti bir daha göstərdi ki, ordu quruculuğu kimi strateji əhəmiyyətli bir məsələ ilk növbədə ümummilli həmrəylikdən və cəmiyyətin yekdil mövqeyindən asılıdır.
Dövlət quruculuğunun digər sahələri kimi, ordu quruculuğunda da Heydər Əliyevin şəxsi keyfiyyətləri həlledici rol oynadı. O, Bakıya dəvət olunduğu vaxt Azərbaycan Ordusu dərin böhran vəziyyətində idi. Orduda nə rəhbərlik sistemi mövcud idi, nə də quruculuqla bağlı aydın dövlət strategiyası; dövlət və ordu arasında ciddi uçurum yaranmışdı, ordu siyasi proseslərə qatılmış, bölünmələr baş vermiş, daxildə nizamsızlıq və qanunsuzluq hökm sürmüş, sovet ordusundan qalan hərbi əmlakın böyük hissəsi məhv edilmiş, çağırış prosesi nəzarətsiz qalmış, döyüş qabiliyyəti zəifləyərək lazımi tələblərə cavab verməmiş, vahid komandanlıq sistemi isə ümumiyyətlə, formalaşdırılmamışdı.
Bu çatışmazlıqların siyahısını daha da uzatmaq mümkün idi, lakin ən əsas məsələ ondan ibarət idi ki, cəmiyyətdə ordu quruculuğu ilə bağlı son dərəcə pessimist bir ovqat hökm sürürdü. Bu ümidsizlik isə ordunun inkişafına və onun mövcudluğuna birbaşa mənfi təsir göstərirdi. Ölkə daxilində dərinləşən qeyri-sabitlik də hərbi sahədə irəliyə doğru ciddi bir addım atıla biləcəyinə dair inamı xeyli zəiflədirdi.
Məhz belə bir mürəkkəb və təhlükəli şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. O, ölkəni tədricən böhrandan çıxarmağa başladı və qısa bir tarixi dövr ərzində Azərbaycanın hərbi təhlükəsizliyini təmin edə biləcək real gücün formalaşdırılmasına nail oldu.
Onun fəaliyyəti bir daha sübut etdi ki, ordu quruculuğuna rəhbərlik edən dövlət başçısı təşəbbüskar, ardıcıl, qətiyyətli, prinsipial və yorulmaz olmalıdır. Bu xüsusiyyətlərin uğurlu şəkildə uzlaşdırılması isə prosesin səmərəliliyini daha da artırır.
Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində Ulu Öndərin atdığı ilk addımlar Naxçıvan dövrünə təsadüf edir. O dövrdə muxtar respublikada fəaliyyət göstərməsi bir daha sübut etdi ki, məqsədyönlü və milli maraqları əsas alan siyasət hətta ən çətin tapşırıqları belə yerinə yetirməyə imkan verir. Dahi Lider Heydər Əliyev həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini təşkil etdi, həm də burada milli hərbi hissənin sağlam təməllər üzərində qurulmasına nail olaraq ölkənin digər siyasi qüvvələrinə də dövlətçilik nümunəsi göstərdi. Onun parlaq zəkası və bənzərsiz təşkilatçılıq bacarığı bu prosesin uğur qazanmasında əsas rol oynadı.
Əbədiyaşar Komandan Heydər Əliyev ordu quruculuğunun səmərəli olmasının əsas şərtlərindən birini xalqla birliyə arxalanmaqda görürdü. O, xalqın gücünün hər cür təzyiq və maneədən üstün olduğunu vurğulayır, fəaliyyətində də ən böyük dəstəyi məhz xalqın etimadında tapırdı. Ölkə həyatının ən ciddi məsələlərinin həllində həmişə xalqın birliyinə güvənir, mürəkkəb və həlledici anlarda isə insanları milli maraqlar naminə səfərbər etməyi bacarırdı.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslarla yenidən təşkili və qısa müddətdə müasir ordunun formalaşdırılmasının kökündə də Ümummilli Liderin bütün xalqı bu prosesə səfərbər etməsi dayanırdı. Ölkənin dərin siyasi böhrandan çıxarılması necə ki, adi halda inanılması çətin olan bir dönüş kimi görünürdüsə, ordunun dağılmaq təhlükəsindən qurtarılması da buna bənzər bir nailiyyət idi. Müdafiə sahəsində mövcud olan çoxsaylı və müxtəlif problemlər bəzən ən gözlənilməz addımlar atmağı tələb edirdi. Bununla belə, bütün bu çətinliklər mərhələ-mərhələ aradan qaldırıldı.
Əbədiyaşar Komandan Heydər Əliyev ordunun bərpasında da böyük bir dönüş yaratdı - Azərbaycan Ordusunu dağılmaqdan xilas etdi, qısa zaman ərzində güclü, nizamlı və təşkilatlanmış hərbi qüvvəyə çevirdi. O, ordu quruculuğuna yeni bir yanaşma gətirdi və bugünkü Azərbaycan Ordusunu ölkənin müstəqilliyinin ən mühüm dayaqlarından birinə çevirməyə nail oldu.
Nəticədə xalqın iradəsi, mübarizlik ruhu və dönməzliyi orduya da öz təsirini göstərdi. Şəxsi heyətin mənəvi durumunda ciddi yüksəliş baş verdi, orduda sağlam psixoloji mühit formalaşdı. Yeni ehtiyat bölmələri yaradılaraq cəbhə xəttinə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial təminatı sahəsində canlanma müşahidə olundu.
Ümumilikdə, Dahi Şəxsiyyət Heydər Əliyev ordu quruculuğu sahəsində cəmiyyətdə tamamilə yeni düşüncə mühiti yaratdı. İnsanların hərbi xidmətə baxışında müsbət dəyişikliklər meydana gəldi, əvvəlki dövrlərdə mövcud olan etimadsızlıq və ordunun ayrı-ayrı qruplarının fəaliyyətindən doğan narahatlıq aradan qalxdı. Ordu ilə xalqın ayrılmaz bir bütöv olduğu fikri cəmiyyətdə möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət nəticəsində cəmiyyətdə orduya etibar bərpa olundu; xalq ordunu özünün tərkib hissəsi kimi qəbul etdi və orduya qayğı ümummilli dəyərə çevrildi. Ordunun vahid komandanlıq altında birləşməsi isə xalqın iradəsini əks etdirərək, onu erməni təcavüzünə qarşı mübarizəyə səfərbər etdi.
Ordu quruculuğunda yeni mərhələnin başlanması Əbədiyaşar Komandan Heydər Əliyevin 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa etdiyi müraciətlə gerçəkləşdi. Prezident seçilməsindən cəmi bir ay sonra səsləndirilmiş bu müraciət bir tərəfdən, sağlam ordu quruculuğunun əsas prinsiplərini və bu sahədə dövlətin qarşısında duran mühüm vəzifələri müəyyənləşdirən konseptual proqram kimi çıxış edirdi, digər tərəfdən isə onun xalqa ünvanladığı ciddi bir çağırış idi. Bu çağırış cəmiyyətin bütün təbəqələri tərəfindən böyük dəstək gördü və xalqın mövcud potensialı ordu quruculuğu istiqamətində səfərbər olundu. Dahi Şəxsiyyət Heydər Əliyev dövlətçilik təfəkkürünün genişliyi ilə xalqın gücünü bu mühüm sahəyə yönləndirməyə nail oldu.
Ulu Öndər ağsaqqallara, ziyalılara, mədəniyyət və incəsənət xadimlərinə, dini icma rəhbərlərinə və iş adamlarına müraciət edərək onları orduya daha yaxından dəstək göstərməyə çağırdı. Xalqın Ümummilli Lideri hərbi qulluqçuların döyüş ruhunun yüksəldilməsinə yardım etməyin, eyni zamanda orduda mövcud olan qanunsuzluqlara, xüsusilə də hərbi xidmətdən yayınma hallarına qarşı qəti mövqe sərgiləməyin vacibliyini vurğuladı. Dahi Şəxsiyyət həmçinin hərbi strukturlarda yayılmış neqativ hallarla mübarizənin gücləndirilməsini xüsusi qeyd edirdi.
Bu baxımdan Ümummilli Lider çağırış-səfərbərlik prosesinin düzgün və şəffaf şəkildə təşkil olunmasını olduqca mühüm sayırdı. Onun fikrincə, bu iş yalnız hərbi komissarlıqların və müvafiq qurumların deyil, bütün dövlət və hakimiyyət orqanlarının üzərinə düşən ciddi bir vəzifə idi.
İstər səfərbərlik sahəsində, istərsə də ümumilikdə ordu quruculuğunda mövcud çatışmazlıqların aradan qaldırılmasında kadrların düzgün hazırlanması, seçilməsi və yerləşdirilməsi Ulu Öndərin xüsusi əhəmiyyət verdiyi əsas məsələlərdən biri idi. Əbədiyaşar Komandan Heydər Əliyev dəfələrlə hərbi hissələrə səfərlər edərək oradakı xidmət şəraiti ilə yaxından tanış olur, əsgər və zabitlərin problemlərini öyrənir, onların qayğılarına həssaslıqla yanaşırdı. Peşəkar hazırlıqla yanaşı, mənəvi təmizlik, əqidə möhkəmliyi və vəzifəyə sədaqəti zabit heyətinin başlıca xüsusiyyətləri kimi qiymətləndirir, bu keyfiyyətlərin formalaşdırılmasını isə ordu quruculuğunun ən vacib istiqamətlərindən biri hesab edirdi.
Ordu quruculuğuna göstərilən diqqət atəşkəs əldə edildikdən sonra da gücləndi. Əksinə, Əbədiyaşar Komandan Heydər Əliyev yaranmış sülh şəraitini hərbi quruculuğu daha da sürətləndirmək üçün əlverişli fürsət kimi dəyərləndirdi. Ulu Öndər qəti şəkildə vurğulayırdı ki, Azərbaycanda ordu quruculuğu müvəqqəti kampaniya xarakteri daşımamalıdır. Ordu dövlət müstəqilliyinin əsas rəmzlərindən biridir və buna görə də bu sahədə işlər fasiləsiz və ardıcıl aparılmalıdır.
Ordu quruculuğunun səmərəli şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev atəşkəs dövründə dövlətin uzunmüddətli strateji xəttini müəyyənləşdirdi, milli hərbi kadrların yetişdirilməsi üçün yüksək səviyyəli hərbi təhsil sistemi yaratdı. Ordunun maddi-texniki bazasının gücləndirilməsi və yenilənməsi isə xüsusi diqqət mərkəzində oldu.
Azərbaycan dövlətinə rəhbərlik edən Heydər Əliyevin fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsizliyinin möhkəmləndirilməsində ölkənin xarici siyasət kursu xüsusi rol oynayır. Məhz buna görə də xalqın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının dağıdılması, ölkəyə qarşı həyata keçirilən hərbi təcavüzün qarşısının alınması və Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində müdafiə olunması üçün Heydər Əliyev yeni xarici siyasət xətti formalaşdırdı. Əvvəlki illərlə müqayisədə bu diplomatiya xətti tamamilə xalqın və dövlətin maraqlarına uyğunlaşdırıldı, əsassız birtərəfli yanaşmalara son qoyuldu, regionda təsir gücünə malik böyük dövlətlərin maraqlarının uzlaşdırılmasına çalışıldı. Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumatlar beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırıldı. Bütün bunların nəticəsində aparıcı dövlətlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinə real və praktik dəstək göstərilməyə başlandı.
Azərbaycan Ordusunun faktiki səviyyəsi göstərir ki, ordu quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasət tamamilə düzgün və məqsədəuyğundur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin siyasəti uğurla davam etdirir, nəticədə Azərbaycan Ordusu yalnız regionda deyil, eyni zamanda, dünyanın ən müasir orduları sırasında öz mövqeyini qoruyub saxlayır. Heç də təsadüfi deyil ki, Dahi Şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünya orduları arasında güclü mövqe tutur.
"Dövlət xalq üçündür" deyən Ümummilli Lider Heydər Əliyev hər zaman xalqının yanında olan, dövlətini qoruyan şəxsiyyətlərdən biri olub. Onun bu kimi üstünlüklərinə görə də xalq onu hər zaman dəstəkləyirdi.
Dahi Lider Heydər Əliyevin dərin məzmunlu fikirləri bir daha göstərir ki, güclü ordu yalnız hərbi qüdrətin deyil, həm də milli birliyin, dövlətçilik iradəsinin və azərbaycançılıq ideyasının təcəssümüdür. Müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişafı uğrunda atılan hər bir addım dünya azərbaycanlılarının tarixi haqlarının təmin edilməsi naminə görülən bütün işlər ordumuzun etibarlı dayağı ilə daha da möhkəmlənir.
Bu müqəddəs məqsədləri daha da inkişaf etdirmək üçün biz müstəqil dövlətimizin ətrafında daha da sıx birləşməli, azərbaycançılıq məfkurəsini yaşadaraq onu gələcək nəsillərə ötürməliyik. Güclü dövlət, qüdrətli ordu və birliyə söykənən xalq Azərbaycanın sabahının ən möhkəm təminatıdır.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"