AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Kəngərli rayonunun Qabıllı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin şəhadətinin 5-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidin müqəddəs məzarı önündə təşkil olunmuş tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid valideynləri Vətən müharibəsi iştirakçıları, polis əməkdaşları, hərbi qulluqçular və kənd sakinləri iştirak ediblər. Anım tədbiri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dini İcmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib. Tədbirdə Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edib. İcra başçısı öz çıxışına şəhid İbrahim Əliyevin keçdiyi şərəfli ömür yolunun xatırlanması ilə başlayıb, onun Vətənə, xalqa bağlılığını, misilsiz cəsarətini və igidliyi vurğulayıb. Başçı qeyd edib ki, İbrahim Əliyev kimi igid oğullarımız məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin memarlarıdır. Şəhidlərimiz müqəddəs borclarını yerinə yetirib, Azərbaycanın ərazi bütövlüyünü bərpa ediblər. "Bu tarixi Qələbə, İbrahim Əliyev başda olmaqla bütün şəhidlərimizin qanı və canı bahasına, həmçinin döyüş iştirakçılarının fədakarlığı sayəsində əldə edilmişdir. Bu gün biz məhz onların sayəsində müstəqil və suveren ölkədə rahat və əmin-amanlıq içində yaşayırıq", - deyə rayon rəhbəri bildirib. Sonda Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək diqqət və hərtərəfli qayğını xüsusi olaraq nəzərə çatdırıb. Daha sonra anım tədbirində şəhid ataları, anaları və döyüş iştirakçıları çıxış edərək, İbrahim Əliyev haqqında xatirələrini bölüşüblər, Vətən uğrunda şəhid olmaq zirvəsinin şərəfindən bəhs ediblər. Məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Sonda tədbir iştirakçıları Qabıllı kəndindəki şəhidlərin məzarlarını ziyarət edərək, onların üzərinə tər qərənfillər düzüblər.
Əliyev İbrahim Mustafa oğlu 17 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qabıllı kəndində doğulub. 2014-cü ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin, 2018-ci ildə Bakıda AAHM-in (indiki Heydər Əliyev adına Hərbi İnstitut) məzunu olub. Həmin ildən Goranboyda "N" hərbi hissəsində tağım komandiri kimi xidmətə başlayıb. İbrahimin işinə bağlılığı, sevgisi onu 2019-cu ilin noyabr və 2020-ci ilin mart ayları arasında Türkiyədə təhsil almağa qədər aparıb. O, Vətənə qayıtdıqdan sonra bölük komandiri vəzifəsində xidmətini davam etdirib. Xidmət illərində hərbi hissə rəhbərliyi tərəfindən təltif olunub. O, 3 bacının bir qardaşı, evin son beşiyi idi. Nişanlı idi. İlk gündən Vətən müharibəsinə yollanmış, döyüşə ilk başlayanlardan biri olmuşdu. Gülüstan dərəsi İncə çay istiqamətində düşmən postunu ələ keçiriblər. Sonradan snayperdən açılan atəş nəticəsində sentyabrın 29-da şəhadətə yüksəlib. Onun cənazəsi dekabrın 5-də ailəsinə təhvil verilib, dekabrın 7-də doğma kəndi Qabıllıda torpağa tapşırılıb. İbrahim 26 sentyabrda nişanlısı, dostu, qohumları və valideynləri ilə əlaqə saxlayıb. Nişanlısına yazdığı son mesajla vidalaşaraq, onu çox sevdiyini deyib. Dostu Fəxriyə isə ehtiyatlı və möhkəm olmağını tapşırıb. Aşağı Ağcakənddə yaşadığı evin sahibinə "qapıya bayraq asın!" - deyərək sanki şəhid olacağının xəbərini əvvəlcədən vermişdi. Atasından halallıq istəyib, bəlkə son danışıqları olacağını bildirib. Elə də olub. Atasına "mən zəng vurana qədər anamı mənə zəng vurmağa qoyma!" - deyib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Ruhu şad olsun!
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi