AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sıra hazırlığı əsgərlərin vahid, nizamlı bir qüvvə kimi fəaliyyət göstərməsini təmin edən qədim bir tətbiqdir. Onun əsas məqsədi intizamı aşılamaq, komandirlərin əmrlərinin dəqiq və dərhal yerinə yetirilməsini təmin etməkdir. Tarix boyu sıra hazırlığı orduların strukturuna və ehtiyaclarına uyğun olaraq inkişaf etmişdir.
Qədim Roma legionları, Qədim Yunan Falanqaları və ya qədim Çin orduları kimi nizami hərbi birləşmələr kütləvi hərəkətləri və döyüş manevrlərini koordinasiya etmək üçün müəyyən edilmiş qaydalara əməl edirdilər. Bu qaydalar bugünkü sıra hazırlığının ilk nümunələri idi. Odlu silahların yaranması və inkişafı sıra hazırlığının əhəmiyyətini daha da artırdı. XVII-XIX əsrlərdə Avropa orduları (xüsusilə Prussiya ordusu) döyüş meydanında cərgələrdə sürətli və nizamlı hərəkət etmək, silahları eyni vaxtda doldurub atəş açmaq üçün dəqiq təlimlərə ehtiyac duyurdular. Bu dövrdə sıra hazırlığı hərbi təlimin əsasını təşkil edirdi.
XX əsrdə hərbi texnikanın (tanklar, təyyarələr) və səngər müharibəsi taktikalarının yaranması ilə cəbhə xəttindəki sıx cərgələrin əhəmiyyəti azalsa da, sıra hazırlığı tamamilə aradan qalxmadı. O, hərbi intizamın formalaşmasında, əsgərlərin fiziki və psixoloji cəhətdən hazırlamaqda, komanda hissini gücləndirməkdə əsas vasitə olaraq qaldı. Azərbaycanın hərb tarixində, qədim dövlətlərdən başlayaraq müasir müstəqil orduya qədər, hər zaman intizam və hərbi qaydalara əməl olunmuşdur. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrində sıra hazırlığı hərbi nizamnamələrlə tənzimlənir və döyüş hazırlığının, eləcə də rəsmi mərasimlərin ayrılmaz bir hissəsidir.
Sıra hazırlığı hər bir ordunun, o cümlədən Azərbaycan Ordusunun hərbi intizamının və döyüş hazırlığının ən vacib tərkib hissələrindən biridir. Bu, sadəcə fiziki bir məşğələ deyil, hərbi qulluqçularda yüksək intizam, birlik, çeviklik və koordinasiya vərdişlərini formalaşdıran fundamental təlimdir.
Sıra hazırlığının əsas məqsədi şəxsi heyətini Sıra nizamnaməsinə uyğun olaraq düzülməyə, sinxron hərəkət etməyə və komandaları dərhal, dəqiq yerinə yetirməyi öyrətməkdir. Bu prosesə nizami duruş və yeriş, yəni sırada vəzifələri bilmə, sıra və səfər addımları ilə hərəkətetmə bacarıqları daxildir. Həmçinin, yerində və hərəkətdə dönmələr, rəisə yaxınlaşma və hərbi salamlaşma kimi sıra fəndləri öyrədilir. Bölmələrin piyada və ya nəqliyyat vasitələrində nizamla hərəkət etməsi bacarığının inkişafı da sıra hazırlığının mühüm hissəsidir. Sıra hazırlığının əhəmiyyəti hərbi xidmətin gündəlik fəaliyyətindən döyüş şəraitinə qədər genişdir və şəxsi heyətin əmrlərə dərhal cavabvermə və qüsursuz icraetmə bacarığını artırır və onlarla əsgərin vahid orqanizm kimi birgə hərəkət etməsini təmin edir, bu da döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün şərait yaradır. Bundan əlavə, fiziki dözümlülüyü inkişaf etdirir və hərbi qulluqçulara özlərinə inam, səliqəlilik və təmkin aşılayır. Sıra hazırlığı hərbi qulluqçunun "əlifbası" hesab edilir və digər döyüş hazırlığı fənlərinin mənimsənilməsi üçün möhkəm zəmin yaradır.
Müasir orduda intizam və düzgün hərəkət bacarığı döyüş qabiliyyətinin əsas tərkib hissələrindən sayılır. Sıra hazırlığı hər bir əsgərin xidmət zamanı intizamlı olmasını təmin edir, komandirlərin göstərişlərini dəqiqliklə yerinə yetirməyi öyrədir və kollektiv fəaliyyətin səmərəliliyini artırır. Sıra məşqləri, həmçinin şəxsi heyətin davranış vərdişlərinin formalaşmasına, məsuliyyət hissinin inkişafına və orduda vahid intizamın qorunmasına xidmət edir.
Azərbaycan Ordusunda sıra hazırlığı üzrə ciddi diqqət yetirilir. Təlim proqramları müxtəlif sıra hərəkətlərini əhatə edir, əsgərlərin komandirlərin əmrlərinə uyğunlaşmasını və birgə hərəkət bacarığını gücləndirir. Xidmət müddətində əsgər yalnız fiziki və taktiki tapşırıqları deyil, həm də intizamlı davranışı ilə nümunə göstərməli olur. Bu baxımdan sıra hazırlığı ordunun ümumi döyüş qabiliyyətinin qorunmasında mühüm rol oynayır.
"N" hərbi hissədə keçirilən sıra məşğələsi bu prosesin praktik nümunəsi oldu. Təlimə rəhbərlik edən çavuş Həsrət Zeynalov iştirakçıları salamlayaraq qeyd etdi ki, sıra hazırlığı əsgərlərin intizamını və komandirlərin göstərişlərinə riayətetmə vərdişlərini möhkəmləndirir. O, bildirdi ki, bu məşqlər həm də əsgərlərin kollektiv əməkdaşlıq bacarıqlarını inkişaf etdirir və xidmət zamanı düzgün davranış normalarının formalaşmasına kömək edir.
Məşğələ zamanı əsgərlər düzgün dayanmaq, komandir əmrlərini vaxtında yerinə yetirmək və kollektiv hərəkət etmək üzrə tapşırıqlarını icra etdilər. Çavuş Həsrət Zeynalov hər bir hərbi qulluqçuya fərdi diqqət göstərdi, səhvləri izah etdi və hərəkətlərin düzgün icrasına nəzarət etdi. Şəxsi heyətin səyləri və diqqəti məşğələnin səmərəli keçməsini təmin etdi.
Məşğələdə iştirak edən əsgərlər sıralarda intizamın vacibliyini vurğuladılar.
Əsgər Məmi Hacıyev dedi ki: “Sırada düzgün dayanmaq və komandir göstərişlərini vaxtında icra etmək xidmət zamanı əhəmiyyətli rol oynayır”.
Əsgər Kamil Alıyev isə əlavə etdi ki, bu məşqlər kollektivdə harmoniya və qarşılıqlı hörmətin yaranmasına kömək edir.
Əsgərlər Kamal Niftalıyev və Hüseyn Rzaquluyev bildirdilər ki, sıra hazırlığı əsgərin diqqətini və məsuliyyət hissini artırır. Məşqlər nəticəsində hərbi qulluqçu həm şəxsi nümunəsini göstərir, həm də komandada uyğun fəaliyyət göstərməyi öyrənir.
Sonda qeyd etmək lazımdır ki, sıra hazırlığı Azərbaycan Ordusunda intizamın və nizamlı hərəkətin əsas vasitələrindən biridir. Bu təlimlər şəxsi heyətin davranış keyfiyyətlərinin yüksəldilməsinə, kollektiv fəaliyyətin səmərəliliyinin təmin edilməsinə və orduda vahid intizamın qorunmasına xidmət edir. Sıra hazırlığı nəticəsində formalaşan məsuliyyət əsgərlərin xidmətini daha effektiv və keyfiyyətli edir, ordunun qüdrətinə mühüm töhfə verir.
Əli ABIYEV
"Azərbaycan Ordusu"