AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən Azərbaycan xalqı üçün əsrlər boyu qorunan müqəddəs dəyər, babalarımızdan miras qalan əmanətdir. Bu torpağın hər qarışı igid övladlarımızın qanı ilə sulanıb, hər daşı xalqımızın mübarizə tarixinə şahid olub. Dövlətimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü və toxunulmazlığı, eləcə də xalqımızın təhlükəsizliyi uğrunda canından keçən şəhidlərimizin ruhu bu gün də Azərbaycan Ordusunun hər bir əsgərinə güc, qətiyyət və məsuliyyət aşılayır.
Bu torpaq uğrunda şəhid olan qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında baş əyir, Vətən müharibəsində iştirak edən hər bir qardaşımızın əzmini, canını Vətən yolunda sipər edən döyüşçülərimizin fədakarlığını sonsuz ehtiramla anırıq. Məhz bu amal, Vətənə sədaqət və torpağa bağlılıq Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusunun fəaliyyətinin təməlini təşkil edir. Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçu bu müqəddəs ənənənin daşıyıcısıdır. Bu yüksək dəyərlərin yaşadıldığı şəxsi heyət arasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Həsrət Zeynalov kimi igid hərbi qulluqçular da xüsusi yer tuturlar.
Peşəkarlığı, intizamı və Vətənə sədaqəti ilə seçilən çavuş Həsrət Zeynalov 13 illik xidmət yolu boyunca özünü nümunəvi hərbi qulluqçu kimi təsdiq edib. Xidmətə başladığı gündən etibarən hərbi intizama ciddi riayət edən, döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirən çavuş Zeynalov həm komandirlərin, həm də şəxsi heyətin etimadını qazanıb.
O, ölkəmizin hərb tarixində mühüm yer tutan 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Döyüşlər zamanı göstərdiyi şücaət onun hazırlığının və peşəkarlığının bariz göstəricisi olub. Çavuş Həsrət Zeynalov 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində də fəal iştirak edərək döyüş tapşırıqlarını yüksək məsuliyyətlə icra edib, mövqelərin azad olunmasında və şəxsi heyətin təhlükəsizliyinin qorunmasında fərqlənib.
Əslində, Vətənə şərəflə xidmət edən bütün hərbi qulluqçular üçün bunlar həm borc, həm də vəzifədir. Əminliklə deyə bilərik ki, hər bir hərbi qulluqçu xidmətindən razıdır. Çünki hərbi formanı daşımağın özü elə qürurdur.
Çavuş Həsrət Zeynalovun xidmət yolu bununla məhdudlaşmır. O, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatında da iştirak edərək yüksək hazırlıq nümayiş etdirib. Döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi çeviklik və komandirlərinin əmrlərinə peşəkarcasına yanaşması onun xidmətinin ən vacib xüsusiyyətlərindəndir.
Xidmət yoldaşlarının sözlərinə görə, o, hər zaman gənc hərbi qulluqçular üçün nümunə olub, qazandığı təcrübəsini paylaşmaqdan çəkinməyib və hər bir vəziyyətdə şəxsi heyətin təhlükəsizliyini ön planda tutub.
Çavuş Həsrət Zeynalovun fəaliyyəti Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və döyüş əzmini göstərən parlaq nümunələrdən biridir. Onun Aprel döyüşlərindən başlayaraq Vətən müharibəsi və antiterror əməliyyatına qədər keçdiyi yol, göstərdiyi igidlik və fədakarlıq Azərbaycan əsgərinin sarsılmaz iradəsinin təcəssümüdür.
Bu gün ordumuzun hər bir uğuru belə oğulların iradəsinə, qətiyyətinə və dönməz xidmətinə söykənir. Onların şərəfli yolu Azərbaycan Respublikasının müdafiəsinin daim təmin olunacağına olan inamı daha da möhkəmləndirir.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"